Həmkarlar İttifaqının idman cəmiyyətində gənc nəslin fiziki inkişafına xüsusi diqqət ayrılır

Həmkarlar İttifaqının idman cəmiyyətində gənc nəslin fiziki inkişafına xüsusi diqqət ayrılır

İdmanın, Olimpiya Hərəkatının ölkəmizdə geniş vüsət alması, mövcud idman bazalarının bərpa olunaraq müasir standartlara uyğun səviyyədə yenidən qurulması, paytaxtda və bölgələrdə yeni tipli Olimpiya idman komplekslərinin inşası sürətlə davam edir. Bütün bunlar isə idmançılarımızın Olimpiya Oyunlarında, Avropa və dünya çempionatlarında yüksək nəticələr qazanmasına imkan yaradır. Ölkəmizin beynəlxalq səviyyəli idman tədbirlərinin və yarışların mərkəzinə çevrilməsi dünya idman təşkilatlarının diqqətini Azərbaycana cəlb edib. Təsadüfi deyil ki, Azərbaycan müxtəlif idman növləri üzrə Avropa, dünya çempionatlarına, beynəlxalq turnirlərə ev sahibliyi edən ölkələr sırasında ilk pillələrdə yer alır.

Ölkəmizdə gənclərin idmana cəlb olunması işi xüsusi diqqət mərkəzində saxlanılır. Şübhəsiz ki, qazanılan uğurlar məntiqi, ardıcıl dövlət siyasətinin və proqramının nəticəsidir. Gələcəyin qurucusu olan gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi Azərbaycanda dövlət səviyyəli əhəmiyyətli məsələlərdəndir. Uşaq və gənclərin idmana cəlb olunması sağlam həyat tərzinə stimul yaradır. Sağlam gənc nəslin yetişməsi və formalaşdırılması dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev çıxışlarında dəfələrlə yeniyetmə və gənclərin idmana cəlb edilməsinin vacibliyini, idmanla məşğul olan gənclərin mənəvi cəhətdən güclü olduqlarını vurğulayıb. Uşaq və gənclərin sağlam böyüməsi, onların fiziki və mənəvi inkişafı, milli ruhda tərbiyələndirilməsi, geniş dünyagörüşlü, çevik və bacarıqlı nəslin yetişdirilməsi həmişə ölkə rəhbərliyinin diqqət mərkəzində olub.

Azərbaycanda son illər inşa edilən idman qurğuları, Olimpiya idman kompleksləri, stadionlar, zallar uşaq və yeniyetmələrimizin sağlamlığına, fiziki cəhətdən daha da inkişaf etməsinə xidmət edir. Uşaq və gənclərimizin hər biri vətənimizin keşiyində dayanaraq, sabahın mərd, qorxmaz əsgəri olacaqlar. İndi Azərbaycan gənclərinin dünyanın ən qabaqcıl gəncləri sırasında olduğunu desək, yanılmarıq. Gənc nəslin nümayəndələri müxtəlif sahələrdə, o cümlədən idmanda özlərinin bacarıqlı, güclü olduqlarını bütün dünyaya sübut edirlər. Sevindirici haldır ki, ölkəmizdə idmanla məşğul olan uşaq və gənclərin sayı günbəgün artır, idman kütləviləşir. Xüsusi qeyd olunmalıdır ki, bədən tərbiyəsinin ümdə sahələrindən biri də kütləvilikdir. İdmanın inkişafına yönəldilən kütləvilik ümumtəhsil məktəblərindən, məktəbdənkənar müəssisələr olan uşaq bağçalarından başlayır. Ölkəmizdə xeyli sayda uşaq-gənclər idman məktəbləri, müxtəlif cəmiyyətlər yaradılıb ki, bunların da üzərinə kütləviliyi inkişaf etdirmək kimi böyük vəzifə düşür.

