I Paralimpiya Festivalı Naxçıvanda keçirildi

I Paralimpiya Festivalı Naxçıvanda keçirildi



Mayın 1-də Naxçıvanda ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş I Paralimpiya Festivalı keçirildi. Milli Paralimpiya Komitəsi, İdman və Gənclər Nazirliyi və Naxçıxan muxtar respublikası rəhbərliyinin birgə təşkilatçılığı ilə keçirilən idman bayramının məqsədi muxtar respublikada əhalinin idmana olan marağını daha da artırmaq, idmançıları paralimpiya ilə yaxından tanış etmək idi.



Yarışdan əvvəl Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, muxtar respublikanın Paralimpiya Federasiyasının prezidenti Cavid Səfərov və digər rəsmi şəxslərin iştirakı ilə paralimpiyaçılar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər. Sonra nümayəndə heyəti Heydər Əliyev Muzeyi ilə tanış oldular. Dahi şəxsiyyətin şəxsi arxivindən götürülmüş uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, çoxsaylı fotoşəkillər, ulu öndər haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri tədbir iştirakçılarında böyük maraq oyatdı.
Şərur Olimpiya İdman Kompleksində keçirilən festivalın açılış mərasimi maraqlı və yaddaqalan oldu. Mərasimdə Milli Paralimpiya Komitəsinin(MPK) prezidenti İlqar Rəhimov, Naxçıxan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, muxtar respublikanın Paralimpiya Federasiyasının prezidenti Cavid Səfərov, ikiqat paralimpiya çempionu İlham Zəkiyev və digər rəsmi nümayəndələr çıxış etdilər.
Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirdi ki, Naxcıvanda keçirilən I Paralimpiya Festivalı əsl idman bayramıdır. "Bu festivalın qədim Naxçıvanda keçirilməsi heç də təsadüfi deyil. Ulu öndər Heydər Əliyevin yaşadığı torpaqda, igidlər yurdu olan Naxçıvanda keçirilən bu festival ümummilli liderin xatirəsinə, onun 90 illik yubileyinə həsr olunub. Bu festivalın keçirilməsində bizə yaxından kömək edən Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova təşəkkürümü bildirirəm. Bu festivalının hər birimizin yaddaşında xoş xatirəyə çevriləcəyindən əminəm. Qürurla deyə bilərəm ki, bu gün Azərbaycanın müstəqil, inkişaf etmiş bir dövlət kimi mövcud olmasının səbəbi məhz ulu öndər Heydər Əliyevdir. Ümummilli liderimizin uzaqgörən siyasəti, ölkəsinə duyduğu dərin məhəbbətin nəticəsidir ki, bu gün respublikamız sayılıb-seçilən ölkələr arasında öz yerini tutub. O, Azərbaycanın qurucusu, millətimizin xilaskarıdır. Ulu öndər Heydər Əliyev bütün sahələr kimi, idmana da xüsusi diqqət göstərirdi. Bu diqqət sayəsində idman respublikamızda yüksək sürətlə inkişat etdi. Ulu öndər Heydər Əliyevin yolunu davam etdirən Azərbyacan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin məqsədyönlü, uğurlu siyasəti nəticəsində bu inkişaf daha da sürətləndi. Artıq Azərbaycan beynəlxalq miqyasda tanınan ölkələr arasındadır. İdmançılarımız Olimpiya və paralimpiya oyunlarından vətənə çoxlu medallarla qayıdırlar. Paralimpiyaya maraq getdikcə artmaqdadır. Bu isə fiziki qüsurlu insanların özlərinə inam, həyata sevgi hisslərini artırır, sağlam həyat tərzi keçirməsinə yaşamasına gətirib çıxarır”, - deyə İlqar müəllim bildirdi. Komitə rəhbəri əlavə etdi ki, paralimpiyaçılar arasında dünya şöhrətli idmançılarımız var. Onlar beynəlxalq yarışlarda Azərbaycanımızın bayrağını yüksəklərə qaldırır, ölkəmizin tanınmasına xidmət edirlər.” Ümid edirəm ki, bu festivalın Naxçıvanda keçirilməsi burada paralimpiyaya olan, fiziki cəhətdən qüsurlu insanlarda özünəinam, cəsarət hissləri yaradacaq. Bu festival münasibətilə hər birinizi təbrik edir və yeni-yeni qələbələr arzulayıram”, - deyə o vurğuladı.



Festivalda çıxış edən Naxçıvan MR-nın gənclər və idman naziri Azad Cabbarov Azərbaycanın yüksək sürətlə inkişaf etdiyini, dünya ölkələri arasında nüfuzlu yer tutduğunu və idman ölkəsi kimi tanındığını diqqətə çatdırdı. Nazir qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı idmançılarımıza mənəvi güc verir, onların ölkədaxili və beynəlxalq yarışlarda qələbə qazanmasına gətirib çıxarır. " Ölkəmizin idman sahəsində qazandığı uğurlar beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, I Avropa Oyunları məhz Azərbaycanda keçiriləcək. Hazırda ölkəmiz irimiqyaslı idman yarışlarını keçirməyə qadirdir. Bunun üçün respublikamızda hər bir şərait var. Ölkə rəhbərliyinin gərgin əməyi, uzaqgörən siyasəti nəticəsində respublikamız inkişaf etmiş ölkələr sırasındadır. İdmanın inkişaf etməsi, insanların sağlam həyat tərzi keçirməsi və beynəlxalq idman yarışlarının keçirilməsi üçün ölkəmizdə beynəlxalq standartlara cavab verən Olimpiya kompleksləri, idman qurğuları tikilib istifadəyə verilib. 



