İdman mərkəzləri uşaqların fiziki sağlamlığının keşiyindədir

İdman mərkəzləri uşaqların fiziki sağlamlığının keşiyindədir
Böyüməkdə olan gənc nəslin fiziki cəhətdən sağlam və güclü olması, xəstəliklərin, zərərli vərdişlərin qarşısının alınması, beynəlxalq aləmdə Azərbaycan idmanının nüfuzunun yüksəldilməsi hər zaman dövlətimiz tərəfindən diqqət mərkəzində olub. Ölkəmizdə uşaq və yeniyetmələrin idmana cəlb olunmasına, fiziki-mənəvi inkişafında mühüm rol oynayacaq sağlamlığının təmin edilməsinə böyük əhəmiyyət verilir. Bədən tərbiyəsi və idmanın inkişafı üçün respublikamızda lazımi tədbirlər görülür, gələcəyin sağlam vətəndaşları yetişdirilir. Bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsinin səmərəliyini təmin etmək üçün uşaq, yeniyetmə və gənclər arasında seçim xarakterli idman yarışları keçirilir, milli yığma komandalara ehtiyat qüvvə hazırlayan uşaq-gənclər idman məktəbləri yaradılır. Belə məktəblər arasında ixtisaslaşdırılmış Olimpiya ehtiyatı məktəbləri, ali idman ustalığı məktəbləri, Olimpiya hazırlığı mərkəzlərini və müxtəlif idman klublarını göstərmək olar. Bu məktəblərdə ayrı-ayrı idman növləri üzrə istedadlı, perspektivli gənc idmançıların aşkar edilməsindən ötrü elmi şəkildə əsaslandırılmış seçim normaları işlənib hazırlanıb. Bu normalar uşaq və yeniyetmələrin fiziki-mənəvi inkişafında böyük rol oynayır.

Ölkəmizdə yeni inşa olunan Olimpiya idman komplekslərinin, ən müasir idman mərkəzlərinin yaradılması xalqımızın, xüsusən gənclərin sağlamlığının formalaşmasına güclü təsir etməklə yanaşı, onlara dövlət qayğısını əks etdirir. Yeni yaradılmış müasir idman komplekslərində təlim keçmək üçün hər idman növünə uyğun məşq zalları, qurğular, açıq meydançalar fəaliyyət göstərir. Bir sözlə, Azərbaycanda yeniyetmə və gənclərimizin idmana cəlb olunması, sağlam formalaşması və yüksək səviyyəli idmançıların hazırlanması üçün hər cür şərait var. Bu cür komplekslərdə məşq edib hazırlanan idmançılar dünyanın ən nüfuzlu beynəlxalq yarışlarında, xüsusilə Olimpiya Oyunlarında ən yüksək nəticə əldə edirlər. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ölkənin hər bir guşəsində istifadəyə verilən Olimpiya idman komplekslərinin açılış mərasimində iştirak edir, bu qurğuların məhz gənc nəslin sağlamlığının qorunması üçün inşa edildiyini vurğulayır.

Son illərdə respublikamızda 40-dan çox Olimpiya İdman Kompleksi, müxtəlif idman qurğuları istifadəyə verilib. Ölkəmizdə idmanın kütləviliyinin artmasında pay sahibi olan idman ocaqlarından biri də Balaxanı İdman Mərkəzidir.

Balaxanı qəsəbəsində yerləşən bu idman ocağında yeniyetmə və gənclərin idmanla məşğul olması üçün hər cür şərait yaradılıb. Qeyd edək ki, idman zalı "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafına dair tədbirlər proqramı”na əsasən inşa edilib. 2007-ci ilin yanvarından tikintisinə başlanılan zal üçün Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən 0,48 hektar torpaq sahəsi ayrılıb. Zalın tikili sahəsi 1584, ümumi tikinti sahəsi 1728 kvadratmetrdir. İkimərtəbəli idman mərkəzi binasının ümumi ölçüsü 54m x 30m-dir. Zalın birinci mərtəbəsində universal idman zalı, 2 soyunub geyinmə otağı, 2 duş kabinəsi, vestibül, həkim otağı, 2 sanitar qovşağı vardır. İkinci mərtəbədə isə inzibati və texniki otaqlar yerləşir. Mərkəzin ayrıca olaraq içməli su, yanğın su anbarı, transformator yarımstansiyası, nasosxana binası var.

