Ədalət və mərhəmət

Ədalət və mərhəmət

Ədalət və mərhəmət

Giriş

Belə bir deyim var. Padışahın ədaləti yoxsa mərhəməti - hansı üstündür? Osmanlı tarixinə bir nəzər yetirək. 10-cu Osmanlı sultanı Qanuni Sultan Süleyman 46 illik hakimiyyəti dövründə (1520-1566) bir dəfə də olsun qərarını dəyişmədi. Fətva almadan böyük qərarlar qəbul etmədi. İki oğlunu və altı nəvəsini edam etdirdi. Ona "Qanuni” ləqəbi qanunlar toplusu və s. yaratdığına görə deyil, ədalətli olmasına görə verilmişdi. Sultan Sülüymanın ədaləti eyni əmələ görə hamının qanun qarşısında bərabər olmasına əsaslanırdı. O, iki oğlunu və onların övladlarını səltənətə qarşı çıxdıqlarına görə edam etdirmişdi ( Bu gün dəqiqliklə sübut olunmuşdur ki. böyük oğlu Mustafa heç bir dövlət çevrilişi cəhdində bulunmamışdır). Qanuni Sultan Süleymanın sərt təbiəti, özünün və təbəələrinin qanunlara dürüst əməl etməsi, yüksək ağlı və zəkası, dövlət işlərini hər şeydən üstün tutması nəticəsində Osmanlı imperiyası onun hakimiyyəti dövründə ən yüksək həddinə çatdı. Osmanlışünaslar yekdil fikirdədirlər ki, Sultan Süleyman 36 Osmanlı sultanlarından ən möhtəşəmidir. Osmanlının yüksəlişi "Qanuninin” ölümü ilə dayanır. Təxminən 25 illik durğunluq dövründən sonra imperiyanın enişi başlayır.
Ümumiyyətlə, Osmanlıda "şəriksiz iqtidar” institutu de fakto Sultan I Murad dövründə (s.d 1359-1389) başlamışdı. Orxan Qazi ölən kimi taxta çıxan I Murad 2 qardaşını edam etdirmişdi. Həmin vaxtdan Osmanlı sultanları taxta çıxdıqda qardaşlarını və onların oğlan övladlarını edam etdirirdilər.

7-ci Osmanlı sultanı Fateh II Mehmet (s.d 1451-1481) de fakto mövcud olan bu qaydanı "Fərmani hümayun”-la qanunlaşdırdı. Hətta 13-cü sultan III Mehmet (s.d 1595-1603) 19 qardaşını boğdurmaqla edam etdirmişdi.

Bu qayda 14-cü Osmanlı sultanı I Əhməd (s.d 1603-1617) tərəfindən ləğv edildi. Kiçik qardaşı Mustafaya qıymadı, mərhəmət göstərdi. O, 27 yaşında dünyasını dəyişdi və qardaşı I Mustafa hakimiyyətə gəldi, lakin I Mustafa 3 aydan sonra hakimiyyətdən kənarlaşdırıldı və I Əhmədin böyük oğlu II Osman (s.d 1618-1622) hakimiyyətə gəldi. Qardaşı Mehmeti edam etdirdi. 1622-ci ildə Yeniçərlərin qiyamı nəticəsində II Osman işgəncə ilə öldürüldü. Mərhəmət göstərilmiş I Mustafa təzədən taxta çıxdı. İl yarımdan sonra taxtdan endirildi və I Əhmədin böyük oğlu IV Murad 11 yaşında taxta çıxdı (s.d 1622-1640). Qardaşları Bəyazid və Qasimi edam etdirdi. 1640-ci ildə qaraciyər xəstəliyindən öldü (bəzi mənbələr anası Köşem sultanın da iştirakı ilə tədricən zəhərləndiyini iddia edirlər). I Əhmədin axırıncı oğlu I İbrahim (s.d 1640-1648) taxta çıxdı. 1648-ci ilin avqust ayında oğlu IV Mehmetin xeyrinə taxtdan endirildi və 10 gündən sonra Naibi Səltənət olan anası Köşem sultanın razılığı ilə edam edildi. Beləliklə, Sultan I Əhmədin mərhəmətinə tale 5 oğlunun edamı ilə cavab vermiş oldu.

Bu faktları sadalamaqda məqsədim odur ki. ana tarix bu gün də cavab verə bilmir ki, hansı üstündür, ədalət yoxsa mərhəmət?

