Avropa Ədalətli Oyunlar Hərəkatının XXIII Konqresi öz işinə başlayıb

Avropa Ədalətli Oyunlar Hərəkatının XXIII Konqresi öz işinə başlayıb

İsrailin Hayfa şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) XXIII Konqresinə start verilib. Olimpnews.az saytının məlumatına görə, tədbirdə AƏOH-a üzv olan müxtəlif ölkələrdən olan idman mütəxəssisləri, idman sahəsində fəaliyyət göstərən nümayəndələr iştirak edirlər. Konqresdə ölkəmizi Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev təmsil edir.

Tədbirin keçirilməsində məqsəd idmanda və ümumiyyətlə, cəmiyyətdə ümumbəşəri dəyərlərin, etik normaların qorunması istiqamətində maarifləndirici işlərin aparılması, idman yarışları zamanı müxtəlif təsirlər altında meydana gələn neqativ hallara qarşı mübarizənin gücləndirilməsi yollarının araşdırılmasına idman mütəxəssislərini və əlaqədar şəxsləri sövq etmək və müsbət nümunələri dəyərləndirərək cəmiyyətə çatdırmaqdan ibarətdir.

Konqresin əsas mövzusu "İdman barışıq vasitəsidir” adlanır. Konqres zamanı mütəxəssislər qeyd olunan mövzu ətrafında məruzələrlə çıxış edəcəklər.

Tədbirin ilk günü keçirilən açılış mərasimində MOK-un vitse-prezidenti Xəzər İsayev Hayfa şəhərinin meri Yona Yahava Azərbaycan Milli Olimpiya Komitəsinin xatirə hədiyyəsini təqdim edib. AzƏOK sədri Azərbaycan dövləti tərəfindən Ədalətli Oyunlar Hərəkatının inkişafına verilən dəstəkdən bu sahədə görülən işlərdən danışıb. O, Avropa qurumu ilə əlaqələrin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini bildirib.

Konqresə oktyabrın 26-da yekun vurulacaq.