Ən müasir idman qurğularında təcrübə qazanan idmançılarımız Avropa, dünya miqyaslı turnirlərdə öz sözlərini layiqincə deyirlər. İdmanın şöhrət zirvəsində yer alan gənclərimizin vətənpərvərlik, dünyəvilik prinsipləri əsasında tərbiyə olunması, onların fiziki və mənəvi inkişafı da Azərbaycan dövlətinin əsas ideologiyalarından biridir. Uşaq və gənclərə göstərilən əvəzsiz qayğı ölkəmizin, millətimizin gələcəyi olan nəslin güclü xarakterə, sağlam ruha malik olmasında başlıca rol oynayır. Bu gün Azərbaycanda fiziki və mənəvi cəhətdən sağlam, bütün varlığı ilə xalqına, vətəninə bağlı olan bir nəsil yetişib. Sözsüz ki, bütün bunlar Azərbaycan dövlətinin gənc nəslə qayğısından qaynaqlanır. Qayğı ilə əhatə olunan hər bir uşaq isə mənəvi cəhətdən saf olur, pis əməllərdən çəkinir, göstərilən qayğıdan müsbət yararlanmağı özünün mənəvi borcu hesab edir.

Uşaq və yeniyetmələrin böyük idmana gedən yolu təbii ki, bu sahənin inkişafında özünəməxsus dəsti-xətti olan cəmiyyətlərdən və klublardan keçir. Uzun illərdir ki, ölkənin idman və bədən tərbiyəsinin inkişafında uğurla fəaliyyət göstərən "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyi (BTİCİB) məhz bu sahədə kifayət qədər təcrübəsi olan qurumlardandır. Cəmiyyətin idmançıları indiyədək Avropa və dünya birinciliklərində, Olimpiya Oyunlarında ölkəmizi şərəflə təmsil edir, yüksək nailiyyətlər qazanırlar.

"Zenit” İB Azərbaycan Həmkarlar İttifaqı İdman Təşkilatları İctimai Birliyinin (AHİİTİB) tabeliyindədir və həmin qurumun dəstək və qayğısını hər zaman hiss edir. Yeri gəlmişkən, qeyd edək ki, AHİİTİB ölkədə idman və Olimpiya Hərəkatının inkişafı və təbliği məqsədilə tabeliyində olan bütün idman qurumlarına hərtərəfli kömək edir və hər cür şərait yaradır. İdman cəmiyyəti xüsusilə təkbətək döyüşlər növləri üzrə idmançıların hazırlanması sahəsində zəngin təcrübəyə malikdir. Burada idmanın sərbəst güləş, yunan-Roma güləşi, boks, cüdo, taekvondo və sambo bölmələri fəaliyyət göstərir. İdman ocağının fəaliyyəti təkcə paytaxtı əhatə etmir, Sumqayıt və Gəncə şəhərlərində də yerli şuralar fəaliyyət göstərir. Təcrübəli məşqçilər yetirmələrinin peşəkar idmançı kimi püxtələşməsində, ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etmələrində böyük əmək sərf edirlər. Təsadüfi deyil ki, yüksək səviyyəli turnirlərdə, mötəbər yarışlarda Azərbaycanı layiqincə təmsil edən idmançılar arasında cəmiyyətin yetirmələrinin sayı yetərincədir. Cəbrayıl Həsənov, Əfqan Xaşalov, Elmira Qəmbərova və başqaları məhz "Zenit” İC-ni təmsil edirlər.

"Zenit” İC-in 3 idmançısı buyaxınlarda beynəlxaq turnirlərdən medallarla qayıdıb. Bununla əlaqədar olaraq, həmin idmançılar və onların məşqçiləri ilə idman cəmiyyətinin bazasında görüşdük.

"Dünya birinciliyində Azərbaycan bayrağını dalğalandırdığım 
üçün çox sevinirəm”