Əbülfəz Elçibəy çıxışlarının birində "Doğrudur, qanunu pozmaq olmaz, lakin hərdən yan keçmək olar” demişdi. Bir çox hüquqşünaslar kimi, mən də Elçibəyin bu fikrini istehza ilə qarşılamışdım. Lakin zaman keçdikcə ömür yoluna nəzər salarkən qanunundan geriçəkilmə hallarının çoxlarının, o cümlədən mənim həyatımda da baş verdiyini etiraf etməli olmuşam.

Adətən, memuar və xatirələrdə müəlliflər səhvsiz görünməyə çalışır. Mən bu ənənəni pozaraq şüurlu şəkildə, qəsdən, bilə-bilə yol verdiyim və bu gün də peşiman olmadığım qanundan geriçəkilmə halları ilə (qanundan yan keçmə) bağlı bir neçə hadisəni oxucuların müzakirəsinə verirəm.

I hadisə
Qanun pozuntusundan keçən mərhəmət

1981-ci ilin iyun ayının 30-da (yarımilliyin son günü) Masallı rayon prokurorluğunun müstəntiqi Şaməddin Nəsibov CM-nin 169-cu maddəsi ilə (səhlənkarlıq) istintaq olunmuş cinayət işini yekunlaşdırıb ittihamnaməni təsdiq etmək üçün prokuror əvəzi kimi mənə təqdim etdi. Təqsirləndirilən şəxs meşə gözətçisi idi. (Meşəbəyi). Nırx dəyəri ilə 3500 manat zərərə görə məhkəməyə verilirdi. Barəsində "şəxsi iltizam” qəti-imkan tədbiri seçilmişdi. Ş.Nəsibov dedi ki, təqsirləndirilən şəxs Ələddin (soyadı yadımdan çıxıb) Sizinlə görüşmək istəyir. Həmin şəxsi qəbul etdim. Ələddin ağlaya-ağlaya maraqlı və faciəli hadisə danışdı:- 75 yaşlı anam ibadət əhli olduğuna və İranda qohumları qaldığına görə adətən İran televiziyasına baxırdı. Keçən ilin avqust ayında televiziyada ayətullanın moizəsinə qulaq asarkən birdən, ay qardaş, can qardaş, bacın sənə qurban deyib, bayıldı. Özünə gələndən sonra təzədən televizora yaxınlaşıb, qardaş,- deyə ağlamağa başladı. Bu, sənin dayındır, Ələddin, - dedi. Bir neçə gündən sonra dövlət orqanlarına müraciət etdik. Doğrudan da anamın qardaşı imiş. 1938-ci ildə anam 4 uşağı ilə Sovet Azərbaycanında, kiçik qardaş və bacıları isə valideynləri ilə birlikdə İranda qalmışdılar. Məktub yazdıq. Cavab gəldi. Novruz bayramı ərəfəsində dayım telefon açdı, anamla danışdı. İndi İrana getmək üçün mənə və anama iki aylıq viza göndərib. 2 iyulda Bakı-Ənzəli gəmi marşurutu ilə yola düşməliyik. Vizanın vaxtı 31 avqusta tamamlanır. Mənim pasportum cinayət işinə əlavə olunub. Anam da mənsiz gedə bilməz. Əgər getməsə onsuz da xəstə olan anam bu dərdə tab gətirə bilməz, ölər.

Həmin dövrdə barələrində cinayət işi istintaq olunan bir çox şəxslər viza ilə İsrailə gedib qayıtmamışdılar. Diqqətsizlik etmiş bütün istintaq və prokurorluq işçiləri orqandan və partiya sıralarından xaric edilmişdilər. SSRİ Baş Prokurorunun və müvafiq olaraq Azərbaycan Respublikası Prokurorunun göstərişinə əsasən ən yüngül maddə ilə məhkəməyə verilən şəxsin pasportu cinayət işinə əlavə olunmalı idi. Bu tələbə əməl etməmək kobud qanun pozuntusu hesab olunurdu. Çətin və ağır vəziyyətdə qalmışdım. Bir tərəfdə qanun, digər tərəfdə qanun pozuntusundan keçən mərhəmət. Hansını üstün tutmalı?

