Bakı gimnastika üzrə Avropa çempionatı və Dünya kuboku yarışlarına ev sahibliyi edəcək

Bakı gimnastika üzrə Avropa çempionatı və Dünya kuboku yarışlarına ev sahibliyi edəcək

Azərbaycan Gimnastika Federasiyası beynəlxalq yarışlar mövsümünə start verib. Belə ki, Milli Gimnastika Arenasında (MGA) batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı, eləcə də idman gimnastikası və bədii gimnastika üzrə Dünya kuboku yarışları keçiriləcək.
İdman gimnastikası üzrə Dünya kuboku yarışları martın 15-18-də təşkil ediləcək. Bakıda artıq 3-cü ildir ki, təşkil ediləcək bu yarışda 27 ölkədən 163 idmançı qüvvəsini sınayacaq. Kişi və qadın idman gimnastlar turnirin ilk iki günü təsnifat mərhələləri, son iki günü isə ayrı-ayrı alətlər üzrə finallarda medallar uğrunda mübarizə aparacaqlar.
Gimnastlarımız 2018-ci ildə Dünya kuboku yarışları ilə bərabər, aprelin 12-15-də batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında iştirak edəcəklər. Bakının ev sahibliyi edəcəyi XXVI Avropa çempionatında böyüklər proqramında 25, gənclər proqramında isə 26 ölkənin iştirakı gözlənilir. Hər 3 növ üzrə idmançıların ümumi sayının 400-dən çox olacağı ehtimal olunur. Gimnastlar yarışda 4 növ - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut növündə yarışacaqlar.
Məlumat üçün bildirək ki, ölkəmizdə keçiriləcək Avropa çempionatı Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına və Minsk-2019 Avropa Oyunlarına lisenziya verir.
Aprelin 27-29-da isə ölkəmiz daha bir idman yarışına - bədii gimnastika üzrə Dünya kuboku AGF Trophy yarışlarına ev sahibliyi edəcək.