Bakıda bədii gimnastika üzrə FIG Dünya kuboku yarışları keçirilir.
"Olimpnews.az” xəbər verir ki, yarışlara aprelin 28-də start verilib. Milli Gimnastika Arenasında keçirilən yarışlarda 19 ölkədən 92 gimnast iştirak edir. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.
Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.
Yarışların ilk iki günü təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşib.
Bu gün isə final yarışları keçirilir.
Əvvəlcə gimnastlar fərdi yarışlarda halqa, top, gürz və lentlərdə medallar uğrunda yarışacaqlar.
Sonra qrup hərəkət komandaları 5 halqa, 3 top və 2 iplə hərəkətlərdə mübarizə aparacaqlar.
Yarışın sonunda qala-konsert olacaq.
Səadət Hakıyeva