İyunun 10-11-də Tbilisidə sərbəst və yunan-Roma güləşi üzrə Vaxtanq Balavadze və Givi Kartozia adına Qızıl Qran-pri turniri keçirilib.
"Olimpnews.az"ın məlumatına görə, turnirdə ölkəmizin sərbəst güləş yığmasının üzvləri də iştirak ediblər.
Sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Firdovsi Umudov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında turnirdə 10 güləşçimiz qüvvəsini sınayıb.
Pəhləvanlarımız yarışı 4 (2 qızıl, 1 gümüş və 1 bürünc) medalla başa vurublar.
Qızıl medalları komandamıza Qalib Əliyev (61 kq) və Aleksandr Qostiyev (86 kq) qazandırıb. Mircəlal Həsənzadə (57 kq) isə gümüş medala sahib olub. Hər 3 güləşçimizin finalda rəqidi Gürcüstan təmsilçisi olub. 70 kq-da mübarizə aparan Coşqun Əzimov komanda yoldaşı Teymur Məmmədova qalib gələrək bürünc medala yiyələnib.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.