Məlumat üçün bildirək ki, Balaxanı İdman Mərkəzi Sabunçu rayonunda istifadəyə verilən üçüncü idman qurğusudur. Buna qədər Sabunçu rayonunda Pirşağı, sonra isə Kürdəxanı idman mərkəzləri istifadəyə verilmişdi. Buyaxınlarda Balaxanı İdman Mərkəzinin direktoru, cüdo üzrə idman ustası Müşfiq Hüseynovla görüşdük. Təcrübəli mütəxəssislə elə məşq zamanı həmsöhbət olduq. Uşaqlar həvəslə məşq edir, məşqçinin verdiyi tapşırıqları diqqətlə yerinə yetirirdilər. Hiss olunurdu ki, bu idman ocağında nizam-intizam qaydalarına ciddi əməl olunur. Müşfiq müəllim bizimlə söhbətində qeyd etdi ki, Balaxanı Olimpiya İdman Mərkəzində təkcə yerli sakinlər deyil, Balaxanıdan kənarda yaşayan yeniyetmə və gənclər də məşq edirlər. "Son illərdə ölkəmizdə idman siyasəti yüksələn xətlə inkişaf edir. Paytaxt Bakı ilə yanaşı, ən ucqar bölgələrimizdə gənclərin idmanla məşğul olması və sağlam həyat tərzi keçirməsi üçün yeni idman qurğuları, Olimpiya idman kompleksləri istifadəyə verilib. Sevindirici haldır ki, Bakı və Bakıətrafı kənd və qəsəbələrdə də belə idman qurğuları inşa olunur. Balaxanı Olimpiya İdman Mərkəzi də yeniyetmə və gənclərin sağlam həyat tərzi keçirməsi və idmanla məşğul olması üçün inşa edilmiş idman ocağıdır. Balaxanı idmançıları adından Gənclər və İdman Nazirliyinə məktub yazdıq. Bizim müraciətimizi nəzərə alaraq qəsəbəmizdə idman mərkəzinin inşası üçün şərait yaratdılar. 2011-ci ilin iyunun 1-də Balaxanı İdman Mərkəzinin açılış mərasimi oldu. Yeni tikilmiş İdman Mərkəzi balaxanılı gənclər üçün ən böyük hədiyyə oldu. Bütün tələblərə cavab verən idman ocağının inşası təkcə idmançıların deyil, Balaxanı sakinlərinin də ürəyincədir. Uzun müddət idi ki, qəsəbəmizdə idmanın inkişafı üçün əlverişli şərait yox idi. Hətta gənclərimiz məcburiyyətdən qəsəbədən kənarda yerləşən müxtəlif klub və idman cəmiyyətlərinə üz tuturdular. Bu isə hər bir uşağın və valideynin imkanı daxilində deyildi. Hazırda isə Balaxanı İdman Mərkəzi qəsəbə gənclərini öz ətrafına toplayıb. Burada idmançılarımızın məşq etməsi üçün çox gözəl şərait var. Belə mərkəzlərin tikintisi, sözsüz ki, ilk növbədə yeniyetmə və gənclər üçün, həmçinin biz məşqçi-müəllimlər üçün sevindirici oldu. Bu cür idman mərkəzlərinin olması uşaqların idmanla mütəmadi məşğul olmasına və gənclərin asudə vaxtının səmərəli təşkilinə xidmət edir”, - deyə o bildirdi.

