Universiadanın həndbol yarışlarında 8 komanda mübarizə aparıb

Universiadanın həndbol yarışlarında 8 komanda mübarizə aparıb

Ali və orta ixtisas təhsili müəssisələrində təhsili alan tələbələr arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş, XI Respublika Universiadası keçirilir. Bu yarış tələbələrin Rusiyanın Kazan şəhərində keçiriləcək XXVII Ümumdünya Universiadasına hazırlığını təmin etmək məqsədi ilə təşkil olunub. Məlumat üçün qeyd edək ki, "Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə keçirilən XI Respublika Universiadası mart, aprel, may aylarını əhatə edir. Mayın 2-6-da Azərbaycan Tibb Universitetinin idman zalında qadınlar arasında həndbol üzrə yarış keçirilib. 8 komandanın iştirak etdiyi yarışda birinci yeri Azərbaycan Memarlıq və İnşaat Universiteti komandası tutub.
Bakı Dövlət Universitetinin komandası ikinci, Azərbaycan Tibb Universitetinin komandası isə üçüncü yerə layiq görülüb.