Sərbəst güləşçilər İran və Rusiyada uğurla mübarizə aparıblar

Sərbəst güləşçilər İran və Rusiyada uğurla mübarizə aparıblar




İran İslam Respublikasının Mazandaran vilayətinin Behşəhr şəhərində Şəhid Həşim Nejad Kuboku uğrunda beynəlxalq turnir keçirilib.

Turnirdə Gürcüstan, Rusiya, Ermənistan və İran komandalarının iştirak etdiyi turnirdə sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın üzvləri də iştirak ediblər. Məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında 10 güləçimiz yarışda qüvvəsini sınayıb. Güləşçilərimiz turniri 8 (2 qızıl, 1 gümüş və 5 bürünc) medalla başa vurublar.
Yığmamıza qızıl medalları Davud İbrahimov (70 kq) və Orxan Abbasov (79 kq) qazandırıblar. Yalnız final görüşündə uduzan Alimaqomed Alixmayev (97 kq) gümüş medalla kifayətlənib.
Əsgər Məmmədəliyev (57 kq), Elmar Kazımov (65 kq), İsmayıl Abdullayev (74 kq), Asxab Həmzətov (92 kq) və Rahid Həmidli (125 kq) isə bürünc medala sahib olublar.
Yığmamız komanda hesabında ikinci nəticə göstərib. Görüşlərin idarə edilməsində ölkəmizi milli dərəcəli hakim Firqət İbrahimov təmsil edib.


Sərbəst güləşçilərimiz həm də Saxa (Yakutiya) Respublikasının paytaxtı Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş 6-cı beynəlxalq turnirdə yarışıblar. Turnirdə məşqçi Nazim Əlicanovun rəhbərliyi altında gənclərdən ibarət sərbəst güləş yığmamızın 5 üzvü qüvvəsini sınayıb. Güləşçilərimiz turniri 2 (1 gümüş və 1 bürünc) medalla başa vurublar.

Finala qədər bütün rəqiblərindən üstün olan Hacımurad Hacıyev (65 kq) həlledici görüşdə Monqolsutan təmsilçisinə uduzub və turnirin gümüş medalına yiyələnib. Bürünc medalı isə yığmamıza Rəşad Yusifli (79 kq) qazandırıb. Həlledici görüşdə güləşçimiz Yunanıstan təmsilçisindən üstün olub.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edib.