Bakıda bədii gimnastika üzrə FIG Dünya kuboku yarışları keçirilir.
Milli Gimnastika Arenasında keçirilən yarışlarda 19 ölkədən 92 gimnast iştirak edir. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.
"Olimpnews.az” xəbər verir ki, yarışların ikinci günündə həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları çoxnövçülük üzrə təsnifat yarışlarında qüvvələrini sınayıblar.
Fərdi yarışların nəticələrinə görə, Aleksandra Soldatova (Rusiya) 36.400 xalla 1-ci yeri tutub. 35.900 xalla Arina Averina (Rusiya) 2-ci, Neviana Vladinova (Bolqarıstan) isə 35.450 xalla 3-cü pillədə yer alıblar.
Gimnastlarımız Jalə Piriyeva (30.750 xal) 17-ci, Zöhrə Ağamirova (30.000 xal) isə 20-ci pillədə qərarlaşıblar.
Qrup komandalarının yarışında Bolqarıstan komandası fərqlənib. Komanda 18.350 xalla 1-ci yeri tutub. İtaliya (18.000 xal) 2-ci, Ukrayna (17.500 xal) 3-cü olub. Azərbaycan komandası 16.400 xalla 5-ci pillədə qərarlaşıb.
Yarışların sonunda mükafatlandırma mərasimi keçirilib. Fərqlənən gimnastlara və qrup komandasına AGF Trophy mükafatı təqdim edilib.
Sabah gimnastlar kubok yarışlarının finalında yarışacaqlar.