Yarış iştirakçıları səmti Nabranda müəyyən edəcəklər

Yarış iştirakçıları səmti Nabranda müəyyən edəcəklər

Aprelin 30-da "İnterfaks-Azərbaycan” agentliyində Azərbaycan Respublikası İdman Səmtləşməsi Federasiyasının (ARİSF) mətbuat konfransı keçirildi.
Federasiyanın prezidenti Mirəli Kazımovun və Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenkonun iştirakı ilə keçirilən mətbuat konfransı idman səmtləşməsi üzrə keçiriləcək beynəlxalq yarışa - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyi şərəfinə təşkil olunacaq Açıq kubok yarışlarına həsr edilmişdi.
Tədbirdə çıxış edən Mirəli Kazımov bildirdi ki, mayın 10-dan 12-dək Nabranda vergilər, mədəniyyət və turizm nazirliklərinin, Dövlət Xüsusi Mühafizə Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xaçmaz rayon İcra Hakimiyyətinin, habelə Ukraynanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Gənclər və İdman Nazirliyi ilə birlikdə ölkəmizdə ilk dəfə bu idman növü üzrə beynəlxalq yarışlar təşkil ediləcək.
Ukraynanın Azərbaycandakı səfiri, İdman Səmtləşməsi Federasiyasının fəxri üzvü Aleksandr Mişşenko qeyd etdi ki, son iki ildə Azərbaycanda idman səmtləşməsi sahəsində yüksək dəyişikliklər başa verib. Səfir Heydər Əliyev adına kubok yarışlarında özünün də iştirak edəcəyini bildirdi.
Aleksandr Mişşenko onu da əlavə etdi ki, 2013-cü ilin payızında Azərbaycanda idman səmtləşməsi üzrə açıq beynəlxalq turnir keçiriləcək. Həmin yarışda Ukrayna, Türkiyə, Rumıniya və digər ölkələrin komandaları iştirak edəcəklər. "Azərbaycan tez-tez beynəlxalq miqyaslı tədbirlər keçirir. Bu, ölkəyə turistləri cəlb edən amillərdən biridir. Azərbaycanda idman səmtləşməsinin inkişaf etdirilməsi üçün əlverişli şərait vardır”, - deyə o bildirdi.
Məlumat verildi ki, yarışlar xarici mütəxəssislər tərəfindən hazırlanan üç yeni idman xəritəsi üzərində təşkil olunacaq. Hazırda Azərbaycanda 11-ə qədər belə xəritə var. Heydər Əliyev adına kubok yarışlarını Ukrayna, Rusiya və Türkiyədən olan hakimlər idarə edəcəklər. İlkin plana görə, yarışlarda Azərbaycanın müxtəlif nazirliklərini, idarələrini, təşkilatlarını, ali və orta məktəblərini təmsil edən 250-dən çox idmançının daxil olduğu 25 komanda iştirak edəcək. Bundan əlavə, Türkiyə, Ukrayna, Moldova, Rusiya, Gürcüstan və Çindən olan komandalar və ayrı-ayrı idmançılar da kubok yarışlarında iştirak edəcəklərini təsdiqləyiblər. Yarışlarda Skandinaviya ölkələrindən və Avropa İttifaqının üzvü olan ölkələrdən gələn idmançıların iştirakı məsələsi müzakirə olunur.