Noyabr ayının yekunu "Olimpiya dünyası" qəzetinin təqdimatında

Noyabr ayının yekunu "Olimpiya dünyası" qəzetinin təqdimatında

Cüdo
Çernoqoriyanın paytaxtı Podqoritsada 23 yaşlı cüdoçular arasında Avropa birinciliyi keçirilib. 40 ölkədən 301 idmançının (168 kişi, 133 qadın) iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayıblar. Gənc cüdoçularımız yarışı iki medalla başa vurublar. Təmsilçilərimizdən Kəramət Hüseynov (60 kq) və Nəzakət Əzizova (52 kq) Avropa birinciliyinin bürünc medallarına sahib olublar.

Futbol
UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdamın "Qarabağ” komandası Bakı Olimpiya Stadionunda Londonun "Çelsi” klubu ilə qarşılaşıb.
Qarşılaşma "Çelsi” komandasının 4:0 hesablı üstünlüyü ilə başa çatıb.

*  *  *
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) komandası Kiyevdə keçirilən müsəlman ölkələrin futbol yarışmasında üçüncü yeri tutub. İsmayıl Qaspralı adına kubok uğrunda turnirdə 6 komanda yarışıb. Turnirdə Krım tatarlarının "Dolomit” və "Ədalət” komandaları birinci və ikinci yerləri tutublar. Azərbaycanı təmsil edən UAGB komandası isə üçüncü yerə sahib çıxıb.

* * *
Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində futbol üzrə 17 yaşınadək qızlardan ibarət Azərbaycan yığması gürcüstanlı həmyaşıdları ilə növbəti yoldaşlıq oyunu keçirib. Oyun millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın yeganə qolunu Umnisə Əliyeva vurub.

Güləş
Rusiyanın Vladiqafqaz şəhərində sərbəst güləş üzrə "Alans” beynəlxalq turniri keçirilib. 97 kq çəki dərəcəsində yarışan Olimpiya çempionumuz Şərif Şərifov finalda rusiyalı idmançı Vladislav Baytsayevə məğlub olaraq, gümüş medala layiq görülüb. 57 kq çəki dərəcəsində yarışan digər təmsilçimiz Georgi Edişeraşvili isə turniri bürünc medalla başa vurub.
***
Moskvada güləş üzrə Avropa Millətlər Kuboku - Alrosa Kuboku beynəlxalq turniri keçirilib. Yarışda sərbəst və qadın güləşi üzrə yığma komandalarımız mübarizə aparıblar. Sərbəst güləşçilərimiz finalda Rusiya millisinə uduzub -3:5. Yeddi idmançı ilə turnirdə iştirak edən qadın güləşçilərimizdən ibarət yığmamız yarışları üçüncü sırada tamamlayıb.
***
Dağıstanda Pekin Olimpiadasının gümüş medalçısı Murad Qaydarovun şərəfinə sərbəst güləş üzrə 7-ci beynəlxalq turnir keçirilib. Yalnız 74 kq çəki dərəcəsi üzrə keçirilən turnirdə Cəbrayıl Həsənov zədələnərək yarışları ikinci pillədə başa vurub.
***
Polşanın Bıdqoş şəhərində güləş üzrə U-23 dünya çempionatı keçirilib. 19-23 yaşlı idmançılar arasında ilk dəfə keçirilən çempionatı yığma komandamızın üzvləri 5 medalla başa vurublar. Komandamızın üzvlərindən yunan-Roma güləşi üzrə Sakit Cəlilov (59 kq) və İslam Abbasov (85 kq) bürünc medal qazanıb. Qadın güləşçilərin mübarizəsini də yığmamızın üzvləri 2 bürünc medalla tamamlayıblar. Türkan Nəsirova (58 kq) və Tatyana Omelçenko (60 kq) fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar. Son yarış günündə mübarizə aparan sərbəst güləşçimiz Pərviz İbrahimov (57 kq) da turniri üçüncü pillədə başa vurub.

