Bu gün paytaxt Bakıda bəddi gimnastika üzrə FIG Dünya kuboku mərhələsinə start verilib. Milli Gimnastika Arenasında keçirilən yarışlarda 19 ölkədən 92 gimnast iştirak edir.
Aprelin 28-də Dünya kubokunun təntənəli açılış mərasimi keçirildi. Mərasimi giriş sözü ilə Azərbaycan gənclər və idman naziri Azad Rəhimov açıq elan etdi.
Azad Rəhimov yarış iştirakçılarını və qonaqları salamlayaraq ölkəmizin bu mötəbər tədbirə ev sahibliyi etməsindən məmnun olduğunu bildirdi. Nazir bildirdi ki, Azərbaycan qısa müddət ərzində batut və idman gimnastikası üzrə FİG Dünya kubokuna uğurla ev sahibliyi edib. Bu gün isə Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FİG Dünya kuboku yarışlarına start verilib: "Azərbaycanda gimnastika idman növü ölkənin birinci xanımı, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində yüksək səviyyədə inkişaf edib. Ölkəmizdə bədii gimnastika növü xüsusilə sevilir. Belə yarışların təşkili idmançıların təcrübə qazanmalarında böyük rol oynayır”.
Azad Rəhimov çıxışının sonunda idman ictimaiyyəti adından ölkə idmanının inkişafına göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirdi.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra mərasim bədii hissə ilə başa çatdı.
Gimnastlar maraqlı kompozisiya nümayiş etdirdilər. Kompozisiyada 200-ə yaxın uşaq, yeniyetmə və gənc gimnast iştirak etdi.
Açılış mərasimindən sonra gimnastlar çıxışına davam etdilər.