Yığmamız Tbilisinin açıq çempionatında çıxış edib

Yığmamız Tbilisinin açıq çempionatında çıxış edib


Aprelin 27-28-də Gürcüstanın paytaxtı Tbilisidə idman dırmanması üzrə Tbilisi şəhər açıq çempionatı keçirildi. Yarışda ölkəmizi Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının məşqçisi Emin Şükürovun rəhbərliyi altında 7 idmançımız (3 qadın, 4 kişi) təmsil etdi. Çətinlik və sürət mərhələləri üzrə təşkil edilən yarışlar gərgin mübarizə şəraitində keçdi. Yarışın marşrutları Rusiyadan dəvət olunmuş mütəxəssis tərəfindən qurulmuşdu. Çempionatın ilk günü yarımfinal mərhələsi üzrə yarışlar keçirildi. Aprelin 28-də final yarışları təşkil olundu. Yığmamızın üzvlərindən Çingiz Tağızadə və Rinat Rəhimxanov kişilər arasında keçirilən hər iki mərhələ üzrə yarışların final mərhələsində mübarizə apardılar. Zərif cinsin nümayəndələri arasında isə iki təmsilçimiz sürət üzrə yarışların final mərhələsinə vəsiqə əldə etdi. Yarış başa çatdıqdan sonra bir sıra Gürcüstan mütəxəssislərinin fikirlərini öyrəndik.


"İnanıram ki, bundan sonra uğurlarımız daha çox olacaq”


Nikoloz Kvezereli,
Gürcüstan Qayayadırmanma
Federasiyasının prezidenti:
- Düşünürəm ki, Tbilisinin açıq çempionatı həm Azərbaycan, həm də Gürcüstan idmançıları üçün faydalı oldu. Bir müddət əvvəl Gürcüstan və Azərbaycanın idman dırmanmasının inkişafı baxımından çətinliklərlə üzləşirdilər. Bu yarışda idmançıların uğurlu iştirakı onu göstərir ki, artıq bu çətinliklər geridə qalıb. İnanıram ki, bundan sonra uğurlarımız daha çox olacaq. Azərbaycan yığmasının bu yarışda iştirakı bizi çox sevindirir. İyun ayında Azərbaycanda idman dırmanması üzrə Dünya kuboku yarışı keçiriləcək. Biz də bu yarışda iştirak etməyi planlaşdırırıq. Bildiyiniz kimi, idman dırmanması 2020-ci ildə Olimpiya oyunlarının proqramına salına bilər. Bu istiqamətdə böyük işlər görülür. Hazırda yarışın keçirildiyi idman dırmanması divarı yeni qurulub. Yaxın vaxtlarda biz yeni hər bir şəraiti olan yeni dırmanma mərkəzinin inşasına başlayacağıq. 1 aydır ki, Gürcüstan Qayayadırmanma Federasiyasının prezidenti təyin olunmuşam. Bu növ üzrə dəfələrlə Gürcüstan çempionu, SSRİ dövründə isə qayayadırmanma üzrə keçirilən yarışların mükafatçısı olmuşam.


"Hiss olunur ki, Azərbaycan
idmançıları idman dırmanması ilə ciddi şəkildə məşğul olurlar”


Lado Qurçiani,
Gürcüstan Qayayadırmanma
Federasiyasının baş katibi:
- Ötən illərlə müqayisədə Azərbaycan idmançıları budəfəki yarışda daha yaxşı çıxış etdilər. Hiss olunur ki,  Azərbaycan idmançıları idman dırmanması ilə ciddi şəkildə məşğul olurlar. Əlbəttə ki, bu, sevindirici haldır. Gürcüstan qayaya dırmananları, əlbəttə ki, daha təcrübəlidirlər. Amma bu hazırlıq beynəlxalq səviyyəli yarışlar üçün kifayət etmir. İdmançılarımız sonuncu dünya çempionatında iştirak edərək 50-ci oldular. Təkcə sürət üzrə yarışlarda bir idmançımız 40-cı yeri tutdu. Tbilisinin açıq çempionatında regionlardan idmançılarımız iştirak edə bilmədilər. Mayın 28-də Lentexedə Gürcüstanın açıq çempionatı olacaq. Həmin yarışda bütün regionlarımızdan idmançılar iştirak edəcəklər. Lentexedəki dırmanma zalında çətinlik üzrə divar tam standartlara cavab verməsə də, sürət üzrə marşrutlar standartlara uyğundur. Qeyd edim ki, boulderinq üzrə standartlara cavab verən dırmanma divarımız olmadığına görə bu növ üzrə yarışları keçirə bilmirik.
Qeyd edim ki, ümumilikdə Gürcüstanda 300 nəfər idman dırmanması ilə məşğul olur. Bu növlə məşğul olmaq istəyənlər çoxdur. Sadəcə olaraq, maliyyə vəsaitinin ayrılmaması, yüksək səviyyəli şəraitin olmaması bu növün inkişafına öz mənfi təsirini göstərir. Amma artıq federasiyanın yeni rəhbərliyi bu növün yüksək səviyyədə inkişafı üçün bir sıra işlərin görüləcəyini vəd edib. Komandamıza Rusiyadan məşqçi dəvət olunub. Budəfəki yarışın marşrutları da həmin məşqçi tərəfindən qurulmuşdu.

