Yanvarın 16-17-də Bakı İdman Sarayında 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 21-ci beynəlxalq turnir keçirilib. Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistandan olan güləşçiləri mübarizə aparıblar.
İlk yarış günündə 45, 51, 60, 71 və 92 kq çəkidə yunan-Roma güləşi üzrə 120 pəhləvan mübarizə aparıb.
Turnirin rəsmi açılış mərasimindən öncə Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Güləş Federasiyasının kollektivi, eləcə də qonaq komandaların rəsmi nümayəndələri Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini yad edib, məzarları üzərinə əklil qoyub, gül dəstələri düzüblər.
Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov açılış mərasimində çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsi və idmanın, o cümlədən güləşin inkişafına göstərdiyi diqqət və qayğıdan, habelə idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan söhbət açıb. 1990-cı ilin 20 yanvar hadisələrini xatırladan İsmayıl İsmayılov şəhid olanlar arasında idmançıların olduğunu, onlardan 3 nəfərinin Milli Qəhrəman adına layiq görüldüyünü bildirib.
Yarış iştirakçılarına öz təşəkkürünü bildirən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev 20 yanvar şəhidlərinin xalqımız tərəfindən heç vaxt unudulmayacağını diqqətə çatdırıb. Şəhidlərimizin ailələrinin dövlətimiz tərəfindən yüksək diqqət və qayğıyla əhatə olunduğunu deyən Xəzər İsayev bundan sonra şəhidlərin olmamasını arzulayıb. Ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışan Xəzər İsayev ölkə təmsilçilərimizin qarşıdakı mötəbər yarışlarda da onlara bəslənilən ümidləri doğruldacaqlarına inandığını vurğulayıb.
Daha sonra çıxış edən Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Firdovsi Umudov yarış iştirakçılarını salamlayıb, yeniyetmə pəhləvanlara uğurlar arzulayıb. Qeyd edib ki, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan güləşçiləri beynəlxalq arenada, Dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında böyük uğurlar qazanıb. Azərbaycan idmançılarının nailiyyətləri ölkəmizdə xalqımız tərəfindən də böyük sevinclə qarşılanır. Natiq bildirib ki, qan yaddaşımız 20 yanvar hadisələrində vətənpərvərlik göstərərək şəhid olan bütün soydaşlarımız bizim qürur mənbəyimizdir. Bu gün turnirinə toplaşdığımız 20 yanvar şəhidi Müşviq İsayev də idmançı kimi ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edib. 2018-ci ilin oktyabrında Argentinada yeniyetmə güləşçilərin 3-cü Olimpiya Oyunlarının keçiriləcəyini vurğulayan Firdovsi Umudov bu turnirin məşqçilər və idmançılar üçün Olimpiadaya hazırlığın bir mərhələsi kimi əhəmiyyətini qeyd edib.
İkinci yarış günündə 48, 55, 65, 80 və 110 kq çəkidə sərbəst güləş üzrə 159 pəhləvan mübarizə aparıb.
Qalib və mükafatçılara diplom, medal və hədiyyələr təqdim olunub. Hər iki növ üzrə yarışlar zamanı Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən fərqlənənlərə 5 nominasiya üzrə mükafatlar təqdim olunub. Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev tərəfindən Firdovsi Umudov "Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi”, Vahid Temirov (Özbəkistan) və Sədi Quliyev (Azərbaycan) "Ədalətli oyun prinsiplərinə sadiq hakim”, Vaşa Kraveişvili (Gürcüstan), Ruslan Şəmilov (Azərbaycan) "Ədalətli oyun prinsiplərinə sadiq məşqçi”, Andrey Yegerov (Qazaxıstan), Vahid Əlizadə (Azərbaycan) "Ədalətli oyun prinsiplərinə sadiq idmançı” nominasiyaları üzrə mükafata layiq görülüblər.
Yarışın qalib və mükafatçılarını oxucularımıza təqdim edirik:
Yunan-Roma güləşi
45 kq
1.Qurban Qurbanov
2. Rəsul Məmmədzadə
3. Khusankhon Yunuskhanov – Özbəkistan
3. Ziya Babayev
51 kq
1. Elmir Əliyev
2. Nihat Məmmədli
3. Mukhammadjon Payanov – Özbəkistan
3. Nukri Benidze – Gürcüstan
60 kq
1. Xasay Həsənli
2. Tağı Hacıyev
3. Giorgi Chkhikvadze – Gürcüstan
3. Röyal Cəlilov
71 kq
1. Asim İmadzadə
2. Rəvan Həkimov
3. Giorgi Shpetishvili – Gürcüstan
3. Elcan Məmmədov
92 kq
1. Abrorbek Nurmukhammedov – Özbəkistan
2. Bekzod Akhmedov – Özbəkistan
3. Əlisəftər Məmmədli
3. Elşən Eyyubzadə
48 kq
1. Umidjon Jalolov - Özbəkistan
2. Eldos Mombek - Qazaxıstan
3. Ruslan Şıxıyev
3. Zafarbek Otakhonov - Özbəkistan
55 kq
1. Auez Seitbaev - Qazaxıstan
2. Mukhtar Baqavov - Rusiya
3. Zirəddin Bayramov
3. Salamat Bayramov - Qazaxıstan
65 kq
1. Vahid Əlizadə
2. Nodir Rakhimov - Özbəkistan
3. İassaii Muhtaruly - Qazaxıstan
3. Kamal Kamalov
80 kq
1. Mukhammadrasul Rakhimov - Özbəkistan
2. Fuad Mayılov
3. Giorgi Nebunishvili - Gürcüstan
3. Fərid Cabbarlı
110 kq
1. Sənan Əlizadə
2. Temraz İsmayılov
3. Hamlet Nəsibli
3. Giorgi Argvliani - Gürcüstan