Mən Ələddinə fikirlərimi çatdırdım. Dedim ki, əgər iyul ayının axırına kimi gəlməsən, məni orqandan çıxaracaqlar. Çaşıb İranda qalsanız haqqımda cinayət işi başlanılacaq. Ələddin gözünün yaşını silərək dedi:- Ələmdar müəllim, Siz mənə elə yaxşılıq edirsiniz ki, ölsəm də, iyul ayının axırına kimi gələcəyəm. Pasportunu və hərbi biletini cinayət işindən götürüb, heç bir sənəd tərtib etmədən ona verdim. Prokurorun 5 gün işlə tanış olma hüququndan istifadə edərək bir həftə cinayət işini özümdə saxladım. Məhkəməyə göndərərkən dəftərxana müdirindən xahiş etdim ki, hakimə cinayət işini 2-3 gün gec versin. 15 iyulda məhkəmə sədri Abbas Quliyev mənə telefonla dedi ki, ittihamnaməni vermək üçün müqəssiri çağırırıq, gəlib çıxmır. İki günə gəlməsə, barəsində həbs qəti-imkan tədbiri seçəcəyik. Abbas müəllimdən 3 gün möhlət istədim və 3 gündən sonra onun yanına gedib, hadisəni olduğu kimi danışdım. Yaş fərqimizə baxmayaraq, dostluq münasibətində idik. Mənim xətrimi çox istəyirdi. Ona görə də bərk həyəcanlandı. Sən nə etmisən?! Əgər o vaxtında gəlməsə və yaxud İran dövlətindən sığınacaq istəsə, sənin haqqında cinayət işi başlaya bilərlər. Abbas müəllim, olan-olub. Mən ona inanıram. Mütləq gələcək,-dedim.

Vaxt daraldıqca həyəcanım artır, gecələr yata bilmirdim.

İyul ayının 29-da axşam saatlarında Ələddin Bakıdan zəng etdi:- Ələmdar müəllim, Bakıdayam, 1 saata maşınla çıxırıq. Sabat saat 9:00-da məhkəmədə olacağam. Səhərisi günü məhkəmədə prokuror kimi işə çıxdım. Ona şərti cəza verdik. Məhkəmədən sonra Ələddin anası ilə dayısının necə görüşmələrindən, dayısının İmam Xomeyninin ən yaxın adamlarından olsa da, iki aylıq vizanın çox çətinliklə bir aya endirilməsindən, anasının və dayısının mənə etdikləri dualarından danışdı. Dayısı mənə təsbeh və Quran göndərmişdi.
Ələddin ilə uzun illər dostluq etdik. Mən Masallıdan gedəndən sonra da o, məni arayıb, axtarırdı.

II hadisə
Ədalət naminə susqunluq

1993-cü ilin əvvəllərində, gecə saatlarında milis şöbəsindən məlumat verdilər ki, kəndlərin birində hadisə olub və bir nəfər qarın boşluğuna keçən ağır xəsarətlə xəstəxanın cərrahiyyə şöbəsinə gətirilib (bəzi mülahizələrə görə kəndin və şəxslərin adlarını göstərmirəm). Xəsarət yetirən şəxs milis şöbəsinə gətirilərək, şübhəli şəxs kimi saxlanılmışdı.

Səhərisi günü CM 102-ci maddəsi ilə cinayət işi başlanıldı. İlkin istintaq hərəkətləri nəticəsində aşağıdakılar müəyyən edilmişdi.

Toy məclisində "A” dostu "B” ilə bir gənc qadına "aşiq” olurlar. Toy yekunlaşdıqdan sonra həmin qadını izləyirlər. Qadının bir kişinin qoluna girərək getdiyini görən "B” :- Bu qadın evlidir. Gəl qayıdaq, - deyir. "A” razılaşmır ki, qadın mənə baxıb gülürdü. Məndən xoşu gəlir. Onunla mütləq görüşməliyəm. "B” aralanıb evlərinə gedir. "A” isə ər-arvadı izləməkdə davam edir. Qadın və əri "D” evlərinə gəlib, aynabəndin cəftəsini içəridən bağlayıb, yatırlar. Təxminən 30 dəqiqədən sonra "A” əlinə keçən məftillə aynabəndin cəftəsini qaldırıb , evə girir və oradan da yataq otağına keçərkən "D” əlindəki bıçaq ilə "A”-nın qarnına bir zərbə vurur. "A”-nın qışqıraraq yıxıldığını görüb, tez həkim çağırır, sonra milis şöbəsinə gəlib bıçağı təhvil verir.

