Rusiyanın Velikiy Novqorod şəhərində akrobatika gimnastikası üzrə "Zolotov Cup” adlı beynəlxalq turnirə yekun vurulub.
"Olimpnews.az"ın məlumatına görə, yığma komandamızın üzvləri yarışda uğurla çıxış edərək 3 medal qazanıblar.
11-16 yaş qrupunda Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyünün icra etdiyi kompozisiya hakimlər tərəfindən ən yüksək xalla qiymətləndirilib. İdmançılarımız 83.400 xalla yarışların qızıl medalına layiq görülüblər.
Ruhidil Qurbanlı-Abdulla Əl Məşayxidən ibarət qarışıq cütlüyümüz (13-19 yaş qrupu) isə 85.450 xalla yalnız Almaniya komandasına güzəştə gedərək gümüş medal qazanıb. Eyni yaş qrupunda olan digər cütlüyümüz Nurcan Cabbarlı-Ağasif Rəhimov isə 4-cü yerdə qərarlaşıb.
Komandamıza 3-cü medalı qadınlardan ibarət qrup qazandırıb. 12-19 yaş kateqoriyasında çıxış edən təmsilçilərimiz Emiliya Nəzərli, Ləman Məmmədova və Raziyə Seyidlinin çıxışları gümüş medalla qiymətləndirilib.