Bakı gimnastika üzrə daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək

Bakı gimnastika üzrə daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək




Azərbaycan Gimnastika Federasiyasına (AGF) daha bir mötəbər yarışın – akrobatika üzrə Dünya Kubokunun keçirilməsi həvalə olunub.

"Olimpnews.az"ın məlumatına görə, bu il noyabrın 17-18-də Bakı ilk dəfə olaraq akrobatika gimnastikası üzrə Dünya kuboku yarışlarına ev sahibliyi edəcək. Bu barədə qərar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsinin İsveçrənin Lozanna şəhərində (28 fevral - 1 mart) keçirilən iclasında qəbul edilib.
Milli Gimnastika Arenasında (MGA) keçiriləcək yarışlarda gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparacaqlar.
Xatırladaq ki, Milli Gimnastika Arenası bu il idman gimnastikası üzrə Dünya kuboku (15-18 mart), batut gimnastikası, tamblinq və ikili-mini batut üzrə Avropa çempionatı (12-15 aprel), bədii gimnastika üzrə "AGF Junior Trophy” adlı beynəlxalq turnir (23-24 aprel), bədii gimnastika üzrə Dünya kuboku (27-29 aprel) və yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat yarışlarına (22-23 iyun) ev sahibliyi edəcək.