Mariya Stadnik Klippanda gümüş medal qazanıb

Mariya Stadnik Klippanda gümüş medal qazanıb



İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir keçirilib. Bu turnir qadın güləşçilərin reytinq xallarının hesablanacağı ilk yarışdır.

"Olimpnews.az" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, komandamızın lideri, Olimpiya Oyunlarının 2 qat gümüş və bürünc mükafatçısı, dünya və 6 qat Avropa çempionu Mariya Stadnik turnirdə iştirak edib. 50 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ardıcıl olaraq Rumıniya, Kanada və ABŞ-dan olan rəqiblərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Finala qədər üç rəqiblə görüşən Mariya Stadnik bütün görüşlərini vaxtından əvvəl və tam üstünlüklə başa vurub. Rəqiblərindən ümumilikdə 32 xal alan güləşçimiz heç bir rəqibinə xal verməyib. Həlledici görüşdə Mariya Stadnikin rəqibi ötən ilin Asiya və dünya çempionu Yui Susaki olub.

Gərgin keçən final qarşılaşmasının son saniyələrdə 2:1 hesabı ilə üstün olan Mariya Stadnik bu üstünlüyü qoruya bilməyib və qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb. Son xalı rəqib qazandığından qələbə ona verilib. Mariya Stadnik turnirin gümüş medalına yiyələnib.

Məlumat üçün bildirək ki, 2018-ci ilin təqvim planında nəzərdə tutulan qitə və dünya çempionatları ilə yanaşı, hər bir güləş növündə seçilmiş 4 turnirin nəticəsinə əsasən reytinq xalları hesablanacaq. Reytinq yarışlarında iştirakçıların sayı və güləşçilərin qazandığı nəticələr üzrə xallar toplanaraq sıralamanı müəyyənləşdirəcək.