Ali təhsil ocağında ümummilli liderin yubileyi münasibətilə tədbir keçirildi

Ali təhsil ocağında ümummilli liderin yubileyi münasibətilə tədbir keçirildi




Təfəkkürlə incənəsənət özünü qol gücündə sınadı

Ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın memarıdır. Onun qurucusu olduğu azad və müstəqil Azərbaycan dünyanın qabaqcıl dövlətləri arasında yer alıb. Dövlətin təməli sağlam və savadlı gənclərlə qurulur. Ümummilli lider Heydər Əliyev zamanında bu etibarlı təməli qoya bilib. Bu gün Azərbaycan gəncliyi həm fiziki, həm də mənəvi cəhətdən çoxlarına örnəkdir. Bunun nəticəsində də Azərbaycan xalqı böyük uğurlara imza ata bilib. Gəncliksə ümummilli lideri hər zaman ehtiramla xatırlayır, onun ruhu qarışısında baş əyir.
Ümummilli lider Heydər Əliyev çıxışlarının birində bunları demişdir: "Bizim, sizin, hamımızın vəzifəsi müstəqil Azərbaycanın sağlam gəncliyini tərbiyə etmək, yetişdirməkdir. Azərbaycan gənclərini milli vətənpərvərlik ruhunda tərbiyə etməkdir, gənclərimizi bilikli etmək, müasir dünyanın əldə etdiyi nailiyyətlər səviyyəsinə qaldırmaqdır, respublikamızın gənclərini Azərbaycanda müstəqil demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu işinə cəlb etməkdir”.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi Azərbaycanda yüksək səviyyədə qeyd edilir. Ölkənin hər yerində, hər bir dövlət müəssisəsində ümummilli liderin yubileyinə həsr olunmuş idman yarışları keçirilir.
Aprelin 30-da Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri arasında qol güləşi üzrə yoldaşlıq görüşü belə tədbirlərdən biri idi. Ümummlli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə keçirilən idman tədbirində universitetin rektoru Müşviq Atakişiyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Afina-2004 Yay Olimpiya oyunlarının qızıl mükafatçısı Fərid Mansurov, Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetinin idman kafedrasının müdiri, yarışın təşkilat komitəsinin sədr müavini Cavanşir Qurbanov, Azərbaycan "Gənclik” Tələbə Elmi Cəmiyyətinin Respublika Şurasının sədri Tofiq Xanəliyev, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Gülşən Əliyeva, tələbələr və digər qonaqlar iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev dedi: "Bugünlərdə ölkəmizin hər yerində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə tədbirlər keçirilir. Azərbaycan təhsil sistemində böyük uğurları ilə özünəməxsus mövqeyi olan Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetində də bu münasibətlə bir sıra tədbirlər təşkil olunur. Bizim universitetlə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri arasında keçirilən qol gücü yarışı da bu qəbildəndir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra qısa zaman ərzində böyük yüksəliş mərhələsinə qədəm qoydu. Həmin vaxt xalqın ümid yerinə çevrilən ulu öndərimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələrək, xalqın harayına səs verdi. Məhz Heydər Əliyevin hakimiyyət dövründə ölkəmizdə hər bir sahədə çiçəklənmə baş verdi. İqtisadi, siyasi və mədəni cəhətdən inkişaf edən Azərbaycan dünyanın diqqət mərkəzinə düşdü. Hər bir sahədə olduğu kimi Azərbaycan idman sahəsində də böyük uğurlar əldə etməyə başladı. İdmançılarımız beynəlxalq miqyaslı yarış və turnirlərdə qələbələr qazandılar. Məhz Heydər Əliyevin Prezident olduğu vaxtlarda Azərbaycanın idmançıları dünyanın ən böyük idman tədbiri olan Olimpiya oyunlarında çoxsaylı mükafat qazandılar. Bu nailiyyətlər Azərbaycan idmanının şanlı səhifələrinə qızıl hərflərlə daxil olub. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü işlər ölçüyə gəlməz qədər böyükdür. Bu günsə onun işlərini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ləyaqətlə davam etdirir. Azərbaycanda insanların rifahı və xoş güzəranı üçün hər bir şərait yaradılıb. Ölkənin hər yerində tikinti, quruculuq və abadlıq işləri aparılır. Gənc nəslin fiziki və mənəvi sağlamlığı diqqətdən kənarda qalmayıb. Bu, hər birimizi sevinidirir. Buna görə ölkə başçısına öz minnətdarlığımızı bildirirəm”.
