Autizmli uşaqlar Respublika Olimpiya Mərkəzində

Autizmli uşaqlar Respublika Olimpiya Mərkəzində

Respublika Olimpiya Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və "Autizmlilərin İdman Klubu”nun (AİK) birgə təşkilatçılığı ilə autizmli gənc və uşaqlar arasında atletika yarışları keçirilib. Olimpnews.az saytının məlumatına görə, yarışlar müxtəlif yaş qrupları üzrə - qaçış, top atma, yerindən uzunluğa tullanma idman növləri üzrə təşkil olunub. Keçirilən qaçış yarışı zamanı 7-8 yaş uşaqlar arasında Bakı Autizm İdman Klubunda (BAİK) təlim alan Asim Fərzəliyev 60 metrlik məsafəni 12.35 saniyəyə qaçaraq birinci yerə layiq görülüb.

9-10-11 yaşlılar arasında isə eyni məsafə üzrə qaçış yarışında iştirak edən KANNER mərkəzinin təmsilçisi Nicat Həmidov 11.30 saniyə ilə birinci yeri tutub. 13-19 yaş üzrə qaçış yarışlarında iştirak edən BAİK-in üzvü Kamal Bayramov 10.38 saniyə nəticə ilə digər yarış iştirkaçılarını üstələyərək, 1-ci yerə sahib çıxıb.

Top atma idman növü üzrə keçirilən 7-8 yaş qrupları arasında AİK təmsilçisi Toğrul Mirzəyev bütün rəqiblərindən üstün olub. 10-11 yaş qrupları arasında keçirilən yarışda isə KANNER mərkəzinin təmsilçisi Nicat Həmidov qızıl medal qazanıb. 13-19 yaş qrupları üzrə yarışlarda BAİK-in təmsilçisi Xaqan Əliyev 1-ci yeri tutub.

Yerindən uzunluğa tullanma yarışlarında 7-8 yaş qrupları üzrə AİK təmsilçisi Toğrul Mirzəyev, 9-11 yaş qrupları üzrə yarışda isə KANNER mərkəzinin təmsilçisi Nicat Həmidov 1-ci olublar. 13-19 yaş qruplaında keçirilən yarışda BAİK-in təmsilçisi Kamal Bayramov birinci yerə layiq görülüb. Qaliblər diplom və medallarla təltif olunublar.

Yarışdan sonra "Autizmlilərin İdman Klubu”nun direktoru Elnur Məmmədov turnirlə bağlı fikirlərini "Olimpiya dünyası” qəzeti ilə bölüşüb: "Autizmli gənc və uşaqlar arasında ilk dəfə atletika yarışı üzrə turnir təşkil etdik. Yarışlar 4 yaş qrupu üzrə keçirildi. Turnirdə "Autizimlilərin idman klubu”, "Mədinə” Tibb Mərkəzi, KANNER Mərkəzi, "Bakı Autizim İdman Klubu”nun və digər qrumların 40-dan çox təmsilçisi iştirak edirdi. Əsas məqsədimiz gələcəkdə atletika idman növü üzrə autizimli uşaqları tapıb, onları təlimlər vasitəsi ilə hazırlayaraq yarışlarda iştirakını təmin etməkdir. Çalışırıq ki, autizimli uşaqların cəmiyyətə inteqrasiyası üçün paytaxtla yanaşı, bölgələrdə yeni klublar açaq. Sumqayıtda, Gəncədə və Qəbələdə autizimli uşaqların idmanla məşğul olması üçün klublar fəaliyyət göstərir. Gələcəkdə bu işin digər bölgələrdə də davam etdirilməsi gözlənilir. Belə yarışların təşkil olunması autizimli uşaqların cəmiyyətə inteqrasiyasına çox müsbət təsir edir. Çalışacağıq ki, bu yarışı ənənəvi olaraq təşkil edək”.