2019-cu ildə bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçiriləcək. Bu barədə qərar Beynəlxalq Gimnastika Federasiyası (FİG) Şurasının Liverpulda keçirilmiş iclasında yekdilliklə qəbul edilib. Bakı-2019 çempionatını FİG Şurasının iclasında iştirak edən AGF-in baş katibi Fərid Qayıbov təqdim edib. O, öz çıxışını son illərdə Azərbaycanın idman nailiyyətlərindən bəhs edən videoçarxın nümayişi ilə müşayiət edib. Fərid Qayıbov bildirib ki, 2005-ci ildə Bakıda bədii gimnastika üzrə dünya çempionatı keçirilib. "Ölkəmizdə Olimpiya idman növü üzrə birinci çempionat yüksək səviyyədə təşkil olunub. Bundan sonra Azərbaycan paytaxtı iki dəfə (2007-ci və 2009-cu illərdə) Avropa çempionatını qəbul edib, gələn il isə Bakı yeni Milli Gimnastika Arenasının qapılarını növbəti Avropa birinciliyi üçün açacaq”, - deyə Fərid Qayıbov bildirib.
AGF-in baş katibi bu yaxınlarda Bakıda inspeksiya səfərində olmuş FİG nümayəndələrinə təşəkkürünü bildirib və xüsusi vurğulayıb ki, 2019-cu il dünya çempionatı 2020-ci il Olimpiya Oyunları üçün lisenziya yarışları statusuna malik olacaq. Liverpulda Azərbaycan Gimnastika Federasiyası üçün daha bir mühüm hadisə baş verib. Belə ki, Azərbaycan Milli Gimnastika Federasiyasının beynəlxalq münasibətlər üzrə meneceri Mehman Əliyev FİG İntizam Komissiyasının üzvü seçilib. Onun namizədliyinə Şura nümayəndələrinin əksəriyyəti səs verib. İsveçrə, Belçika, Tunis, Serbiya və Suriya nümayəndələri də yaxın dörd il üçün Mehman Əliyevin həmkarı olublar. FİG İntizam Komissiyasının yeni üzvünün sözlərinə görə, onun əsas vəzifəsi yarışlar zamanı və məşq prosesində ayrı-ayrı idmançılar tərəfindən baş vermiş qayda pozuntularının araşdırılması, dopinq qəbul edilməsinə görə cəza və müxtəlif neqativ halların azaldılmasına dair tədbirlər işləyib hazırlamaqdan ibarət olacaq. Gimnastika sahəsində üçüncü xoş xəbər Sofiyadan alınıb. Akrobatik gimnastika üzrə Dünya kuboku yarışlarının bu şəhərdə keçirilən mərhələsi çərçivəsində Azərbaycan nümayəndəsi, qadınların qoşa yarışlarında 2009-cu il Avropa çempionu Ayla Əhmədova FİG Atletlər Komissiyasının prezidenti seçilib.
Ayla Əhmədova deyib:
- Bildiyiniz kimi, mən bu komissiyanın rəhbəri seçilməyimlə əlaqədar avtomatik olaraq, həm də FİG-in Akrobatika üzrə Texniki komitəsinin üzvü oluram. Ona görə də bu fakt mənim üçün ikiqat məsuliyyət, belə demək mümkündürsə, yeni çağırışdır. Mən akrobatikanın inkişaf etdirilməsi üçün bütün biliklərimi bölüşməyə və bütün idmançıların yüksək nəticələr göstərməsinə kömək etməyə hazıram.