"Azərbaycanla bağlı ancaq 
xoş xatirələrim var”


Nuqzar Kandelaki,
Gürcüstan Gənclər və İdman Nazirliyinin
Gənclər şöbəsinin müdiri:
- Yarış çox maraqlı keçdi. Azərbaycan idmançılarının bu yarışda iştirakı isə çempionatı daha da maraqlı etdi. Bir müddətdən sonra Gürcüstan idmançıları da Azərbaycanda keçiriləcək yarışa qatılacaqlar. Bu yarışlarda iştirak idmançılarımızın təcrübəsini artırır. Yarışda görmə qabiliyyətindən məhrum olmuş idmançılar da iştirak etdilər. Belə idmançılar arasında futbol üzrə yarışların da keçirilməsini planlaşdırırıq. Xatırladım ki, 2005-ci ildə Azərbaycanın basketbol üzrə "Qərb universiteti” komandası ilə işləyirdim. 2 il Azərbaycanda basketbol məşqçisi kimi çalışmışam. Azərbaycanla bağlı ancaq xoş xatirələrim var.

"Hiss olunur ki, Azərbaycanda idman dırmanmasının 
inkşafı istiqamətində güclü iş aparılır”

Aleksey Kozlov,
idman dırmanması üzrə Gürcüstan
komandasının məşqçisi:
- Yarım ildir ki, Gürcüstanda məşqçi kimi çalışıram. Federasiya məni müvəqqəti olaraq burada işləməyə dəvət edib. Hələ ki, komandada qeyri-rəsmi məşqçi kimi fəaliyyət göstərirəm. Azərbaycan və Gürcüstan idmançıları dünya səviyyəli yarışlarda uğur qazanmaq üçün çox çalışmalıdırlar. Məncə, Gürcüstan 2-3 il də bu növün inkişafına ciddi yanaşsa, irəli gedə bilər. Əlbəttə ki, bu inkişaf federasiyanın fəaliyyətindən asılıdır. Azərbaycanın bu növün inkişafı ilə bağlı istəyi göz qabağındadır. Hiss olunur ki, Azərbaycanda idman dırmanmasının inkşafı istiqamətində güclü iş aparılır. Mən deyərdim ki, Azərbaycan və Gürcüstan idmançılarının gücləri bərabərdir. Sadəcə, idmançılarınızın bir qədər yarış təcrübəsinə ehtiyacı var. Budəfəki yarışda çətinlik üzrə marşrutları mən qurmuşam. Bu marşrutlar idmançıların səviyyəsinə uyğundur. Əlbəttə ki, çətin marşrutu qurmaq asandır, nəinki asan marşrutu qurmaq. Marşrutu qurarkən elə etmək lazımdır ki, hər kəs öz gücünü göstərə bilsin. Bu marşrutlar səviyyəsinə görə 6 B və 7 B marşrutları ilə müqayisə oluna bilər. İdman dırmanmasında vacib amillərdən biri ağıllı olmaqdır. Bu növ bir növ şahmat oyununa bənzəyir. Daha sonra fiziki hazırlıq, güc, cəldlik, tarazlıq kimi keyfiyyətlərə diqqət yetirilməlidir. Mən deyərdim ki, bu növ idmançını hərtərəfli inkişaf etdirir. Məncə, idman dırmanmasının olimpiadanın proqramına daxil edilmə şansları çoxdur.