Sonra çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev dedi: "Bildiyiniz kimi, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə respublikamızın müxtəlif bölgələrində tədbirlər keçirilir. Bu gün iştirak etdiyimiz bu tədbir də bu mərama xidmət edir. Ümumiyyətlə, qeyd edim ki, uzaqgörən siyasətçi Heydər Əliyevin Azərbaycan xalqı qarışısında böyük xidmətləri olub. Onun apardığı uğurlu siyasət nəticəsində bu gün dövlətimiz hər bir sahədə yüksək nailiyyətlər əldə edib. Ümummili lider hər bir sahəyə olduğu kimi, idmana və bədən tərbiyəsinə xüsusi önəm verirdi. Bu diqqətin nəticəsində nəinki, Bakıda, eləcə də respublikanın müxtəlif regionlarında yeni idman qurğuları uşaq və yeniyetmələrin istifadəsinə verilib. Eyni zamanda ölkəmizdə Olimpiya Hərəkatının geniş vüsət alması da dahi siyasətçinin adı ilə bağlıdır. Paytaxtımızla yanaşı, bölgələrimizdə yeni Olimpiya İdman kompleksləri istifadəyə verildi. Bundan sonra ölkəmizdə idmanın kütləviliyi getdikcə artmağa başladı. İdmançılar isə onlara bəslənilən ümidləri doğruldaraq ölkəmizin qürur mənbəyi olan bayrağımızı yüksəklərə qaldırdılar. Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra Olimpiya Hərəkatı respublikamızda daha da inkişaf etdi. İdmançılarımız 4 ildən bir təşkil olunan Olimpiya oyunlarında müxtəlif növlərdə inamla çıxış etməyə başladılar. 2000-ci ildə Sidneydə təşkil olunan Olimpiya oyunlarında qazandığımız iki qızıl və bir bürünclə yeni era başladı. Hər olimpiadada əldə olunan medlların sayı artır, əyarı yüksəlir. Olimpiya idman növləri ilə yanaşı, qeyri-olimpiya idman növləri də respublikamızda diqqətdən kənarda qalmır. Bu növlərdə də təmsilçilərimiz yüksək nailiyyətlər əldə edirlər. Sözsüz ki, qazandığımız bu uğurlarda ulu öndərimizin böyük zəhməti olub.
Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə təşkil olunan bu tədbirdə iştirak etdyim üçün qürur hissi duyuram. Bu gün Elm və Təhsil Mərkəzi "Təfəkkür” universiteti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universiteti arasında qol güləşi üzrə təşkil olunan yarışda iştirak edən bütün tələbə idmançılara isə uğurlar arzulayıram”.
Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetinin idman kafedrasının müdiri, yarışın təşkilat komitəsinin sədr müavini Cavanşir Qurbanov yarışla bağlı fikirlərini bildirdi: "Şübhəsiz ki, sağlam gəncliyin əsasını bədən tərbiyəsi və idman təşkil edir. Heydər Əliyev bu məsələyə hər zaman diqqətlə yanaşırdı. Ümummilli liderin hakimiyyəti dövründə idman inkişaf mərhələsinə qədəm qoydu. Beynəlxalq arenalarda qazanılan qələbələr bunun bariz nümunəsidir. İdmançılarımızın dünyanın möhtəşəm idman arenalarında üçrəngli bayrağımızı qürurla dalğalandırması, himnimizin səsləndirilməsi böyük zəhmətin bəhrəsidir.
Bu gün bu tədbiri təşkil etməkdə əsas məqsədimiz gənclərin idmana olanı marağını artırmaq və onların asudə vaxtlarını səmərəli təşkil etməkdir. İnanırıq ki, bu yarışda qüvvələrini sınayan tələbə idmançılarımız gələcəyin peşəkar idmançıları olacaqlar”, - deyə o əlavə etdi.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxışındaulu öndərin gənclərə xüsusi qayğı ilə yanaşdığını vurğuladı. "Ümummilli lider Azərbaycan dövlətinin memarı və qurucusudur. Həyatını xalqına, vətəninə həsr edən Heydər Əliyevin Azərbaycan tarixində, demokratik və hüquqi dövlət quruculuğunda müstəsna rolu olub.
Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Xalqımızın ümummilli liderinin 90 illik yubileyi münasibətilə respublikamızın regionlarında da silsilə tədbirlər həyata keçirilir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universiteti ilə birgə təşkil etdiyi qol güləşi yarışında iştirak edən idmançılara uğurlar arzu edirəm”, - deyə o, əlavə etdi.
Afina-2004 Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı Fərid Mansurov ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə təşkil olunan bu tədbirə dəvət olunduğu üçün təşkilatçılara minnətdarlığını bildirdi: "Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universiteti mənim üçün çox doğmadır. Çünki mən də bu ali təhsil ocağının yetirməsiyəm. Ulu öndərimiz Heydər Əliyev daima idmana və idmançılara böyük diqqət ayırırdı. Onun diqqət və qayğısını bu gün də hiss edirik. Biz idmançılar onun əziz xatirəsini heç zaman unutmuruq. Bu gün təşkil olunan yarış iştirakçılarına isə uğurlar arzulayıram”.
Qonaqlar çıxışlarını bitirdikdən sonra qol güləşi üzrə yoldaşlıq görüşünə start verildi. Gərgin keçən mübarizənin sonunda Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetinin komandası Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin komandasını 5:3 hesabı ilə məğlubiyyətə uğratdı. Sonda qalib gəlmiş tələbə idmançılar mükafatlandırıldılar.
Anar Əhmədov,
Zaur Mehtiyev