Bədii gimnastımız olimpiadaya lisenziya qazanıb

Bədii gimnastımız olimpiadaya lisenziya qazanıb



Rusiyanın paytaxtı Moskvada yeniyetmələr arasında yay Olimpiya Oyunlarına lisenziya verən yarış keçirilib.

"Olimpnews.az" Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, bədii gimnastımız Dərya Farşbafşəhriyari Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq yarışlara lisenziyanı təmin edib. 
Gimnastımız bu uğura hər 4 çıxışına görə ümumilikdə, 53.30 xal toplamaqla nail olub. Yarışlarda ölkəmizi təmsil edən digər bədii gimnastımız Yelizaveta Luzan isə 43.60 xal toplayıb. Xatırladaq ki, yarışın qaydalarına əsasən, hər ölkədən yalnız bir gimnastın lisenziya qazanmaq şansı olub.

Bədii gimnastika üzrə yığmanın baş məşqçisi Mariana Vasilevanın sözlərinə görə, bu il bədii gimnastika üzrə qaydalara yeni dəyişikliklər əlavə olunub və bu turnir yeni qaydalar əsasında keçirilib: "Azərbaycan gimnastının yeniyetmələr arasında yay Olimpiya Oyunlarına lisenziya qazanması bizi çox sevindirir. Nəzərə almalıyıq ki, ölkəmizi təmsil edən hər iki gimnastımız öz həmyaşıdlarından daha az təcrübəyə malik idi. Buna baxmayaraq, Dərya Farşbafşəhriyari bu işin öhdəsindən layiqincə gələ bildi. Bu uğur gimnastlarımız üçün böyük stimul rolunu oynayacaq”.
Mariana Vasileva bədii gimnastları qarşıda daha məsuliyyətli yarışların gözlədiyini deyib.
Qeyd edək ki, qalibləri həmyerlimiz, Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov mükafatlandırıb.