Bu ilin sentyabr ayında Yunanıstanın paytaxtı Afina şəhərində yeniyetmə güləşçilər arasında dünya birinciliyi keçirilib. Yarışda "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin də yetirməsi iştirak edib və yüksək nəticə qazanıb. 42 kq çəki dərəcəsində mübarizə aparan idman ocağının təmsilçisi Əlihəsən Əmirli Afinada bütün rəqiblərinə qalib gələrək yeniyetmələr arasında dünya birinciliyinin qalibi adına layiq görülüb. Sərbəst güləşçi dünya çempionatında keçirdiyi görüşlər barəsində "Olimpiya dünyası” qəzetinə danışdı: "Yunanıstanda keçirilən dünya çempionu mənim üçün yaddaqalan oldu. Yarışa yüksək səviyyədə hazırlaşmışdım. Fiziki hazırlıq baxımdan heç bir problem yox idi. Turnirə 1/8 final mərhələsindən başladım. Əvvəlcə amerikalı idmançı üzərində 11:0 hesabı ilə qələbə qazandım. Növbəti mərhələdə isə Qazaxıstan təmsilçisini eyni hesabla məğlub etdim. Yarımfinalda yaponiyalı güləşçini də 11:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazandım. Həlledici mərhələdə özbəkistanlı güləşçi ilə qarşılaşdım. Bu görüş mənim üçün çox çətin keçdi. Bilirdim ki, bu mərhələdə səhv etsəm, dünya çempionu titulundan məhrum ola bilərəm. Buna görə də çox ehtiyatlı güləşdim. Birinci hissədə rəqibimdən bir xal aldım və bu üstünlüyümü görüşün sonuna qədər saxlamağı bacardım. Bu çempionatın mənim üçün yaddaqalan məqamlarından biri keçirdiyim bütün görüşlərdə rəqiblərimdən heç birinə xal verməməklə 33 xal toplamağım oldu. Bu, mənim üçün çox yüksək bir nəticədir. Dünya birinciliyində Azərbaycan bayrağını dalğalandırdığım üçün çox sevinirəm. Çalışacağam ki, gələcəkdə keçirilən növbəti yarışlarda da uğurla mübarizə apararaq mənə bəslənən ümidləri doğruldum”.

İkiqat dünya çempionu olmağa nə mane oldu?

"Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin digər təcrübəli güləşçisi Əfqan Xaşalov (55 kq) isə Almaniyanın Dortmund şəhərində keçirilən Avropa çempionatında qızıl medala layiq görülüb. Perspektivli sərbəst güləşçi ötən ay Finlandiyanın Tampere şəhərində gənclər arasında keçirilən dünya çempionatında da uğurla yarışıb. 55 kq çəki dərəcəsində mübarizə aparan Əfqan Xaşalov dünya çempionatından vətənə bürünc medalla qayıdıb. Yarışlarla bağlı fikirlərini bildirən sərbəst güləşçi əsas məqsədinin böyüklər arasında da dünya, Avropa çempionu, həmçinin Olimpiya Oyunlarının medalna sahib çıxmaq olduğunu bildirdi: "Almaniyada keçirilən Avropa çempionatına yüksək səviyyədə hazırlaşmışdım. Keçirdiyim heç bir görüşdə çətinlik çəkmədən rəqiblərimə qalib gəldim. Yarışa 1/8 final mərhələsindən başlamışdım. Əvvəlcə İsveçrə idmançısına 12:0 hesabı ilə qalib gəldim. 1/4 finalda erməni güləşçisini də 12:0 hesabı ilə məğlub etdim. Növbəti mərhələdə isə Moldovadan olan rəqibimi asanlıqla məğlub etdim və finala vəsiqə qazandım. Keçirdiyim görüşlərin heç birində rəqiblərimə xal vermədim. Həlledici görüşdə rəqibim Bolqarıstan idmançısı oldu. Tam üstünlüklə rəqibimi məğlub edərək Avropa çempionatının qızıl medalına layiq görüldüm. Avropa çempionu tituluna sahib çıxmaq qürurverici hissdir. Yeniyetmələr arasında bu titula yiyələnmişdim. Gənclər arasında da Avropa çempionu adını qazandım”.

