AİJA ilin ən yaxşılarını müəyyənləşdirdi

AİJA ilin ən yaxşılarını müəyyənləşdirdi

"Olimpiya dünyası” qəzetinin əməkdaşı
 "İlin ən yaxşı jurnalisti” seçildi

Artıq bir neçə gündən sonra 2017-ci ilə əlvida, 2018-ci ilə "xoş gəldin” deyəcəyik. Olimpnews.az saytının məlumatına görə, yola saldığımız ilin son günlərində müxtəlif sahələrdə olduğu kimi, idman sahəsində də 2017-ci ilin yekunlarına həsr olunmuş tədbirlər keçirilir. Bu sahədə fərqlənənlər ilin ən yaxşıları seçilirlər.

Ölkəmizdə fəaliyyət göstərən idman jurnalistlərinin milli yaradıcılıq təşkilatı olan AİJA, ənənəvi olaraq, Azərbaycanda 2017-ci ilin idman laureatlarını müəyyən etmək üçün keçirdiyi rəy sorğusuna yekun vurub.

2017-ci ilin sorğusuna əsasən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilin ən yaxşı idman təşkilatçısı seçilib. İlin idman xadimi nominasiyasında Fərid Qayıbov (Avropa Gimnastika İttifaqının prezidenti seçilib), qadınlar arasında ilin idmançısı nominasiyasında Mariya Stadnik (güləş, Avropa çempionu), Marina Durunda (bədii gimnastika, IV İslam Həmrəyliyi Oyunlarında 3 qızıl medal), Patimat Abakarova (taekvondo, IV İslam Həmrəyliyi Oyunlarının qalibi), kişilər arasında isə Hacı Əliyev (güləş, 3-cü dəfə dünya çempionu olub), Məhəmmədrəsul Məcidov (boks, 3-cü dəfə dünya çempionu olub), Milad Beigi Herçəqani (taekvondo, dünya çempionu) seçilib.

İlin komandası nominasiyasında "Qarabağ” FK (UEFA Çempionlar Liqasının qrupuna yüksəlib), şahmat üzrə milli komanda (3-cü dəfə Avropa çempionu olub), cüdoçular fərqləniblər (oğlanlar, Avropa birinciliyinin qalibi). İlin məşqçisi Qurban Qurbanov ("Qarabağ” FK-nın baş məşqçisi), Faiq Qarayev (voleybol, IV İslam Həmrəyliyi Oyunlarının qalibi), Elçin İsmayılov (cüdo, dünya birinciliyinin qalibi (komanda)), ilin idman hakimi Hicran Şərifov (Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakim (güləş)), ilin idman azarkeşi Elşən Məmmədov elan olunub. Sorğunun nəticələrinə görə idman qəzetləri üzrə ilin idman yazarı Anar Əhmədov ("Olimpiya dünyası”), futbol qəzetləri üzrə Həbib Aslanov ("Futbol+”), ictimai-siyasi qəzetlər üzrə Oqtay Bayramov ("Xalq” qəzeti), bölgə qəzetləri üzrə Akif Ağayev ("Yeni həyat” Masallı) qalib olub. Televiziya üzrə Ürfan Məmmədli ("CBC SPORT”), İnformasiya agentlikləri üzrə Vüqar Xeyrullayev ("Apasport”) seçilib. İlin idman nəşri nominasiyasında "Şuşada voleybolu sevirdilər...” kitabı (Müəllif Əbülqasım Novruzov) qalib olub. İlin fotoreportyoru Leyla Nağıbəyova ("Neftçi” FK-nın fotoqrafı), ilin idman qəzeti "Futbol+”, ilin idman telekanalı "CBC SPORT”, ilin idman mətbuat xidməti Azərbaycan Velosiped İdmanı Federasiyası, idman saytları arasında ilin internet portalı "sport24.az”, informasiya saytları arasında "1news.az” fərqlənib. İlin idmanı ən yaxşı işıqlandıran informasiya agentliyi isə AZƏRTAC seçilib.