Serbiyanın Novı Sad şəhərində keçirilən Avropa çempionatına yekun vurulub. Sərbəst və qadın güləşçilərimiz qitə yarışını ümumi komanda hesabında ikinci yerdə başa vurublar.
Qadın güləşçilərimiz Avropa çempionatında 1 qızıl və 2 bürünc medala sahib olublar. Qızıl medalı komandamıza Mariya Stadnik (48 kq) qazandırıb. Güləşçimiz 6-cə dəfə Avropa çempionu tituluna layiq görülüb. Bürünc medallara isə Alyona Kolesnik (55 kq) və Tatyana Omelçenko (60 kq) sahib olublar. Bu nəticə ilə qadın güləşçilərimiz komanda hesabında 45 xalla Avropa ikincisi olublar. Rusiya 55 xalla birinci, Belarus isə 43 xalla üçüncü yeri tutub.
Sərbəst güləşçilərimiz isə çempionatı 1 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurublar. Qızıl medalı yığmamıza Giorgi Edişeraşvili (57 kq) qazandırıb. Murad Süleymanov (74 kq), Aleksandr Qostiyev (86 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) gümüş, Ruslan Dibirhacıyev (70 kq) isə bürünc medala sahib olublar. Bu nəticə ilə sərbəst güləşçilərimiz komanda hesabında 57 xalla Avropa ikincisi olublar. Rusiya 62 xalla birinci, Türkiyə isə 53 xalla üçüncü yeri tutub.