1999-cu ildən məşqçi-müəllim kimi fəaliyyətə başlayan Müşfiq Hüseynov əvvəllər "Təhsil” Respublika İdman Mərkəzində məşqçi kimi çalışıb. O, 2011-ci ildə Balaxanı İdman Mərkəzinin direktoru vəzifəsinə təyin olunub. Müşfiq müəllim elə həmin ildən bu mərkəzin həm direktoru vəzifəsində çalışır, həm də yeniyetmə və gənclərə cüdo və sambonun sirlərini öyrədir. Yeri gəlmişkən qeyd edək ki, sözügedən idman mərkəzində hazırda cüdo, güləş, karate, sambo, futbol və kikboksinq idman növləri üzrə bölmələr fəaliyyət göstərir. Burada uşaq, yeniyetmə, gənc və böyüklərdən ibarət qruplar yaradılıb. Məşqlər hər gün səhər və axşam olmaqla müxtəlif qruplar üzrə keçirilir. Mərkəzdə trenajor alətləri də var. Məşqlərə gələn yeniyetmə və gənclər həmin alətlər vasitəsi ilə fiziki hazırlıqlar üzərində çalışırlar. Balaxanı İdman Mərkəzində hazırda müxtəlif növlər üzrə 250-dən çox uşaq məşq edir. Müsahibimizlə söhbət zamanı öyrəndik ki, Balaxanı İdman Mərkəzinə qəsəbədən kənarda yaşayan uşaqlar da üz tuturlar. "Balaxanı İdman Mərkəzinin açılışı 2011-ci ilin iyun ayında olsa da, məşqlərə həmin ilin dekabr ayından başladıq. Düzdür, əvvəllər bizim üçün çox çətin oldu. Məşq etmək üçün başqa qəsəbələrə, şəhər mərkəzinə üz tutan balaxanılı uşaqları bura cəlb etmək lazım idi. Əvvəlcə kiçikyaşlı uşaqlarla məşqlərə başladım. Çünki yüksək nəticə əldə etmək üçün illər lazımdır. Bu uşaqlar gələcəyin peşəkar idmançıları kimi yetişə bilərlər. Çətinliklərin öhtəsindən gəldik. Vaxt keçdikcə idman mərkəzinə həm yeni uşaqlar cəlb olundu, həm də nailiyyətlərimiz artdı. Hazırda təkcə cüdo bölməsində 100-dən çox uşaq bu idman növünün sirlərini öyrənir. Onu da qeyd edim ki, mən heç vaxt digər klublarda məşq edən, belə demək mümkünsə, hazır idmançıları öz klubumuza qəbul etmirəm. Hər zaman bu məsələnin əleyhinə olmuşam. Yəni çalışıram ki, idmana marağı olan uşaqlar ilk addımlarını məhz burada atsınlar. Hazırda zalda gördüyünüz bu uşaqların hamısı idmana ilk addımlarını burada atıblar. Fikrimcə, heç bir idmançı onun üzərində illərlə əziyyət çəkən məşqçinin əməyinə biganə yanaşmamalıdır. Mən bunu həmin məşqçi-müəllimin əməyinə ən böyük hörmətsizlik kimi qiymətləndirirəm. Onu da qeyd edim ki, məşqlərə gələn uşaqların əsas hissəsi Balaxanıda yaşayan uşaqlardır. Uşaqlar özləri müraciət edərək müxtəlif idman bölmələri üzrə məşqlərə yazılırlar. Hətta Balaxanıdan kənarda yaşayan uşaqlar da buraya üz tuturlar”, - deyə Müşfiq müəllim qeyd etdi.

Gərgin məşqlər,uğurlu nəticələr

Balaxanı İdman Mərkəzinin idmançıları qısa zaman ərzində böyük nəticələr qazanıblar. Bu idman ocağının yetirmələri iştirak etdikləri yarışlarda mükafatçılar sırasına düşməyə müvəffəq olublar. Ötən ilin yanvar ayında cüdo üzrə keçirilən kiçik yeniyetmələr arasında Bakı birinciliyində Balaxanı İdman Mərkəzinin yetirmələrindən Həsən Əliyev (27 kq) və Aytac Qardaşxanlı (44 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İdman Ocağının digər yetirmələri Əli Əliyev və Səlim Hüseynov ikinci, Rza Əhmədov isə üçüncü yerə sahib çıxıb. Bakı birinciliyinin qalibi olan Aytac Qardaşxanlı respublika birinciliyində də heç bir rəqibinə şans verməyərək birinci yer tutub.

