Firdovsi Umudov: “Əsas hədəflərimizdən biri yığmada nizam-intizama riayət edilməsidir”

Firdovsi Umudov: “Əsas hədəflərimizdən biri yığmada nizam-intizama riayət edilməsidir”

Sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışını davam etdirir. Yanvarın 26-da yığma komandaların mətbuat üçün açıq məşqi keçirilib.
Məşqdən sonra Azərbaycan Güləş Federasiyasının (AGF) 1-ci vitse-prezidenti Firdovsi Umudov jurnalistlərin suallarını cavablandırıb.
Sərbəst və yunan-Roma güləşi üzrə komandalarımızın hazırlıqlarını davam etdirdiyini deyən AGF-nin 1-ci vitse-prezidenti Azərbaycan pəhləvanlarını qarşıda gözləyən yarışlar haqqında məlumat verdi: "Fevral ayında sərbəst güləşçilər İranda, yığma komandalarımız isə Ukraynada keçiriləcək turnirdə iştirak edəcəklər. Bu il sərbəst güləş üzrə yığmamız həm də ABŞ-da keçiriləcək Dünya kubokunda qüvvəsini sınayacaq. İran və Ukrayna turnirlərinin nəticələrinə görə Avropa çempionatında iştirak edəcək heyəti müəyyənləşdirəcəyik.”
Firdovsi Umudov federasiyanın idarəçiliyində və yığma komandaların məşqçi heyətində müəyyən dəyişikliklər edildiyini və bu dəyişikliklərin Azərbaycan Güləş Federasiyasının gələcək fəaliyyətinə yeni nəfəs gətirəcəyinə ümid etdiyini bildirib: "Məşqçilər heyətində də dəyişikliklər olacaq. Artıq Rövşən Bayramovla Emin Əhmədovu yunan-Roma güləşi üzrə yığmaya məşqçi kimi cəlb etmişik. Sərbəst güləşdə də gənc kadrlarımız olan Əşrəf və Yaşar Əliyevlərə üstünlük vermişik”.
Ölkədə idmana olan dövlət qayğısından danışan AGF-nin 1-ci vitse-prezidenti güləşçilərimizin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısından daha da ruhlandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, pəhləvanlarımız bundan sonra da etimadı doğrultmalı, uğurlu nəticələrlə xalqımızı sevindirməlidirlər: "Əsas hədəflərimizdən biri yığmada nizam-intizama riayət edilməsidir. Bu, uğurun əsas şərtidir.