Bu gün Gənclər və İdman Nazirliyində Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş XXII beynəlxalq turnirin və Almaniyanın Düsseldorf şəhərində keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinin qalib və mükafatşıları ilə görüş keçirildi.
"Olimpnews.az” xəbər verir ki, tədbirdə nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti Firdovsi Umudov, məşqçilər və KİV nümayəndələri iştirak edirdilər. İdmançılarımızı qələbə münasibətilə təbrik edən Fərid Mansurov təmsilçilərimizin hər iki yarışda əldə etdikləri uğurları yüksək qiymətləndirdi: "Güləşçilərimiz Kiyevdə çox yaxşı çıxış ediblər, çox sayda və yüksək əyarlı medalllar qazanıblar. Bu da AGF-in güləş ənənələrinə sadiq qaldığını göstərir. Cüdoçumuz Rüstəm Orucov və İrina Kindzerska da "Böyük Dəbilqə” turnirində fəxri kürsüyə yüksəlməyi bacardı".
Ölkədə uşaq və yeniyetmə idmanının inkişafından danışan nazirliyin idman şöbəsinin müdiri oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının vacibliyini vurğuladı: "Bu il yeniyetmələrimizi olimpiada gözləyir. Ölkədə fəaliyyət göstərən idman federasiyalarının üzərinə böyük məsuliyyət düşür. Böyük idmana gedən yol uşaq və yeniyetmə idmanından başlayır. Qarşıda bizi güləş və cüdo üzrə mötəbər yarışlar gözləyir. Bütün idmançılarımızı təbrik edirik və uğurlar arzulayırıq. Amma biz bu uğurlarla kifayətlənməməliyik”.
AGF-in I vitse-prezidenti, sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi olan Firdovsi Umudov göstərilən diqqətə görə təşəkkür etdi. Baş məşqçi bildirdi ki, yarış Xocalı faciəsinə təsadüf etdiyindən erməni güləşçilərlə görüşlərdən əvvəl idmançlarla söhbət aparılıb: "Təqvim planımız çox gərgindir. Güləşçilərimizi Dünya kuboku yarışları, Avropa çempionatı, Yeniyetmələrin III Yay Olimpiya Oyunları gözləyir. Güləşçilərimiz Kiyevdə əzmkarlıq, kişilik göstərdilər. İdmanı siyasətə qarışdırmaq istəməzdim. Ancaq pəhləvanlarımızın çıxışı, həqiqətən, təqdirəlayiqdir. Belə də davam etmək lazımdır. Qazanılan qələbələr keçmişdə qaldı, irəli baxmalıyıq. Əlbəttə, səhvlər var və onları aradan qaldırmalıyıq. Kiyevdəki yarış Rusiyanın Kaspiysk şəhərində keçiriləcək Avropa çempionat hazırlıq xarakteri daşıyırdı. Burada oturan idmançıların çoxu olimpiya, dünya və Avropa çempionatında medal qazananlardır. Xüsusi ilə də gənclərimiz qələbələrə həvəslidir”.
Səadət Hakıyeva