Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilib

Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilib



Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib.

Həmyerlimiz dekabrın 2-də Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezident seçkilərində daha çox səs toplayaraq qalib gəlib. Fərid Qayıbov 28 səs toplamaqla sloveniyalı rəqibini (20 səs) geridə qoyub. Məlumat üçün bildirək ki, Avropa Gimnastika İttifaqına 2009-cu ildən fransalı Jorj Gelzek rəhbərlik edir.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Fərid Qayıbovu Avropa Gimnastika İttifaqının (UEG) prezidenti postuna seçilməsi münasibəti ilə təbrik ediblər. Təbrikdə deyilir: "Sizi Avropa Gimnastika İttifaqının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə ürəkdən təbrik edir, bu vəzifədə sizə uğurlar arzulayırıq.

İlk dəfə olaraq Azərbaycan nümayəndəsi Avropa idman federasiyasına rəhbərlik edəcək. Bu, Azərbaycanda son illər ərzində gimnastika idman növünün sürətli inkişafının Avropa gimnastika ailəsi tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür. Gimnastika üzrə dünya və Avropa çempionatlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi, ölkəmizdə ən yüksək standartlara cavab verən Milli Gimnastika Arenasının və bölgələrdə gimnastika bölmələrinin yaradılması haqlı olaraq Avropa Gimnastika İttifaqı tərəfindən yüksək qiymətləndirilmişdir. Sizin də Avropa Gimnastika İttifaqının vitse-prezidenti kimi fəaliyyətinizin bu vəzifəyə seçilməyinizdə böyük rolu olub. Bir daha sizi təbrik edir, sizə uğurlar arzulayırıq."