Gimnastika
Bolqarıstanın paytaxtı Sofiyada batut gimnastikası və tamblinq (akrobatik cığırda tullanma) üzrə müxtəlif yaş kateqoriyaları arasında ümumdünya yarışları keçirilib. Ölkəmizi turnirdə təmsil edən Mixail Malkin bütün rəqiblərinə qalib gələrək tamblinq üzrə yarışların qızıl medalını qazanıb.
***
Macarıstanın Pecs şəhərində bədii gimnastika üzrə XIII Beynəlxalq Pecs Kuboku turniri keçirilib. 15-dən çox ölkənin iştirak etdiyi yarışda Azərbaycan idmançısı da mübarizə aparıb.
Yarışda iştirak edən 7 yaşlı həmyerlimiz Mina Abbasova fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq turnirin qızıl medalına layiq görülüb.
***
Belçikanın Gent şəhərində bədii gimnastika üzrə "Happy Cup” beynəlxalq turniri keçirilib. Komandamız yarışda 4 qızıl və 1 gümüş medal qazanıb. Millimizin üzvü Zöhrə Ağamirova 27 iştirakçı arasında qüsursuz çıxışı ilə fərqlənərək qızıl medala layiq görülüb. Bu uğurun ardınca gimnastımız halqa, gürzlər və lentlə də final mərhələlərində bütün rəqiblərini geridə qoyaraq növbəti 3 qızıl medala yiyələnib. Zöhrə Ağamirova 1 gümüş medalını isə topla hərəkətlərdə qazanıb.

Həndbol
"Çağırış Kuboku” uğrunda keçirilən yarışda ölkəmizi təmsil edən qadın həndbolçulardan ibarət "Azəryol” klubu növbəti mərhələyə yüksəlib. Lüksemburqun "HB Düdelanj” komandasına iki görüşdə qalib gələn (68:31) "Azəryol” həndbolçuları növbəti mərhələyə yüksəliblər.

Stolüstü tennis
Xorvatiyanın Split şəhərində gənclər üzrə Olimpiya Oyunlarının Avropa təsnifat turniri keçirilib. Yarışda 32 oğlan və 27 qız tennisçi iştirak edib. Komandamız yarışda 2 idmançı ilə mübarizə aparıb. Stolüstü tennisçimiz turnirdə uğurla yarışaraq 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçiriləcək Gənclərin III Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu Azərbaycan stolüstü tennisinin tarixində ilk lisenziyadır.

Taekvondo
Dağıstanın Mahaçqala şəhərində taekvondo üzrə yeniyetmələr, gənclər və böyüklər arasında yerli "Çempion” klubunun mükafatları uğrunda açıq turnir keçirilib. "Neftçi İdman Klubu”nun taekvondoçusu Fidan Vəlizadə (41 kq) turnirin qızıl medalına sahib olub.
***
Kiprin Larnaka şəhərində taekvondo üzrə gənclər arasında Avropa birinciliyi keçirilib. Avropa birinciliyində gənclərdən ibarət milli komandamız 18 (10 oğlan, 8 qız) taekvondoçu ilə təmsil olunub. Yarışda ölkəmizi təmsil edən Bəhruz Quluzadə (45 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Voleybol
Bakının "Lokomotiv” komandası avrokubokdakı ilk oyununda qələbə qazanıb. Azərbaycan çempionu "Çağırış kuboku” turnirinin ikinci təsnifat mərhələsində ilk oyununu noyabrın 21-də keçirib. Azərbaycan Voleybol Mərkəzində Kiprin "Apoel” klubunu qəbul edən komandamız rəqibinə 3:0 hesabı ilə qalib gəlib.

Şahmat
Yunanıstanın Krit adasında keçirilən Avropa komanda çempionatında Azərbaycanın kişi şahmatçılarından ibarət yığması qalib olub. Sonuncu - doqquzuncu turda komandamızın Ukrayna yığması ilə oyunu 2:2 hesabı ilə yekunlaşıb. Millimiz bu nəticə ilə turniri 14 xalla başa vurub. Əlavə əmsallara görə Rusiyadan üstün olan yığmamız 3-cü dəfə Avropa çempionu adını qazanıb.
***
Azərbaycan şahmatçısı Gövhər Beydullayeva Mixail Botvinnik adına kubokun qalibi olub. Şahmatçımız 10 mümkün xaldan 10 xal tolayaraq parlaq qələbə qazanıb. Yarışın qaliblərinə mükafatlar Moskva Mərkəzi Şahmat Evində təqdim olunub.
***
Azərbaycan qrossmeysteri Nicat Abbasov IX "Baku Open-2017” beynəlxalq şahmat festivalının qalibi olub. Turnirdə 9 mümkün xaldan 7,5 xal toplayan Nicat Abbasov finala bir tur qalmış liderliyə yüksəlib. Uşaqların turnirində Elcan Əbdülkərimli 9 mümkün xaldan 8-ni toplayaraq birinci yeri tutub.

