İdman gimnastlarımız Tbilisidən 5 medalla qayıdıblar

İdman gimnastlarımız Tbilisidən 5 medalla qayıdıblar


Oktyabrın 12-16-da kişi idman gimnastikası üzrə yığma komandamızın üzvləri Gürcüstanın Tbilisi şəhərində keçirilən beynəlxalq turnirdə iştirak ediblər.

Komandamızın üzvlərindən Cavidan Babayev və Səməd Məmmədli turniri 2 medalla başa vurublar. Cavidan Babayev gümüş medalı sərbəst hərəkətlərdə hakimlərdən 12.766 xal almaqla qazanıb. Bürünc medala (12.666 xal) isə o, halqalarda uğurlu çıxış etməklə sahib olub. Səməd Məmmədli dəstəli atda gümüş (12.966 xal), turnikdə isə bürünc medal (12.200 xal) əldə edib. Komanda yoldaşlarından geri qalmayan Sərvər Əliyev isə yığmamızın hesabına gümüş medal (parallel qollar, 13.033 xal) yazdırıb. Beləliklə, idman gimnastlarımız yarışları ümumi hesabda 5- 3 gümüş, 2 bürünc medalla başa vurublar.

Gimnastika üzrə daha bir beynəlxalq yarış oktyabrın 13-15-də Polşanın Jeşuv şəhərində təşkil edilib. Təmsilçilərimiz akrobatika gimnastikası üzrə Avropa Yaş Qrupu Yarışlarında qüvvələrini sınayıblar. Ölkəmizi bu yarışlarda kişi cütlüyü proqramında Daniel Abbasov-Murad Rəfiyev (11-16 yaş), qadın qrupu proqramında isə Emiliya Nəzərli, Raziyə Seyidli və Ləman Məmmədova (12-18 yaş) təmsil ediblər.
Gənc gimnastlarımız təsnifat mərhələsində uğurlu çıxışlar nümayiş etdirərək, hər iki proqramda finalçılar sırasına düşməyi bacarıblar. Yekun mərhələdə isə kişi cütlüyümüz 26.000 xalla 5-ci, qadın qrupumuz 26.600 xalla 6-cı yerdə yarışları başa vurublar.
Xatırladaq ki, oktyabrın 19-22-də Jeşuv şəhəri akrobatika gimnastikası üzrə Avropa çempionatına da ev sahibliyi edəcək.