Güləşçilərimiz Gürcüstandan 6 medalla qayıdıblar

Güləşçilərimiz Gürcüstandan 6 medalla qayıdıblar


İyunun 6-7-də Gürcüstanın Rustavi şəhərində dünya çempionu Temo Kazaraşvilinin şərəfinə beynəlxalq turnir keçirilib. 
Turnirdə yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri də iştirak ediblər. Yarışda böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Əliyevin rəhbərliyi altında 10 güləşçimiz mübarizə aparıb. Güləşçilərimiz beynəlxalq turniri 3 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar.
Komandamızın üzvləri ilk yarış günündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Turnirdə 42 kq çəkidə mübarizə aparan Qurban Qurbanov bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub. Həlledici görüşdə komanda yoldaşına uduzan Ariz Hüseynov isə gümüş medalla kifayətlənib. Digər güləşçimiz Əsgər Əlizadə (50 kq) də bütün rəqiblərini məğlub edərək turnirin qızıl medalına yiyələnib. Əsgər Əlizadə, həmçinin günün "Ən texnikalı güləşçi” mükafatına da layiq görülüb və xüsusi kubokla təltif olunub. Bürünc medalı isə yığmamıza Zaur Əliyev (50 kq) qazandırıb.
Turnirin ikinci günündə güləşçilərimiz daha 1 qızıl və 1 gümüş medal qazanıblar. Qızıl medalı yığmamıza bütün rəqiblərindən üstün olan Nihat Məmmədli (46 kq) qazandırıb. Finalda komanda yoldaşına uduzan Həsrət Cəfərov isə gümüş medalla kifayətlənib.

Beləliklə, iki gün davam edən turniri güləşçilərimiz 3 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elgün Məmmədov təmsil edib.
Məlumat üçün bildirək ki, bu il yeniyetmə güləşçilərin Avropa çempionatı iyulun 24-30-da Bosniya və Hersoqoviniyada, dünya çempionatı isə sentyabrın 4-10-da Yunanıstanda keçiriləcək.