Avropa çempionatında iştirak edəcək yunan-Roma üzrə heyət açıqlanıb

Avropa çempionatında iştirak edəcək yunan-Roma üzrə heyət açıqlanıb



Mayın 2-7-də Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək. Çempionatında sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız də mübarizə aparacaq.

"Olimpnews.az” Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışların ilk günlərində sərbəst və qadın güləşçilər mübarizə aparacaqlar. Adıçəkilən növlər üzrə heyət açıqlandıqdan sonra yunan-Roma üzrə heyət bəlli olub.

Aprelin 28-də keçirilən məşqdən sonra Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov Avropa çempionatına yollanacaq heyəti elan edib və çempionatda ölkəmizi təmsil edəcək komandaya uğurlar arzulayıb.

Ölkəmizi bu yarışlarda yığma komandanın böyük məşqçisi Akif Əliyev və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında Taleh Məmmədov (59 kq), Sənan Süleymanov (66 kq), Həsən Əliyev (71 kq), Ruhin Mikayılov (75 kq), Emin Əhmədov (80 kq), Arif Niftullayev (85 kq), Araz Həsənov (98 kq) və Oyan Nəzəriani (130 kq) çempionatda ölkəmizi təmsil edəcək.

Proqrama əsasən, mayın 6-da 59 kq, 66 kq, 98 kq və 130 kq, son yarış günündə isə 71 kq, 75 kq, 80 kq və 85 kq çəkidə idmançılar arasında qaliblər müəyyənləşəcək.