Dünya çempionatındakı nəticələri ilə bağlı danışan Əfqan Xaşalov çempion ola bilməməsini həm çəki problemi, həm də zədələnməsi ilə əlaqələndirdi. "Avropa çempionatından sonra dünya çempionatına yollandıq. Dünya və Avropa çempionatı arasında vaxtı nəzərə alsaq, istirahətə çox az vaxtımız var idi. Buna baxmayaraq, yarışa yüksək səviyyədə hazırlaşmışdım. Qızıl medal qazana bilməməyimdə bir sıra səbəblər var idi. Bunlardan ən başlıcası həm çəki problemi, həm də xəstələnməyimlə bağlı oldu. Hətta ilk görüşümdə topuğumdan zədə aldım. Məşqçilərimin və həkimlərin səyi nəticəsində növbəti görüşə çıxdım. Zədələnməyimə baxmayaraq, birinci görüşdə bolqarıstanlı idmançıya qalib gəldim. Növbəti görüşdə isə ABŞ təmsilçisinə uduzdum. Bürünc medal uğrunda təsəlliverici görüşlərdə Əlcəzair və Özbəkistan idmançılarını məğlub etdim. Üçüncü yer uğrunda görüşdə isə İran güləşçisinə qalib gələrək bürünc medala sahib çıxdım. Təbii ki, çox istəyirdim ki, ikiqat dünya çempionu adını qazanım. Lakin bu mötəbər yarışda və belə bir vəziyyətdə bürünc medal qazanmağım da mənim üçün böyük nəticədir. Medal qazanmaq, fəxri kürsüdə yer almaq və himni səsləndirmək hər bir idmançı üçün əvəzsiz hisslərdir. Mənə bəslənən ümidləri doğrultduğum və məşqçilərimin əziyyətini yerdə qoymadığım üçün çox sevinirəm. Qələbəmdə əziyyəti olan bütün məşqçilərimə, Azərbaycan Güləş Federasiyasının və "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin rəhbərliyinə minnətdarlığımı bildirirəm”, - deyə o əlavə etdi.

İlk yarışda qızıl medal məşqçini sevindirdi

Əlihəsən Əmirli və Əfqan Xaşalovun məşqçisi Cavid Qurbanzadə bizimlə söhbətində son yarışlar barəsində fikirlərini bölüşdü. 2000-ci ildən sərbəst güləş sahəsində çalışan təcrübəli mütəxəssis yetirmələrinin çıxışından razı qaldığını və onların gələcəkdə Olimpiya çempionu adını qazanacağına inandığını bildirdi. Əvvəlcə Əlihəsən Əmirli barəsində danışan Cavid müəllim tələbəsinin ilk yarışda yüksək nəticə qazandığını vurğuladı: "Əlihəsənlə bir il idi ki, turnirə hazırlaşırdıq. Yaşının az olmasına baxmayaraq, çox perspektivli və texnikalı güləşçidir. Bu il ondan yüksək nəticələr gözləyirdim. Afinada keçirilən dünya çempionatı Əlihəsən üçün ilk beynəlxalq yarış idi. İlk dəfə beynəlxalq arenada çıxış etməsinə baxmayaraq, bütün görüşləri yüksək səviyyədə keçirdi. Qarşıda bizi respublika və Avropa çempionatı, həmçinin beynəlxalq yarışlar gözləyir. Biz gələn il Argentinada keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına hazırlaşırıq. Qeyd edim ki, Avropa çempionatının final mərhələsində iştirak edən idmançı yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanacaq. İnanıram ki, Əlihəsən bu işin öhdəsindən də layiqincə gələcək”.

Təcrübəli mütəxəssis Əfqanın dünya çempionu ola bilməməsinin səbəbini xəstələnməsi ilə izah etdi. "Əfqan Avopa çempionatında yaxşı çıxış etdi. Bütün rəqiblərinə vaxtından əvvəl qalib gəldi. Dünya çempionatında isə qızıl medal qazanmaq mümkün olmadı. Xəstələndiyinə görə, tam gücü ilə mübarizə apara bilmədi. Hətta biz ehtimal edirdik ki, o, səhhətinə görə yarışa çıxa bilməsin. Buna baxmayaraq, Əfqan özündə güc tapdı və vətənə bürünc medalla qayıtmağı bacardı. Məşqçi kimi həmişə çalışmışam ki, yetirmələrimə düzgün istiqamət verim, onları zədələrdən və pis vərdişlərdən qoruyum”, - deyə Cavid Qurbanzadə əlavə etdi.

"Biz ondan qızıl medal gözləyirdik...”