Cüdo üzrə gənclər arasında keçirilən Bakı birinciliyi də idman ocağı üçün yaddaqalan olub. Belə ki, Müşfiq Hüseynovun yetirmələrindən İlahə Cəlilova (48 kq) bütün rəqiblərini mübarizədən kənarlaşdıraraq qızıl medala layiq görülüb. O, gənclər arasında keçirilən respublika çempionatında da fərqlənib. Yığma komandanın üzvü olan perspektivli idmançı bu dəfə üçüncü yerlə kifayətlənib.

Balaxanı İdman Mərkəzinin cüdoçuları ötən il, həmçinin beynəlxalq yarışlarda da güclərini sınayıblar. Dərbənddə keçirilən kiçik yeniyetmələr arasında beynəlxalq turnirdə Rza Əliyev birinci, Səlim Hüseynov və Əli Əliyev üçüncü olublar. Həmin yarışda gənclər arasında mübarizə aparan Asim Əhmədov 66 kq çəki dərəcəsində bürünc medal əldə edib. Aprel ayında Türkiyədə keçirilən cüdo üzrə beynəlxalq turnirdə isə Balaxanı İdman Mərkəzinin təmsilçiləri İlahə Cəlilova (48 kq) və Əli Hüseynov (60 kq) vətənə qızıl medallarla qayıdıblar. Bu il kiçik yeniyetmələr arasında keçirilən cüdo üzrə Bakı birinciliyində də idman ocağının təmsilçiləri fərqlənməyi bacarıblar. Belə ki, Balaxanı təmsilçilərindən Həsən Əliyev və Aytac Qardaşxanlı birinci, Əli Əliyev və Nihat Quliyev isə üçüncü yeri tutublar. Aytac Qardaşxanlının uğuru bununla bitməyib. O, həmçinin yeniyetmələrin Bakı birinciliyində qızıl, respublika birinciliyində isə bürünc medal əldə edib. Perspektivli idmançı kiçik yeniyetmələrin respublika birinciliyində isə ikinci olub. Gənclər arasında Bakı birinciliyində isə İlahə Cəlilova (48 kq) hamıdan güclü olduğunu bir daha sübut edib. O, fevral ayında keçirilən respublika birinciliyində isə bürünc medal qazanıb. Buyaxınlarda "Sərhədçi” İdman Olimpiya Mərkəzində 23 yaşınadək gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilib. Yarışda Müşfiq Hüseynovun yetirmələri də iştirak ediblər. Balaxanı İdman Mərkəzinin iki təmsilçisi üçüncü yerə sahib çıxıb.

Qeyd edək ki, Balaxanı İdman Mərkəzinin cüdoçuları ötən il və bu il Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən zona yarışlarında da fərqləniblər. İdman ocağının yetirmələrinin əksəriyyəti zona yarışlarında qalib və mükafatçılar sırasında yer alıblar. Klubun yeniyetmə idmançısı Vahid Məmmədov (34 kq) isə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş birincilikdə ikinci yerə layiq görülüb.

Balaxanı İdman Mərkəzinin samboçuları da bir sıra turnirlərdə fərqləniblər. Ötən il keçirilən kiçik yaşlı samboçuların Bakı birinciliyində Həsən Əhmədov birinci yerə layiq görülüb. Rza Əliyev, Azər Kərimov və Aşur Əliyev isə üçüncü olublar. İdman ocağının samboçularından danışarkən Asim Əhmədovu (70 kq) xüsusi qeyd etmək lazım gəlir. Perspektivli idmançı ötən il iştirak etdiyi bütün turnirlərdə maksimum nəticə əldə edib. O, yeniyetmələr arasında keçirilən Bakı, respublika və Avropa birinciliyində bütün rəqiblərini üstələyərək qızıl medala layiq görülüb. Asim Əhmədov ötən il keçirilən respublika kubokunun da qalibi olmağı bacarıb. Onun komanda yoldaşı İskəndər İskəndərov isə həmin turnirdə üçüncü yerə sahib çıxıb.

