Şahin” hərbi-idman oyununun respublika final yarışları keçirildi

Şahin” hərbi-idman oyununun respublika final yarışları keçirildi


Mayın 10-da Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində "Şahin” hərbi idman oyununun respublika üzrə final yarışları keçirildi. Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirildi.
Tədbirdə liseyin rəisi general-mayor Mirzə Almasov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Qulu Novruzov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general-mayor Novruzəli Orucov və başqaları iştirak etdilər. Onlar öz çıxışlarında gənc nəslin hərbi-vətənpərvərlik ruhunda yetişməsində, onların mənəvi-psixoloji, hərbi və fiziki hazırlığında, vətənə məhəbbət hisslərinin aşılanmasında gənclərin həvəslə iştirak etdikləri "Şahin” hərbi-idman ənənəvi oyununun əhəmiyyəti barədə danışdılar. Natiqlər həmçinin ölkədə gənclərə göstərilən dövlət qayğısından, gənclərin təhsili, onların hərtərəfli inkişafından da söhbət açdılar.







Çıxış edənlər yarışın final mərhələsinin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə təsadüf etməsini, həmçinin bu yarışın məhz hərbi liseydə keçirilməsini yüksək qiymətləndirdilər. Çıxışlarda ulu öndərin yaratdığı mühüm təhsil olacaqlarından birinin də C.Naxçıvanski adına Hərbi Liseyin olduğu vurğulandı. Qeyd olundu ki, Sovet dövründə belə bir hərbi məktəbin Azərbaycanda yaradılması məhz ümummilli liderin uzaqgörən siyasəti nəticəsində mümkün olub. Bu lisey Azərbaycan üçün qəhrəman zabitlər yetişdirib. Tədbirdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət və qayğı göstərdiyi xüsusi vurğulandı, dövlətimizin gənclər siyasətində hərbi-vətənpərvərlik sahəsinin mühüm yer tutduğu diqqətə çatdırıldı.
Natiqlər "Şahin” hərbi idman oyununun bütün mərhələlərini keçən, sabahın əsgər və zabitləri olacaq gəncləri finala vəsiqə qazanmaları münasibətilə təbrik etdilər və onlara uğurlar arzuladılar.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda paytaxt və bölgələrdən X - XI sinif şagirdlərindən ibarət 18 komanda mübarizə apardı. İki mərhələdən ibarət yarışın birinci mərhələsində komandalar təntənəli marşla, mahnı sədaları altında tribuna önündən keçdilər və onların sıra hazırlığı səviyyəsi yoxlanılıldı. Yarışın ikinci mərhələsində isə "şahinlər” müxtəlif sınaqlardan, sədlərdən keçmək və maneələri dəf etməklə öz fərdi bacarıqlarını nümayiş etdirdilər.
Sonda yarışların yekun nəticələri elan olundu, I, II, III yerləri tutan və ayrı-ayrı mərhələlərdə fərqlənən komandalar mükafatlandırıldılar.