Pəhləvanlarımız Kiyevdən 19 medalla qayıdıblar

Pəhləvanlarımız Kiyevdən 19 medalla qayıdıblar



Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə növbəti XXII beynəlxalq turnir təşkil edilib. Yarışlarda 37 ölkədən 500-ə yaxın idmançı qüvvəsini sınyayıb. Artıq 22-ci dəfədir keçirilən Kiyev turniri gərgin idman mübarizəsi ilə yadda qalıb. Bunu turnirin iştirakçıları arasında Olimpiya, dünya, Avropa çempionları və eləcə də, mükafatçılarının üstünlük təşkil etməsi də sübut edir.

"Olimpnews.az"ın məlumatına görə, Kiyev turnirində Azərbaycanı sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamızın 31 üzvü təmsil edib. Qeyd edək ki, turnir aprel ayında Kaspiyskdə keçiriləcək Avropa çempionatından əvvəl güləşçilərin sınaqdan keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Azərbaycan yığma komandasının heyəti də kifayət qədər titullu idmançılardan təşkil olunmuşdu. Onların arasında Olimpiya və dünya çempionu Şərif Şərifov, Olimpiya mükafatçısı və 3 qat dünya çempionu, Hacı Əliyev, Olimpiya mükafatçısı və 2 qat Avropa çempionu Cəbrayıl Həsənov, dünya və Avropa çempionu Həsən Əliyev, Olimpiya mükafatçısı Sabah Şəriəti, Avropa çempionu Rafiq Hüseynov və digəriləri var idi.

Kiyev turnirində güləşçilərimizin çıxışlarını əvvəldən axıradək izləyən Azərbaycan Güləş Federasiyasının (AGF) 1-ci vitse-prezidenti Firdovsi Umudov yarışın nəticələrindən razı qaldığını bildirsə də, bəzi səhvlərin olduğunu vurğulayıb: "Komandalarımız Avropa çempionatına qədər daha bir neçə təlim-məşq toplanışında olacaq. Sərbəst güləş yığmamız aprelin əvvəlində Dünya kuboku yarışlarında iştirak edəcək. Kiyev turnirin yekunlarına görə həm Dünya kuboku, həm də bütün komandalar üzrə Avropa çempionatına yollanacaq heyəti müəyyənləşdirəcəyik”.
Güləşçilərimizdən Qalib Əliyev, Taleh Məmmədov, Elvin Mürsəliyev, Həsən Əliyev, Orxan Nuriyev və İslam Abbasov turnirdə Ermənistan təmsilçiləri ilə qarşılaşıblar. İdmançılarımız bu görüşlərdən beşini qələbə ilə başa vurub. Bu görüşlər zamanı pəhləvanlarımızın əzmkarlığı, qətiyyətli mübarizəsi azarkeşlər tərəfindən də alqışlarla qarşılanıb.
AGF-nin 1-ci vitse-prezident Firdovsi Umudov işğalçı ölkənin idmançıları ilə mübarizədə idmançılarımızın əzmkarlığının hər bir azərbaycanlıda qürur hissi yaşatdığını bildirib: " Yarışda udmaq da var, uduzmaq da. Amma biz qalib gəldik. Xocalı soyqırımının ildönümü ərəfəsində bizim erməni rəqiblərimizə uduzmağa mənəvi haqqımız yox idi. Bu qalibiyyət üçün güləşçilərimizə təşəkkür edirəm. Bu gün işğalçı Ermənistan müvəqqəti olaraq bizim torpaqlarımıza sahiblənir. Əminik ki, cənab Ali Baş Komandanın başçılığı altında tezliklə haqq-ədalət öz yerini tapacaq və biz əzəli torpaqlarımıza əbədi sahib olacağıq.”

Azərbaycan yığmasının üzvləri Kiyev turnirini 19 (9 qızıl, 6 gümüş və 4 bürünc) medalla başa vurublar.
Bu medallardan 8-i (4 qızıl, 2 gümüş və 2 bürünc) yunan-Roma güləşi üzrə yığmamızın payına düşür. Belə ki, Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinü üstələyərək turnirin qızıl medalını qazanıblar. İslam Abbasov (87 kq) və Sabah Şəriəti (130 kq) isə yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətləniblər. Elvin Mürsəliyev (82 kq) və Orxan Nuriyev (97 kq) yarışı bürünc medalla tərk ediblər.

Sərbəst güləşçilərimiz ümumilikdə, 8 (4 qızıl, 3 gümüş və 1 bürünc medala sahib çıxıblar. Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Şərif Şərifov (92 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bütün rəqiblərindən üstün olublar. Gümüş medallara Hacı Əliyev (65 kq), Murtuz Müslümov (70 kq) və Cəbrayıl Həsənov (79 kq) layiq görülüblər. Bürünc medalı isə yığmamıza Əfqan Xaşalov (57 kq) qazandırıb.

Qadın güləşçilərimiz isə turnirdə 3 (1 qızıl, 1 gümüş və 1 bürünc) medal əldə ediblər. Tatyana Omelçenko (62 kq) bütün rəqiblərini üstələyərək turnirin qızıl medalına sahib olub. Yalnız final görüşündə uduzan İrina Netreba (65 kq) gümüş medalla kifayətlənib. Alyona Kolesnik (57 kq) isə bürünc medal qazanıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Bəşir İsazadə təmsil edib.