Qərib Əliyev karyerasını başa vurub

Qərib Əliyev karyerasını başa vurub



Güləş üzrə I dərəcəli hakim Qərib Əliyev beynəlxalq karyerasını başa vurub. Dünya Güləş Birliyinin (DGB) təlimatına uyğun olaraq hakimlər yalnız 60 yaşı tamam olana qədər beynəlxalq yarışları idarə etmək hüququna malikdirlər.

Ötən həftə Polşanın Bıdqoş şəhərində keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında beynəlxalq dərəcəli hakim Qərib Əliyev sonuncu görüşünü idarə edib. Sərbəst güləş üzrə 74 kq çəki dərəcəsində final görüşünü idarə edən təmsilçimiz görüş bitdikdən sonra hakim kolleqalarının fit və azarkeşlərin alqış sədaları altında xalça ilə vidalaşıb. DGB-nin prezidenti Nenad Laloviç, eləcə də büro üzvləri, Hakimlər Kollegiyasının üzvləri həmyerlimizi təbrik edərək, ona gələcək fəaliyyətində uğurlarlar arzulayıblar.

Məlumat üçün bildirək ki, 25 ilə yaxındır beynəlxalq dərəcəli hakim kimi müxtəlif yarışlarda ölkəmizi təmsil edən Qərib Əliyev, həm də məşqçilik fəaliyyəti ilə məşğuldur. Onun yetirmələri müxtəlif səviyyəli beynəlxalq turnirlərin, Avropa və dünya çempionatlarının mükafatçılarıdırlar. Qərib Əliyev ölkəmizdə güləş idman növünün inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. O, həm də Əməkdar məşqçi, eləcə də Fəxri bədən tərbiyəsi və idman işçisidir.