Bu hadisə rayonda böyük narahatçılığa və səs-küyə səbəb olmuşdu. Müstəntiq "D”-yə CM-nın 102 maddəsi ilə ittiham elan etdi. "Həbsə” icazə vermədim. Bəzi mülahizələrə görə müstəntiqə sonrakı fikirlərimi bildirmədim. Yusif həkimi ( rayon mərkəzi xəstəxanasının baş həkimi) dəvət etdim. O, cərrahiyyə əməliyyatının ağır keçsə də, xəstənin durumunun qənaətbəxş olduğunu söylədi. Yusif həkim yetirilmiş xəsarətlə təqdim olunmuş mətbəx bıçağının uyğunsuzluğu barədə bildirsə də, onun sözlərinə fikir vermədim (Ehtimal olunurdu ki, bıçaq qarın boşluğuna keçdikdən sonra burulmuşdu). Baş həkimə xəstə palataya keçirilərkən mənə xəbər verməsini tapşırdım. 5 gündən sonra xəstə "A” yeriməyə başlayarkən onun barəsində CPM-nin 167-ci maddəsinə əsasən (ittiham elan olunmadan həbsə alma) həbs qəti-imkan tədbiri seçdim. Xəstənin palatasına milis postu qoyuldu, 10 gündən sonra isə "A”-ya CM-nın 207-ci mad. 2 hissəsi ilə (qərəzli xuliqanlıq) ittiham elan olundu və barəsindəki həbs qəti-imkan tədbiri gücündə saxlanıldı.

Çox mübahisələr oldu. Xuliqanlıq cinayətində ictimai qaydanın kobud şəkildə pozulması və cəmiyyətə açıq hörmətsizlik edilməsi zəruri şərtdir. Gecə yarısı hamının yatdığı bir vaxtda "ictimai qaydanın pozulması” mübahisəli idi. Lakin "xüsusi azğınlıq” motivinin çox güclü olmasına görə mən qərarımı düzgün hesab edirdim. (Həmin vaxt "oğurluq niyyəti olmadan mənzilə qanunsuz girmə” anlayışı yox idi). İstintaq müddətinin başa çatmasına bir gün qalmış müstəntiqə qərarımı açıqladım. Cinayət işinin "D”-nin barəsində olan hissəsi CM-nin 13-cü maddəsinə əsasən (zəruri müdafiə) xitam edildi. "A” CM-nin 207-ci mad. 2-ci hissəsi ilə təqsirli bilinib, məhkəməyə verildi. Məhkəmənin hökmü ilə "A” 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildi. Uca ədalət öz sözünü dedi.

III hadisə
Prokurorluq işçilərinin fədakarlığı

1992-ci ilin aprel ayının əvvəllərində Zaqatala rayon prokuroru vəzifəsinə başladım. Bir gündən sonra daxili əmrlə səlahiyyətlərimi prokuror köməkçisi Tələt Qarayevə həvalə edərək məzuniyyətə çıxıb, Moskva şəhərinə getdim.

14 aprel 1992-ci ildə saat 9:00 radələrində prokuror əvəzi Tələt Qarayevə Moskvadan zəng edərkən o, mənə aşağıdakıları bildirdi.

Zaqatala rayon prokurorluğunun müstəntiqi Afər Nəsirova dostları tərəfindən məlumat verilir ki, milis rəisi rayon rəhbərliyinin dəstəyi ilə bu gecə 4 sistern maşınla Zaqatala-Muğanlı yolu ilə Gürcüstan Respublikasına benzin və dizel yanacağı keçirəcəklər. Afər Nəsirov Tələt Qarayevi bu barədə məlumatlandırır. Tələt Qarayev və Afər Nəsirov yüksək vətənpərvərlik və vətəndaşlıq mövqeyi göstərərək, vicdanlı milis işçiləri müstəntiq Şahin Əliyev, DAM-nin rəisi Elman Bayramov və mühafizə bölməsinin rəisi Farizlə birlikdə bu iyrənc cinayətin qarşısını almağı qərarlaşdırırlar. 13 aprel 1992-ci il tarixdə gecə Zaqatala-Muğanlı yolunda pusqu qururlar. Saat 2:00 radələrində maşın karvanı görünür. Sürücülər ilkin tələbə tabe olmayaraq, yollarına davam edirlər. Müstəntiq Afər Nəsirov maşın karvanının qarşısına keçərək xidməti silahdan bir neçə dəfə atəş açmaqla onları saxlayır. Sürücüləri maşınlarla birlikdə rayon prokurorluğunun həyətinə gətirirlər. 4 maşında 27 ton benzin və dizel yanacağı olduğu müəyyənləşdirilr. Dərhal CM-nin 88-1 maddəsi ilə cinayət işi başlanılır. (Ehtimal olunurdu ki, yanacaq Zaqatala neft bazasından götürülmüşdür). İlkin istintaq hərəkətləri aparılır. Milis rəisinin dəstəyi ilə şübhəli şəxslər qaçıb gizlənirlər.

