“Naxçıvan kuboku” Azərbaycanda qaldı

“Naxçıvan kuboku” Azərbaycanda qaldı

Xəbər verdiyimiz kimi, mayın 4-5-də Naxçıvan Olimpiya İdman Kompleksində ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı yunan-Roma güləşi üzrə gənclər arasında "Naxçıvan kuboku” uğrunda ənənəvi beynəlxalq turnir keçirilib.



Yarışdan əvvəl turnirin Təşkilat Komitəsinin üzvləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan MR və Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndələri, AGF-nin birinci vitse-prezidenti Namiq Əliyev, federasiyanın baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov, Olimpiya çempionları Namiq Abdullayev, Fərid Mənsurov, Toğrul Əsgərov və Şərif Şərifov ümummilli liderin Naxçıvan şəhərindəki abidəsinin önünə gül dəstələri qoyublar. Sonra açılış mərasimi olub. Namiq Əliyev Naxçıvan torpağında yarış iştirakçılarını salamlayıb. Ölkəmizdə uğurla həyata keçirilən idman siyasətindən, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan danışan natiq idmançılarımızın nailiyyətlərinin ildən-ilə artığından söhbət açıb.
Naxçıvan MR Ali Məclisin sədri Vasif Talıbov, ölkəmizdə bütün sahələrdə olduğu kimi, idmanda da güclü infrastruktur layihələrinin icra edildiyini diqqətə çatdırıb. Ali Məclisin sədri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Yarış iştirakçılarına uğurlar arzulayan Vasif Talıbov turniri açıq elan edib.


Namiq Əliyev Naxçıvan Muxtar Respublikasında güləşin inkişafındakı xidmətlərə görə Vasif Talıbova FİLA-nın qızıl medalı və fəxri diplomunu təqdim edib.
Mərasim bədii hissə ilə davam edib. "Eurovision” musiqi yarışının qalibləri Eldar və Nigarın çıxışı azarkeşlərin gurultulu alqışları ilə qarşılanıb.
Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan, Şərur, Özbəkistan və Rusiya komandaları "A” yarımqrupunda, Naxçıvan, Ukrayna, Gürcüstan və Türkiyə komandaları isə "B” yarımqrupunda güclərini sınayıblar. Mayın 4-də yarımqrup üzrə görüşlər keçirilib. Öz yarımqruplarında birinci olan Azərbaycan və Naxçıvan komandaları həlledici mərhələdə qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən yarışda Naxçıvan komandası fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Azərbaycan komandası ikinci, Gürcüstan yığması isə üçüncü yeri tutub.

Esmira Orucova