Millimiz Avropa çempionatında yarışacaq

Millimiz Avropa çempionatında yarışacaq

Fevralın 13-18-də Rusiyanın Kazan şəhərində badminton üzrə Avropa çempionatı keçiriləcək. Qitə çempionatında kişilərdən ibarət milli komandamız da iştirak edəcək. Üçüncü qrupda qərarlaşan komandamızın rəqibləri Lüksemburq, İslandiya və Almaniya milliləri olacaq. Ukraynalı məşqçi Yevgeni Poçtaryovun rəhbərliyi altında turnirdə millimizin heyətində Orxan Qələndərov, Kənan Rzayev, Cahid Əlhəsənov, Səbuhi Hüseynov, Ezmi Qovimuramodhoni və Edi Rezki Diviçayo iştirak edəcəklər. Çempionatın reqlamentinə əsasən, komandalar yeddi qrupda mübarizə aparacaqlar. Qrup qalibləri ilə yanaşı, ikinci yerin sahibi olan bir komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. 
Badmintonçularımız Avropa çempionatı öncəsi fevralın 5-8-də İranın Zəncan şəhərində keçiriləcək beynəlxalq "Fəcr” turnirində iştirak edəcəklər. "Fəcr” turnirinin ümumi mükafat fondu 25 min ABŞ dollarıdır. Ölkəmizi turnirdə Orxan Qələndərov, Kənan Rzayev, Səbuhi Hüseynov, Cahid Əlhəsənov və Teymur Abbasov təmsil edəcəklər. Komandamız turnirə baş məşqçi Ceyhun Məmmədəliyevin rəhbərliyi altında yollanacaq.