Bu şərait idmanın kütləviləşməsinə, idmançılarımızın hazırlıq səviyyəsinin daha da yüksəlməsinə xidmət edir. Olimpiya və paralimpiya oyunlarında iştirak edən idmançılarımızın ölkəmizə çoxlu medallarla qayıtması, vətənimizi yüksək səviyyədə təmsil etməsi idmana göstərilən diqqət və qayğının bariz nümunəsidir . Paralimpiyaçılarımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir, bayrağımızı zirvələrə qaldırırlar. Bu gün I Paralimpiya Festivalının Naxçıvanda keçirilməsi hamımızı sevindirir. Bu festivalın yüksək səviyyədə keçirilməsinə görə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova təşəkkürümü bildirirəm. Vasif müəllim Naxçıvanda idmanın inkişafı və kütləviləşməsi üçün böyük səy göstərir . Məhz onun diqqət və qayğısının nəticəsidir ki, bu gün Naxçıvanda beynəlxalq yarışlar keçirilir, idman daha da inkişaf etdirilir. Naxçıvanın bu günkü inkişafı, görülən işlər bu zəhmətin nümunəsidir. Bu gün Naxçıvanda ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə bir çox beynəlxalq yarışlar keçirilir. Naxçıvana gələn paralimpiyaçılarımızı salamlayır, bütün idmançılarımıza uğurlar arzulayıram”, - deyə Azad Cabbarov bildirdi.



Muxtar Respublika Paralimpiya Federasiyasının prezidenti Cavid Səfərov qeyd etdi ki, ölkəmizdə idmanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. " Ümümmilli lider Heydər Əliyevin diqqət və qayğısının, uğurlu siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda idman yüksək sürətlə inkişaf edib. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə idmana, idmançılara böyük diqqət göstərilir. Respublikamızda müasir standartlara cavab verən Olimpiya kompleksləri tikilib, istifadəyə verilib. İdmançılarımızın sayı isə getdikcə artmaqdadır. Onlar Olimpiya oyunlarından, beynəlxalq yarışlardan vətənə medallarla qayıdır, Azərbaycanın bayrağını zirvələrə ucaldırlar. Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş I Paralimpiya Festivalını məhz Naxçıvanda, bu qədim torpaqda keçirdiklərinə görə Milli Paralimpiya Komitəsinin rəhbərliyinə təşəkkürümü bildirirəm. Bu gün Naxçıvanda idmana böyük qayğı və diqqət göstərilir. İdmanın kütləviləşməsi üçün hər şərait yaradılıb. Bildiyiniz kimi Naxçıvanda Paralimpiya Federasiyası 2006-cı ildə yaradılmışdır. Paralimpiya Oyunlarında ölkəmizi təmsil edənlər arasında Naxçıvanda doğulub boya-başa çatanlar da var. Paralimpiya oyunlarında idmançılarımızın medallar qazanması, yüksək pillələrdə yer tutması sübut edir ki, idman ölkəmizdə yüksək səviyyədə inkişaf edib”,- deyə Cavid Səfərov bildirdi. Sonra ikiqat paralimpiya çempionu İlham Zəkiyev və digərləri çıxış etdilər. İlham Zəkiyev qədim Naxçıvan torpağında keçirilən belə bir festivalda iştirak etdiyi üçün qürur duyduğunu bildirdi, ölkəmizdə idmana göstərilən dövlət qayğısından, paralimpiyaçılarımızın qazandıqları uğurlardan bəhs etdi.
Daha sonra paralimpiyaçıların iştirakı ilə cüdo, qılıncoynatma, kamandan oxatma, pouerliftinq əlil arabasında rəqs və diğər idman növləri nümayiş olundu. İncəsənət nümayəndələrinın ifasında səslənən musiqi nömrələri , Şərur yallısı festival iştirakçılarında xoş ovqat yaratdı. Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan festival mayın 2-də başa catdı. Festivalın sonunda paralimpiyaçılar fəxri diplomlar, kubok və medallarla təltif olundular.
Qeyd edək ki, festivalın yüksək səviyyədə təşkilində böyük əməyi olan Milli Paralimpiya Komitəsinin vitse-prezidentləri Natiq Qasımov və Şaiq Həmidov bizimlə söhbətlərində I Paralimpiya Festivalının qədim Naxçıxanda keçirilməsindən böyük zövq aldıqlarını və belə festivalların bundan sonra da keçiriləcəyini bildirdilər.
Jalə Rzabəyli