Doğrudan da çətin vəziyyət idi. Maşınları məlum səbəbdən milis şöbəsinə aparmaq olmazdı. Prokurorluğun açıq həyətində saxlamaq da təhlükəli idi. Maşınları uzaq məsafədən gülləbaran edə bilərdilər və s. Mən Tələt nüəllimə məsləhət bildim ki, məsələni ictimailəşdirsinlər. Kütləvi İnformasiya Vasitələrinə müraciət etsinlər. (Təxminən bir ay sonra istedadlı jurnalist Qafar Cəbiyev bu hadisə ilə əlaqədar Azərbaycan qəzetində böyük yazı vermişdi). Fədakar prokurorluq işçiləri Tələt Qarayev və Afər Nəsirov, vicdanlı milis işçiləri könüllülərin dəstəyi ilə 5 gün prokurorluğun binasında növbə çəkirlər. Mən prokurorluq işçilərinin hərəkətini ona görə fədakarlıq adlandırıram ki, biz 70 illik Sovet cəmiyyətinin qanunları ilə işləyirdik. Leninin təbirincə desək, prokurorun heç bir inzibati səlahiyyəti yox idi. Onun yeganə vəzifəsi qanunların düzgün icra olunmasına nəzarəti həyata keçirmək idi. Tələt Qarayev və Afər Nəsirovun əməliyyatçı kimi pusqu qurması, Afərin atəş açması, maşın karvanını saxlaması əslində qanundan kənaraçəkilmə idi. Orada hər hansı bir hadisə olsaydı, prokurorluq işçilərindən səlahiyyətlərinə aid olmayan iş görmələri soruşulacaqdı. Lakin, onlar uca ədalət naminə hər cür riski gözləri önünə alaraq, bu addımı atmışdılar.

Yeri gəlmişkən, prokurorluq işçilərinin vəzifəsinə uyğun olmayan fədakarlığından çox danışmaq olar.

1987-ci ildə Masallı rayon kəndlərindən birində ağır cinayət hadisə törətmiş şübhəli şəxs qoşalülə öv tüfəngi və xəncərlə silahlanaraq, həyətindəki quyuda gizlənib, hadisə yerinə gələnləri atəş açmaqla təhdid edirdi. Hadisə yerində olan prokurorluğun müstəntiqi Şaməddin Nəsibov silahsız həmin adama yaxınlaşıb, xeyli söhbət edir, hətta yemək gətizdirib onunla badələşir. İki saat davam edən bu fədakarlıqdan sonra şübhəli şəxs odlu və soyuq silahı Şaməddinə təhvil verir və təslim olur. Hadisə yerində olmuş milis işçilərinin bir neçəsi təhlükəli cinayətkarı yaxaladıqlarına görə mükafatlandırılırlar. Şaməddin Nəsibov isə yada düşmür. (Mən bir neçə dəfə rayon prokuroruna Şaməddin barədə təqdimat yazılmasının zərurililiyini bildirsəm də, nəticə olmadı).

Başqa bir misal. 1993-cü ildə Balakən rayon prokuroru Yusif Xəlilov ağır cinayət törətmiş iki nəfər şəxsi yaxalamaq üçün milis işçiləri ilə birlikdə həmin şəxslərin gizləndiyi məkana gəlir. Cinayət törətmiş şəxslərlə söhbət etmək üçün onlara yaxınlaşarkən, atəş açılır. O, yerə yataraq sürünə-sürünə bir çokəkliyə çatıb, hava qaralana qədər gözləməli olur. Dörd saat davam edən atışmanın arasında qalır. Hətta, yüngülvari olsa da, yaralanır.

