Milli Olimpiya Komitəsi yeni ekoloji layihəyə qoşulur

Milli Olimpiya Komitəsi yeni ekoloji layihəyə qoşulur




Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Beynəlxalq Olimpiya Komitəsinin tərkib hissəsi kimi, dünya Olimpiya Hərəkatının prinsipləri əsasında fəaliyyət göstərir. Bu prinsiplər sırasında ətraf mühitə göstərilən diqqət və qayğı ən mühüm yerlərdən birini tutur. MOK "təbiətə dost” olmaq prinsipini rəhbər tutaraq öz fəaliyyətində daha bir yeniliyə imza atıb. Belə ki, bu sahədə Milli Olimpiya Komitəsi və "Azərsun Holdinq”i arasında kağız emalına dair razılaşması əldə olunub. Razılaşmanın həyata keçirilməsi iki mərhələdən ibarətdir. "Azərsun Holdinq” Milli Olimpiya Komitəsinin inzibati binasını xüsusi yaşıl qutularla təmin edəcək və MOK tərəfindən istifadə olunan bütün kağız məmulatları bu qutularda toplanacaq. Sonra toplanmış kağız məmulatları təkrar emal olunmaq üçün "Azərsun Holdinq”in kağız emalı üzrə fabrikinə göndəriləcək. Beləliklə, MOK ətraf mühitə öz töfhəsini verəcək.
Bundan əlavə, qəbul olunmuş qərara əsasən, Milli Olimpiya Komitəsinin ofisini mərhələli şəkildə "yaşıl” ofisə çevirmək də planlaşdırılıb. MOK-un əməkdaşlarını ətraf mühitlə dost olmağa və ondan səmərəli istifadə etməyə çağıran vitse-prezident Çingiz Hüseynzadə deyib: "İdmanın inkişafı ilə bağlı layihələrdə ətraf mühit məsələlərinə xüsusi önəm verilir. Buna misal olaraq, Bakı Olimpiya Stadionunun tikintisini göstərmək olar. Belə ki, hazırda tikilməkdə olan və 2015-ci ildə Birinci Avropa Oyunlarında istifadəsi nəzərdə tutulmuş Bakı Olimpiya Stadionunun mühəndis-layihələndirmə işləri zamanı tikintinin ətraf mühitə təsiri ciddi araşdırılmış və bütün addımlar da məhz nəticələrdən asılı olaraq atılmışdır. Bakı Olimpiya Stadionunun tikintisi zamanı çirkli torpaqların təmizlənməsi və bu gündən etibarən isə istifadə edilmiş kağızların təkrar emala göndərilməsinə başlamağımız ətraf mühitə olan diqqət və qayğımızın nəticəsidir.”
Qeyd edək ki, atılan addımın əsas məqsədi təkcə təbiətin qorunmasına töhfə vermək yox, həm də digər dövlət strukturları və özəl müəssisələri bu cür addımlara sövq etməkdir.