Azərbaycan gimnastları Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən idman gimnastikası üzrə "Budapest Cup” turnirində iştirak ediblər.
"Olimpnews.az"ın məlumatına görə, təmsilçilərimiz dünyanın 12 ölkəsindən olan gimnastların iştirak etdiya yarışı medallarla başa vurublar.
Ölkəmizi yeniyetmə idmançıların yarışında təmsil edən Sərvər Əliyev çoxnövçülükdə gümüş medala layiq görülüb. Gimnastımız ayrı-ayrı alətlər üzrə finallarda da uğurlu çıxışları ilə yadda qalıb. Sərvər Əliyev halqalarda bürünc, parallel qollarda isə gümüş medal əldə edib. Eyni qrupda yer alan digər təmsilçimiz Cavidan Babayev isə ən yaxşı nəticəni halqalarda və dayaqlı tullanma hərəkətlərində göstərərək, hər iki finalda 4-cü yeri tutub.
2001-2002-ci il təvəllüdlü gimnastların qrupunda isə ölkəmizi Sergey Onbış, Ağamurad Qəhrəmanov və Səməd Məmmədli təmsil ediblər. Sergey Onbiş dayaqla tullanma hərəkətlərində qızıl, çöxnövçülük yarışında isə gümüş medal qazanıb. Gimnastımız ikinci gümüş medalı parallel qollarda əldə edib. Turnikdəki çıxışı isə ona bürünc medal qazandırıb.
Ayrı-ayrı alətlər üzrə həlledici mərhələlərdə Ağamurad Qəhrəmanov və Sergey Onbiş sərbəst hərəkətlərdə müvafiq olaraq 1-ci və 2-ci yerləri bölüşdürüblər. Eyni yaş qrupundakı digər təmsilçimiz Səməd Məmmədli ən yaxşı çıxışını parallel qollarda nümayiş etdirərək, 4-cü yerdə qərarlaşıb.
Yarışlarda çıxış edən ən azyaşlı gimastımız Mənsum Səfərov 2003-2004-cü il təvəllüdlü gimnastlar arasında yarışlarda sərbəst hərəkətlər üzrə 5-ci nəticə göstərib.