Mən məzuniyyətimi yarımçıq qoyub 20 aprel 1992-ci ildə rayona gələndə milis rəisi və rayon rəhbərliyinin himayədarlığı ilə prokuror və müstəntiqin işdə şahid olması motivi ilə cinayət işini respublika prokurorluğu öz icraatına götürərək, istintaqın aparılmasını mühüm işlər üzrə müstəntiqə tapşırmışdı. Müstəntiq işi xeyli ləngitdi. Nəhayət, 1992-ci ilin iyul ayında qəbul edilmiş "amnistiya aktına” əsasən CM-nin 88-1 maddəsi ilə olan hissəsi xitam edildi. (Yanacağın dəyəri 45000 manat qiymətləndirilmiş və ziyan ödənmişdi). Bir nəfər şəxs CM-nin 220-ci maddəsi ilə (odlu silah gəzdirmə və saxlama) müqəssir qismində cəlb edilərək məhkəməyə verildi. Bu həmin müstəntiq idi ki, sonralar məhşur killer Cabirin qaçırılmasında xüsusi rol oynamışdı. (Bax: Qanla oynamaq olmaz). Bu hadisə layiqli hüquqi nəticəsini almasa da, (milis rəisi və rayon rəhbərliyi sudan quru çıxdılar) gələcəkdə yanacağın Gürcüstan Respublikasına keçirilməsinə qarşı qətiyyətli mübarizənin əsasını qoydu.

Məsələ burasındadır ki, həmin vaxt Gürcüstanda yanacaq qıtlığı var idi. Azərbaycana gələn hər bir Gürcüstan vətəndaşı 50-100 litr yanacaq aparırdı. Lakin, bir tondan artıq yanacaq aparanlara qarşı amansız mübarizə başlanmışdı. Belə hesab edirdik ki, öz ehtiyacından çox yanacaq aparanlar daha ağır vəziyyətdə olan Ermənistanda satıb, qazanc əldə edirlər. Ona görə də bir tondan artıq yanacaq aparanların haqqında CM-nin 153-cü maddəsi ilə (möhtəkirlik) cinayət işi başlanılır və bir nəfər kimi hamısının barəsində həbs qəti-imkan tədbiri seçilirdi.

1992-ci ilin dekabr ayında 3 nəfər şəxs 7 ton dizel yanacağını Gürcüstan Respublikasına apararkən milis işçiləri tərəfindən yaxalanmışdılar. CM-ni 153-cü mad. 2-ci hissəsi ilə başlanılmış cinayət işi üzrə hər üçünə ittiham elan edilməklə barələrində həbs qəti imkan tədbiri seçilmişdi. İstintaq mərhələsində Azərbaycan Respublikasının 27 yanvar 1993-cü il tarixli qanunu ilə 153-cü maddə cinayət məcəlləsindən çıxarıldı. (dekriminalizasiya). Həmin şəxslər barəsində cinayət işi xitam edilməli idi. Əlini əlinə sürtüb sevinənlər də oldu. Nə etməli? Çox fikirləşdikdən sonra ümumi norma tapıldı: Bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı ələ keçirmə (CM-nin 214-cü maddəsi). Bir qayda olaraq, yanacaq daşıyan şəxslər mənbəyi göstərmir, tanımadıqları yol maşınından aldıqlarını bildirirdilər. Beləlilklə, bundan sonra Gürcüstana külli miqdarda yanacaq aparan şəxslərə niyyətdən asılı olaraq CM-nin 214-cü maddəsinin müxtəlif hissələri ilə ittiham elan edilirdi. Barələrində Cinayət Məcəlləsinin 153-cü maddəsi ilə xitam qərarı qəbul edilmiş şəxslərə Cinayət Məcəlləsinin 214-cü maddəsinin 4-cü hissəsi ilə ittiham elan olundu və məhkəməyə verildilər. Məhkəmənin hökmü ilə hər üç müqəssir məhkum edildilər. Bu qanundan geriçəkilmə idimi? Bu gün də hesab edirəm ki, bizim hərəkətimiz düzgün olub. Azərbaycan yanacağının Ermənistana aparılmaması üçün bütün vasitələr məqbul idi. (Əvvəllər bir dövlətin tərkibində olduğumuza, gömrük postlarının hələ yaradılmamasına görə, qaçaqmalçılıqdan söhbət gedə bilməzdi).

Fəxrlə deyirəm ki, Azərbaycandan qonşu respublikalara qeyri-qanuni yolla yanacaq daşınması ilə əlaqədar effektli mübarizə yalnız Zaqatala rayonunda gedirdi. Digər Gürcüstanla sərhəd rayonlarda qeyri-qanuni yanacaq daşınması ilə əlaqədar ən yaxşı halda inzibati tədbirlər görülürdü. Cinayət məsuliyyətinə cəlb edilən olmurdu. İnanmayanlar bunu sadə araşdırma ilə müəyyən edə bilərlər.

(ardı var)
Ələmdar Məmmədov,
keçmiş prokuror