Hərbçilərin dünya çempionatından 10 medal

Hərbçilərin dünya çempionatından 10 medal



Sentyabrın 18-25-də Litvanın Klaypeda şəhərində keçirilən hərbçilərin güləş üzrə 32-ci dünya çempionatına yekun vurulub. Dünya çempionatında 22 ölkədən 320-yə yaxın idmançı qüvvəsini sınayıb.

"Olimpnews.az”ın məlumatına görə, Azərbaycan güləşçiləri bu yarışda 10 (1 qızıl, 3 gümüş və 6 bürünc) medal qazanıblar.

Sərbəst güləşçilərimiz ümumilikdə 5 (1 qızıl və 4 bürünc) medala sahib olublar. Qızıl medalı yığmamıza Qalib Əliyev (61 kq) qazandırıb. Əfqan Xaşalov (57 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq) və Əşrəf Əliyev (86 kq) isə dünya çempionatını bürünc medalla başa vurublar. Beləliklə, sərbəst güləşçilərimiz komanda hesabında Rusiya və İran yığmalarından sonra üçüncü yeri tutublar.
Yarışlarda 2 ilə təmsil olunan qadın güləşi yığmamız isə çempionatda 1 gümüş medal qazanıb. Həmin gümüş medalın sahibi Türkan Nəsirova (48 kq) olub.

Yunan-Roma təmsilçilərimiz isə yarışlarda 4 (2 gümüş və 2 bürünc) medal qazanıblar. Gümüş medalları yığmamıza Elton Vəzirzadə (80 kq) və Orxan Nuriyev (98 kq) qazandırıb. İslam Abbasov (85 kq) Murad Məmmədov (59 kq) isə bürünc medalla kifayətləniblər.