Pəhləvanlarımız Azərbaycan çempionatında yeni qaydalarla yarışacaqlar

Pəhləvanlarımız Azərbaycan çempionatında yeni qaydalarla yarışacaqlar



Dekabrın 14-18-də Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 18 yaşı tamam olmuş, 1999-cu il və yuxarı təvəllüdlü idmançılar iştirak edəcəklər. Şəxsi xarakter daşıyan yarışlarda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaqlar.
Dünya Güləş Birliyinin qaydalarına əsasən keçiriləcək yarışlar Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunacaq. Sərbəst güləşçilər 57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kq-a qədər, yunan-Roma güləşçiləri isə 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kq-a qədər çəki dərəcələrində qüvvələrini sınayacaqlar.

Azərbaycan çempionatı bu il yeniyetmə güləşçilərin Qitə və Dünya birinciliklərində sınaqdan keçirilən və 2 günlük yarış proqramı üzrə təklif olunan yeni qaydalara uyğun təşkil olunacaq. Belə ki, yarışlardan bir gün öncə püşkatma mərasimi, ilk yarış günündə ilkin və təsəlliverici görüşlər, ikinci yarış günündə isə final görüşləri keçiriləcək. Əvvəllər bir gün öncə baş tutan çəki mərasimi bundan sonra yarış günləri keçiriləcək və finala vəsiqə qazanmış idmançılar iki dəfə çəki prosesinə cəlb olunacaq. İkinci dəfə tərəziyə çıxan idmançılara normadan 2 kiloqramadək artıq çəkidə güləşməyə icazə veriləcək.

Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə mükafatlandırılacaq, onlar ölkə yığma komandasının heyətinə cəlb ediləcək və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.