Qadın güləşçimiz 6 qat Avropa çempionu oldu

Qadın güləşçimiz 6 qat Avropa çempionu oldu



Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı keçirilir. Yarışlara mayın 2-də start verilib.

"Olimpnews.az” xəbər verir ki, turnirin ilk günü Azərbaycan pəhləvanları üçün uğurlu olub. Milli komandamız həmin gün hesabına 2 qızıl və 1 gümüş medal yazdırıb.

Qadın güləşçilərin mübarizəsində 48 kq-da çəki dərəcəsində çıxış edən Mariya Stadnik finaladək Polşa, Türkiyə və Rumıniyadan olan rəqiblərinə tam üstünlüklə qalib gəlib. Həlledici görüşdə Ukrayna idmançısı İlona Semkiv üzərində vaxtından əvvəl qələbə qazanan güləşçimiz 6-cı dəfə qitənin ən güclüsü olub.
Xatırladaq ki, Mariya bu günədək 5 dəfə (2008, 2009, 2011, 2014 və 2016-cı illərdə) Avropa çempionu, 2015-ci ildə isə birinci Avropa Oyunlarının qalibi olub.

57 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Giorgi Edişeraşvili belaruslu, fransalı və rusiyalı rəqiblərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Həlledici görüşdə təmsilçimizin rəqibi Rumıniya idmançısı olub. Rəqibinə heç bir şans verməyən Giorgi Edişeraşvili qitə çempionatının qızıl medalını qazanıb. Digər güləşçimiz Aleksandr Qostiyev də Avropa çempionatını medalla başa vurub. Güləşçimiz əvvəlcə Polşa, Ermənistan və Türkiyə idmançılarını məğlub edərək finala yüksəlib. Final yarışında Rusiya idmançısına uduzan Aleksanr Qostiyev Avropa çempionatının gümüş medalını qazanıb.