Azərbaycan Texniki Universitetinin İdman Sarayının əsaslı təmirdən sonra açılışı olub

Azərbaycan Texniki Universitetinin İdman Sarayının əsaslı təmirdən sonra açılışı olub

Azərbaycan Texniki Universitetinin İdman Sarayının əsaslı təmirdən sonra açılışı olub.

Olimpnews.az saytının məlumatına görə, mərasimdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev, universitetlərin rektorları, ölkəmizin idman və təhsil ictimaiyyətinin, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Məlumat verilib ki, İdman Sarayının təməli ümummilli lider Heydər Əliyevin iştirakı ilə qoyulub. Məhz Ulu Öndərin şəxsi nəzarəti altında 1973-cü ildə sarayın tikintisi başa çatdırılaraq ali təhsil müəssisəsinin ixtiyarına verilib.

İştirakçılar İdman Sarayının basketbol, qılıncoynatma və digər zallarında yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, Təhsil Nazirliyi tərəfindən təmir olunan bu idman qurğusunda təkcə universitetin tələbələri üçün deyil, peşəkar idmanla məşğul olmaq istəyən gənclər üçün hər cür şərait yaradılıb. Sarayın ümumi sahəsi 1804 kvadratmetrdir. İdman Sarayı 928 tamaşaçı tutumuna malikdir. Bu idman qurğusu ən yüksək beynəlxalq standartlara tam cavab verir. Burada trenajor, güləş, voleybol, basketbol, həndbol, futbol, badminton, qılıncoynatma, cüdo, boks və digər idman növləri ilə məşğul olmaq üçün mükəmməl şərait var.