Bu ilin mart ayında keçirilən kiçikyaşlı yeniyetmələr arasında sambo üzrə Bakı birinciliyində Balaxanı İdman Mərkəzini 7 idmançı təmsil edib və onların hamısı müxtəlif əyarlı medallar qazanıblar. Daha doğrusu, Müşfiq Hüseynovun yetirmələri Balaxanıya 4 qızıl, 3 bürünc medalla qayıdıblar.

Gənclər arasında Bakı və respublika birinciliklərində isə Asim Əhmədov çempion tituluna sahib çıxıb.



"İdmançılarımızın mükafatçılar sırasında yer alması 
bizim ən böyük uğurumuzdur”

Balaxanı İdman Mərkəzinin idmançılarının qısa zaman ərzində qazandığı bu nəticələri qənaətbəxş hesab edən Müşfiq Hüseynov yetirmələrinin qarşıdakı aylarda da bir sıra mühüm yarışlarda iştirak edəcəyini bildirdi: "Çalışırıq ki, idmançılarımızın təkcə ölkədaxili yarışlarda deyil, beynəlxalq turnirlərdə də iştirakını təmin edək. Çünki belə yarışlar onların tatamiyə uyğunlaşmasına və təcrübələrinin artırılmasına fayda verir. Əsas məqsədimiz yarışlarda qalib gəlmək və yığma komandanın heyətində yer almaqdır. Fikrimcə, əldə etdiyimiz uğurları qənaətbəxş saymaq olar. Lakin biz əldə etdiyimiz nəticələrlə kifayətlənmək fikrində deyilik. Yetirmələrim iştirak etdiyi yarışlarda fəxri kürsüyə yüksələndə və Balaxanı İdman Mərkəzinin adı həmin arenada səslənəndə qürur hissi duyuram. İdmançılarımızın mükafatçılar sırasında yer alması bizim ən böyük uğurumuzdur. Yeri gəlmişkən, qeyd edim ki, yetirmələrim bu il cüdo üzrə Türkiyədə keçirilən beynəlxalq yarışda iştirak etdilər. Kiçik yaşlı idmançıların mübarizə apardığı həmin turnirdə üç idmançımız - Emil Əliyev, Tofiq Hüseynov və Əli Hüseynov qızıl medal qazanaraq dövlət himnimizi səsləndirdilər. Onların Türkiyədə bayrağımızı dalğalandırması bizə böyük sevinc bəxş etdi. Beynəlxalq yarışlarda əldə etdiyimiz nəticələr bununla bitmir. Dərbənddə keçirilən cüdo üzrə beynəlxalq yarışda idmançımız Səlim Hüseynov qızıl, Əli Əliyev isə gümüş medala sahib çıxdı. Sözsüz ki, bu nəticələr heç də asan qazanılmır. Bu uğurların arxasında illərin əziyyəti, çətinliyi dayanır. İnanıram ki, bir neçə ildən sonra yetirmələrimiz daha mötəbər yarışlarda qazandıqları qələbələri ilə bizi sevindirəcəklər. Bu uşaqlar burada həm peşəkar idmançı kimi yetişir, həm də sağlam vətəndaş kimi böyüyürlər. Onu da unutmayaq ki, sağlam gənc gələcəyin sağlam əsgəridir. Bizim idman mərkəzimiz həm də bu amala xidmət edir. Bu gün ölkədə müxtəlif idman növləri üzrə minlərlə uşaq məşğul olur. Sözsüz ki, onların hamısı güclü, peşəkar idmançı ola bilməz. Lakin əminəm ki, bu gənclər gələcəyin sağlam əsgəri kimi yetişəcəklər”.

