Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçirilir. Yarışlara dekabrın 14-də start verilib.
"Olimpnews.az" xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 18 yaşı tamam olan, 1999-cu il təvəllüdlü və daha yuxarı yaşlı idmançılar iştirak edirlər. Şəxsi xarakterli yarışlarda idman cəmiyyət, klub və təşkilatlarının, şəhər və rayon yığma komandalarının heyətində çıxış edən idmançılar mübarizə aparırlar.
Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarışlar Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunur. Sərbəst güləşçilər 57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kq-dək, yunan-Roma güləşçiləri isə 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kq-dək çəki dərəcələrində qüvvələrini sınayırlar.
Azərbaycan çempionatı bu il yeniyetmə güləşçilərin qitə və dünya birinciliklərində sınaqdan keçirilən və ikigünlük yarış proqramı üzrə təklif olunan yeni qaydalara uyğun keçirilir.
Dekabrın 14-də güləş üzrə böyüklər arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov tədbirdə çıxış edərək ölkədə idman və bədən tərbiyəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Ötən illərdə olduğu kimi 2017-ci ilin də Azərbaycan idmanı üçün uğurlu olduğunu qeyd edən İsmayıl İsmayılov əldə olunan nailiyyətlərdən söhbət açıb.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev bildirib ki, ölkəmizin beynəlxalq Olimpiya hərəkatında fəal iştirakı, idmançılarımızın qazandıqları yüksək nəticələr respublikamızın yalnız idman sahəsində potensial imkanının deyil, həm də bu sahəyə yüksək dövlət qayğısının göstəriciləridir. Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda Ümummilli Liderin siyasəti dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov vurğulayıb ki, Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının məntiqi nəticəsi olaraq son illərdə paytaxt Bakı dünyanın idman mərkəzlərindən birinə çevrilib. Prezident İlham Əliyevin idmana göstərdiyi sonsuz diqqət və qayğının nəticəsində bu gün Azərbaycan ən mötəbər beynəlxalq tədbirlərin keçirildiyi ölkələr arasında layiqli yerini tutub.
Sahib Ələkbərovun sözlərinə görə, hazırda Azərbaycanda idmanın bütün növlərinin inkişafı diqqət mərkəzində saxlanılır. Sevindirici haldır ki, bu baxımdan güləş də xüsusi yer tutur. Yüksək nəticələrin davamı kimi idmançılarımız Rio-2016 Yay Olimpiya Oyunlarında böyük uğurlar qazanıblar. Mötəbər yarışda qazanılan 18 medaldan 9-u məhz güləşçilərimizin payına düşür. AGF-nin vitse-prezidenti belə yarışların keçirilməsinin Tokio-2020 Olimpiya Oyunlarında hazırlığı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı.
Çəki dərəcələri üzrə ilk üç yeri tutan idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif ediləcəklər. Onlar, həmçinin milli komandamızın heyətinə cəlb ediləcək və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.
İlk yarış günündə 55, 63, 72, 82 və 97 kq çəki dərəcəsində yunan-Roma güləşi üzrə 90 pəhləvan mübarizə aparıb.
Çempionatın ikinci günündə yunan-Roma güləşçiləri arasında 60, 67, 77, 87 və 130 kq çəki dərəcələrində pəhləvanlar yarışıblar. Hazırda final görüşləri keçirilir.
Azərbaycan çempionatına dekabrın 18-də yekun vurulacaq.
Səadət Hakıyeva