Güləş üzrə dünya çempionatı avqustun 21-26-da Fransanın paytaxtı Paris şəhərində keçiriləcək.
Yarışda ölkənin sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaları da iştirak edəcək. Qadın güləşi yarışlarında isə, ölkəmizi Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Nataliya Sinişin (55 kq), İrina Netreba (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcək. Güləşçilərimiz çempionatda böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında çıxış edəcək.
Məlumat üçün bildirək ki, qadın güləşçilərimiz avqustun 7-dən Ukraynanın Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirir. Təlim-məşq toplanışı avqustun 21-dək davam edəcək.
Çempionatın proqramına əsasən, ilk olaraq 71, 75, 85 və 98 kq çəkidə yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq. Avqustun 22-də 59, 66, 80 və 130 kq-da yunan-Roma güləşçiləri, avqustun 23-də isə, 55, 58, 63 və 75 kq-da qadın güləşçilər yarışacaq. Yarışların dördüncü günündə 48, 53, 60 və 69 kq qadıngüləşçilər mübarizə aparacaq. 57, 61, 86 və 125 kq çəkidə sərbəst güləşçilər avqustun 25-də xalça üzərinə çıxacaq. Çempionatın son günündə isə, sərbəst güləş üzrə 65, 70, 74 və 97 kq çəki dərəcəsində pəhləvanlar yarışacaqlar.
Görüşlərin idarə edilməsində ölkəmizi I-S kateqoriyalı beynəlxalq dərəcəli hakim Hicran Şərifov təmsil edəcək.