İdman mərkəzi müxtəlif yarışlara ev sahibliyi edir

Balaxanı İdman Mərkəzində ölkədaxili yarışların keçirilməsi üçün də gözəl şərait var. Müxtəlif klublarla bağlanan müqavilələrə əsasən burada hər il ayrı-ayrı idman növləri üzrə yarışlar təşkil olunur. Təsadüfi deyil ki, bu idman ocağı indiyədək cüdo, sambo, kikboksinq, güləş, futbol və digər idman növləri üzrə yarışlara ev sahibliyi edib. Burada qeyri-Olimpiya idman növləri üzrə bir sıra beynəlxalq yarışlar da təşkil olunub.

Müşfiq müəllim bildirdi ki, bu cür yarışların keçirilməsi uşaq, yeniyetmə və gənc idmançılara təcrübə baxımından böyük fayda verir. Təcrübəli məşqçi Azərbaycanda təşkil olunan beynəlxalq yarışların idmançılarımız üçün faydalı olduğunu bildirdi. "Ölkə rəhbərliyi tərəfindən idmanın inkişafına hərtərəfli diqqət və qayğı göstərilir. Dövlətimizin idmana münasibətini görmək üçün sadəcə olaraq əldə olunan uğurlara fikir vermək kifayətdir. Son illər ərzində idmançılarımız bütün beynəlxalq yarışlarda böyük qələbələr qazanırlar. Dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında əldə olunan nəticələr idmana göstərilən dövlət qayğısının bariz nümunəsidir. Bir sözlə, Azərbaycan idman dövləti kimi özünü dünyaya, dünya idman ictimaiyyətinə təqdim edir. Bu, çox sevindirici haldır. 2015-ci ildə keçirilən I Avropa Oyunlarından sonra ölkəmiz bu ilin may ayında IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etdi. Komandamız İslamiadada 162 medal (75 qızıl, 50 gümüş, 37 bürünc) qazanaraq birinci yeri tutdu. Bu Oyunlar Azərbaycanın qüdrətini bir daha nümayiş etdirdi. Mən bir məşqçi kimi öz yetirmələrimi həmin Oyunları canlı izləmək üçün idman arenalarına aparmışdım. Əsasən cüdo və futbol yarışlarını izlədik. Uşaqlar idmançılarımıza həm dəstək oldular, həm də özləri üçün təcrübə qazandılar. Onu da deyim ki, arenada peşəkar idmançıları canlı görmək və onlarla görüşlərin keçirilməsi yeniyetmələri daha da həvəsləndirir. Onlar gələcəkdə özlərini həmin titulu idmançılara bənzətməyə çalışırlar.

Cüdo Federasiyasında rəhbərlik dəyişdikdən sonra bir sıra uğurlu addımlar atıldı. Ölkəmizdə fəaliyyət göstərən klublara və idman cəmiyyətlərinə lisenziyalar verilməyə başlanıldı. Sevindirici haldır ki, Balaxanı İdman Mərkəzi də lisenziya alan ilk klublar sırasındadır. Bundan başqa, komandamızın üzvləri artıq yığma komandaların heyətinə təlim-məşq toplanışına dəvət olunurlar. Bu, İdman ocağında görülən işlərin uğurlu göstəricisidir. İnanıram ki, idmançılarımız yaradılmış şərait və imkanlardan istifadə edərək, dünya və Avropa miqyaslı yarışlarda bundan sonra da böyük uğurlar qazanacaq, Azərbaycan idmanına layiqli töhfələr verəcək”, - deyə Müşfiq Hüseynov əlavə etdi.

Söhbətimizi bitirdikdən sonra təcrübəli məşqçi yenidən öz yetirmələrinin yanına qayıtdı. Biz Balaxanı İdman Mərkəzini tərk edəndə məşq davam edir, uşaqlar müxtəlif fəndlərin icrasını öyrənirdilər.
Azər Əlizadə