Gömrükçülər güləş üzrə açıq birincilikdə yarışıblar

Gömrükçülər güləş üzrə açıq birincilikdə yarışıblar
Şağan Olimpiya İdman Kompleksində dekabrın 24-dən 26-dək Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin "Gömrükçü” İdman Klubunun sərbəst və yunan-Roma güləşi üzrə açıq birinciliyi keçirilib.

Olimpnews.az saytının məlumatına görə, yarışda paytaxt və bölgələri təmsil edən 300-dək idmançı qüvvəsini sınayıb. Birincilikdə 2001-2003-cü illər təvəllüdlü yeniyetmələr və 2004-2006-cı illər təvəllüdlü gənclər mübarizə aparıblar. Dekabrın 24-də yarışların təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzinin sədri Xəzər İsayev, Şağan Olimpiya İdman Kompleksinin direktoru Atakişi Cahanov iştirak ediblər.

Şağan Olimpiya İdman Kompleksinin direktoru Atakişi Cahanov yarış iştirakçılarını salamlayaraq onlara gərgin mübarizədə uğurlar arzulayıb.

Mərasimdə çıxış edən MOK-un vitse-prezidenti Xəzər İsayev əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Ölkəmizdə idmanın yüksək səviyyədə inkişaf etdiyini bildirən DGK İSM-ın sədri təmsilçilərimizin müxtəlif mötəbər yarışlardan vətənə medallarla döndüklərini, Azərbaycanı dünyada layiqincə tanıtdıqlarını dilə gətirib. Yarışın əhəmiyyətini yüksək qiymətləndirən Xəzər müəllim böyük idmana gedən yolun məhz belə yarışlardan başladığını qeyd edib.

Yarışlar açıq elan olunduqdan sonra Azərbaycan Dövlət himni səsləndirilib. Yekun nəticəyə əsasən yunan-Roma güləşi üzrə yarışlarda "Gömrükçü” İK (1 saylı nümayəndəlik) birinci, ROİL ikinci, Sumqayıt komandası üçüncü olub. Sərbəst güləş üzrə yarışlarda "Gömrükçü-Cəlilabad” birinci, ROİL ikinci, Şağan OİK-in təmsilçiləri üçüncü pillədə yer alıblar.