Gürcüstanın idman və gənclərlə iş naziri ölkəmizdə səfərdədir

Gürcüstanın idman və gənclərlə iş naziri ölkəmizdə səfərdədir



Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə səfərdə olan Gürcüstanın idman və gənclərlə iş naziri Levan Kipiani ilə görüşüb. Qonağı salamlayan Azad Rəhimov ona ölkəmizdə dövlət gənclər siyasəti və idmanın inkişafı yönündə görülən işlə barədə məlumat verib. Azad Rəhimov iki qonşu ölkə arasında həm bədən tərbiyəsi və idman, həm də gənclər sahəsində əməkdaşlığı gücləndirməyin əhəmiyyətini qeyd edib. Bildirib ki, sərhədyanı rayonlarda gənclərin iştirakı ilə birgə tədbirlərin təşkili ənənəsinin bərpası bu baxımdan daha faydalı ola bilər.
Qonağa univiziya tələbə musiqi yarışı barədə məlumat verən gənclər və idman naziri bu yarışın beynəlxalq status alacağını və hələlik 30-40 ölkədən təmsilçilərin iştirakının nəzərdə tutulduğunu qeyd edib. Azərbaycanda idmanın maddi-texniki bazasının ilbəil genişləndiyini nəzərə çatdıran Azad Rəhimov hazırda ölkəmizdə 36 Olimpiya İdman Kompleksinin istifadəyə verildiyini və bu prosesin davam etdiyini bildirib. Səmimi qəbula və ölkəmizdə gördüyü qonaqpərvərliyə görə minnətdarlığını bildirən Levan Kipiani Azərbaycanla əməkdaşlığın Gürcüstan üçün əhəmiyyətli olduğunu deyib. O, bir çox idman növləri üzrə birgə təlim-məşqlərin, eləcə də birgə yarışların təşkilinin də əhəmiyyətli ola biləcəyini qeyd edib. Mayın 12-də Gürcüstanın idman və gənclərlə iş naziri Levan Kipiani Azərbaycan Taekvondo Mərkəzinə gedərək buradakı üzgüçülük hovuzu, böyük və kiçik məşq meydançaları ilə tanış olub. Levan Kipianiyə taekvondoçularımızın uğurları barədə də məlumat verilib. Gürcüstanlı nazir mərkəzdə yaradılmış şəraiti yüksək qiymətləndirərək, Azərbaycanın bir idman ölkəsinə çevrildiyini vurğulayıb.