Dünən paytaxt Bakıda bədii gimnastika üzrə FIG Dünya kuboku mərhələsinə start verilib.
Milli Gimnastika Arenasında keçirilən yarışlarda 19 ölkədən 92 gimnast iştirak edir. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.
"Olimpnews.az” xəbər verir ki, dünənki günün nəticələrinə görə, halqa və topla fərdi çıxışlarda finalçılar bəlli olub. Belə ki, halqa ilə hərəkətlərdə finala Rusiya təmsilçiləri Aleksandra Soldatova və Arina Averina, israilli Nikol Zelikman və Viktoriya Filanovski, ABŞ gimnastları Evita Qriskenas və Kamilla Fili, belaruslu Alina Harnasko və Bolqarıstan nümayəndəsi Neviana Vladinova çıxıblar.
Azərbaycanlı gimnast Zöhrə Ağamirova 16,150 xalla 10-cu yer tutub və ikinci ehtiyat finalçı olub.
Topla hərəkətlərdə finala rusiyalı Aleksandra Soldatova və Arina Averina, belaruslu Alina Harnasko, Bolqarıstan nümayəndəsi Neviana Vladinova, rumıniyalı gimnast Ana Luiza Florianu, israilli Viktoriya Filanovski, gürcüstanlı Natella Bolatayeva və fransalı Kseniya Mustafayeva çıxıb.
Azərbaycanlı gimnastlar arasında ən yaxşı nəticəni Jalə Piriyeva göstərib. Gimnastımız 14-cü yer tutub.