Azərbaycan Gimnastika Federasiyası yarışların yay mövsümünə start verib.
"Olimpnews.az"ın məlumatına görə, iyunun 9-10-da kişi və qadın idman gimnastikası üzrə 24-cü Bakı çempionatı və Azərbaycan birinciliyi, eləcə də akrobatika üzrə 24-cü ölkə birinciliyi keçiriləcək.
İki gün davam edəcək yarışda Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi, "Ocaq Sport” Klubu, Neftçi İdman Klubu, Nizami rayonu İdman Məktəbi, Balakən, Şabran və Sumqayıtı təmsil edən 134 gimnast mübarizəyə qoşulacaq. Yarışların ilk günündə balacalar, gənclər, yeniyetmələr və uşaqlar yaş kateqoriyasında qadın idman gimnastlarının çıxışları ilə olacaq. Sonra mübarizəyə akrobatlar qoşulacaqlar. Qadınlar arasında gənclər, yeniyetmələr və uşaqlar yaş kateqoriyasında qrup, cütlük və qarışıq cütlüklər, eləcə də kişi cütlükləri medullar uğrunda mübarizə aparacaqlar. Turnirin ikinci günündə akrobatların çıxışları ilə davam edəcək.
Yarışın sonunda medallar uğrunda öz güclərini kişi idman gimnastları sınayacaqlar. Gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kiçiklər yaş qrupunda yarışan idmançıların çıxışları ilə yarışlara yekun vurulacaq.