Karate
Polşanın Kielse şəhərində karatenin kyokşin və şinkyokşin növləri üzrə kadetlər, 16 və 22 yaşadək idmançılar arasında Avropa çempionatı keçirilib. 33 ölkənin iştirak etdiyi çempionatda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Təmsilçimiz Eltac Hümbətov (75 kq) qızıl, Turan Şirinov (85 kq) və Solmaz Zeynallı (60 kq) isə Avropa çempionatının bürünc medalını qazanıblar.

Kikboksinq
Macarıstanın paytaxtı Budapeşt şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya çempionatı keçirilib. Yarışda Azərbaycan 17 idmançı ilə təmsil olunub. Təmsilçilərimizdən Bəhram Rəcəbzadə (+91 kq) birinci yerə layiq görülüb. Ramal Aslanov (71 kq) dünya çempionatının gümüş medalına sahib çıxıb. Çingiz Əhmədzadə (54 kq) və Camal Məmmədov (54 kq) üçüncü yeri tutublar. Veteranların yarışında isə Telman Məhərrəmov ölkəmizə bürünc medal qazandırıb.

Sambo
Soçidə sambo üzrə dünya çempionatı keçirilib. Yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Komandamız turniri 1 medalla başa vurub. Çempionatda 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Fuad Məmmədov bürünc medala sahib olub.

Bodibildinq
Pekin İdman Universitetində təhsil alan Sadiq Həsənov Çində "DMS bodibildinq və fitnes-2017” yarışının final mərhələsinə yüksələrək, fitnes-model yarışında "A” kateqoriyasında gücünü sınayıb. Bütün rəqiblərindən üstün olan həmyerlimiz yarışın qalibi adını qazanıb.

Uşu-sanda
İtaliyanın Karrara şəhərində keçirilən uşu-sanda üzrə dünya çempionatında Azərbaycan idmançıları 3 qızıl və 1 gümüş medal qazanıblar. Fuad Qasımov və Yuri Kim bütün rəqiblərini məğlub edərək dünya çempionu titulunu qazanıblar.
Digər təmsilçimiz Rüstəm Həsənov gümüş medala layiq görülüb.
Uşu-sanda üzrə milli komandamızın məşqçisi, boks üzrə Əməkdar məşqçi Zaur Məmmədov veteranların yarışında dünya çempionu adına layiq görülüb.

Alpaqut Turan döyüş sənəti
"Sərhədçi” İdman Olimpiya Mərkəzində alpaqut Turan döyüş sənəti üzrə dünya kuboku yarışları keçirilib. 15 ölkədən 300-ə yaxın idmançının iştirak etdiyi yarış alpaqutun aypara, batur, caymaz və gureş versiyaları üzrə təşkil olunub. Yarışlarda komanda hesabında Azərbaycan millisi birinci yerə layiq görülüb. İran komandası ikinci, Türkiyə yığması isə üçüncü olub.

MMA
Rusiyada MMA üzrə "M-1 Challenge 86” qarışıq təkbətək döyüş növləri üzrə növbəti mötəbər turnir keçirilib. Nazran şəhərində keçirilən turnirdə ölkəmizi Avropa, Asiya çempionu, ikiqat dünya çempionu, Dünya kubokunun qalibi Zaur Hacıbabayev təmsil edib. O, finalda Rusiya təmsilçisi Nikolay Savilova qalib gəlib.

Universal döyüş
Noyabrın 26-da ölkəmizdə universal döyüş üzrə peşəkarlar arasında beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycanla yanaşı, İran, Rusiya, Gürcüstan idmançıları da reytinq döyüşlərində qüvvələrini sınayıblar. Gərgin keçən qarşılaşmalardan sonra qaliblər müəyyənləşib. Elnur Şərəfli (50 kq), Babək Qəmbərov (55 kq), Razdak Əliyev (60 kq), Rusani Əliyev (70 kq), İlkin Bədirxanov (75 kq), Fərid Mirzəbəyov (80 kq), Məhəmməd Mohsen (95 kq) qalib adını qazanıblar. K-1 versiyası üzrə keçirilən döyüşlərdə isə Cavidan Cəfərli (54 kq) və Rafət Əsədov (+ 95 kq) rəqiblərinə böyük üstünlüklə qalib gəliblər.