Finlandiyada keçirilən dünya çempionatında "Zenit” İC-in digər güləşçisi Namaz Rüstəmov da mükafatçılar sırasında yer alıb. 66 kq çəkidə mübarizə aparan yunan-Roma güləşçisi bürünc medala yiyələnib. Namaz Rüstəmovun şəxsi məşqçisi Zöhrab Abbasov yetirməsinin bu ildən böyüklərin yarışında mübarizə aparacağını və onun yığma komandanın heyətinə əsas namizədlərdən biri olduğunu qeyd etdi: "Namaz Rüstəmov gələcək üçün perspektiv vəd edən idmançılardan biridir. O, Finlandiyada keçirilən dünya çempionatında uğurla yarışdı. Namaz çempionatda Macarıstan və Özbəkistandan olan rəqiblərinə qalib gəlsə də, 1/4 final görüşündə məğlub oldu. Onun rəqibi finala yüksəldiyindən Namaz da təsəlliverici görüşlərdə iştirak etdi. Ukrayna idmançısına qalib gələn yetirməm bürünc medal uğrunda həlledici görüşdə Türkiyə təmsilçisi ilə qarşılaşıb. O, gərgin keçən qarşılaşmada qalib gələrək dünya çempionatının bürünc medalına sahib olmağı bacardı. Təbii ki, biz ondan qızıl medal gözləyirdik, bu nəticə ilə kifayətlənmək istəmirdik. Qeyd edim ki, o, bu il respublika çempionu adını da qazanıb. Namaz artıq böyüklərdən ibarət komandaya keçdi. Onun növbəti sınağı noyabr ayında Polşanın paytaxtı Varşava şəhərində keçiriləcək 23 yaşlılar arasında dünya çempionatı olacaq. Yetirməm bu yarışda iştirak etməyə əsas namizədlərdən biridir. Biz onun böyüklər arasında da uğurlu nəticələr əldə edəcəyinə inanırıq”.

Spartakiadanın proqramında yeni idman növü

Hər il ənənəvi olaraq "Zenit” İC-in xidmət sahəsinə daxil olan müəssisə və təşkilatların Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş Respublika Spartakiadası keçirilir. Növbəti, XX Spartakiada oktyabrın 11-də start götürəcək. 10 idman növü üzrə keçiriləcək spartakiadanın proqramında bu il dəyişiklik olacaq. Belə ki, yarışın proqramına qol güləşinin əvəzinə üzgüçülük növünü daxil edilib. Əsas məqsəd üzgüçülük növünün kütləviliyini artırmaq və inkişafına nail olmaqdır. "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin İdman Təşkilatı işlərinin şöbə müdiri Əzim Süleymanov XX Spartakiadanın respublika yarışları səviyyəsində keçiriləcəyini və ili uğurlu nəticələrlə başa vuracaqlarını bildirdi: "Spartakiadanın keçirilməsində əsas məqsəd zəhmətkeşlərin sağlamlığının möhkəmləndirilməsi, onların bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsini təmin etmək, müəssisə və təşkilatların fəhlə və qulluqçuların asudə vaxtlarını səmərəli keçirmək, bədən tərbiyəsi və idman yarışlarını daha yaxşı təşkil etmiş müəssisələri, təşkilatları müəyyən etməkdən ibarət olub. İnanıram ki, əvvəlki illərlə olduğu kimi, bu il də spartakiadanı yüksək səviyyədə təşkil edəcəyik”.

İdman cəmiyyətin bu ilin 9 ayındakı nəticələri barəsində danışan Əzim müəllim nəticələrin qənaətbəxş olduğunu vurğuladı: "Ölkədə fəaliyyət göstərən bütün klub və cəmiyyətlərin arzusu odur ki, idmançıları yüksək nəticələr göstərsin. Bu il bizim üçün yüksək nəticələrlə yadda qalacaq, desəm, yanılmaram. Cəmiyyətimizin idmançıları - Əfqan Xaşalov, Əlihəsən Əmirli və Namaz Rüstəmovu qələbələr münasibəti ilə təbrik edirəm. Bu qələbələr onu göstərir ki, cəmiyətimizdə yeni idmançılar yetişir. Onlar böyüklərdən ibarət yığma komandaya gələcək namizədlərdir. Əfqan Xaşalov Azərbaycanın idman ustası adını alıb. Əlihəsən Əmirli də idman ustası adına namizəddir. Biz bu idmançılara böyük ümidlərlə baxırıq. Mən onların hər birini gələcəyin Olimpiya çempionları kimi görürəm. Yerli idmançıların sayının artması bizi hədsiz sevindirir. Azərbaycan güləşi həmişə bütün yarışlarda öz sözünü deyib. İnanıram ki, bundan sonrakı yarışlarda da pəhləvanlarımız uğurları ilə fərqlənməyi bacaracaqlar”.

Rahib Səmədov,
Azər Əlizadə