İdman məktəbində iclas keçirilib

İdman məktəbində iclas keçirilib
Martın 5-də Respublika Yüksək İdman Ustalığı Məktəbində Bədən Tərbiyəsi və İdman Günü münasibətilə iclas keçirilib.

Olimpnews.az saytının məlumatına görə, iclasda çıxış edən məktəbin direktoru Cəfər Hümbətov bu günün əhəmiyyəti barədə məlumat verib. O, bildirib ki, bu əlamətdar gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. "Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Prezident İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artırılıb. Bu gün ölkəmiz dünyanın idman mərkəzlərindən birinə çevrilib. İndi nəinki paytaxtda, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri fəaliyyət göstərir. Bir-birinin ardınca istifadəyə verilən bu komplekslər bölgələrdə idmanın inkişafında da mühüm rol oynayır”, - deyə Cəfər Hümbətov vurğulayıb.

Sonra iclasda çıxış edən məktəbin təlimatçı-metodisti Oktay Şahverdiyev ölkə idmanının inkişaf səviyyəsi haqqında danışaraq, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi yüksək diqqət və qayğıdan danışan məktəbin kollektivi bu qayğı sayəsində qarşıdakı illərdə bu sahədə daha böyük uğurların qazanılacağına əmin olduqlarını qeyd ediblər.

Məktəbin direktoru Cəfər Hümbətov bundan sonra da idmanın kütləviləşməsində, bu sahədə yeni uğurların qazanılmasında səy və bacarıqlarını əsirgəməyəcəklərini vurğulayıb. İdman məktəbinin kollektivi qarşıdan gələn prezident seçkilərində fəal iştirak edəcəklərini bildiriblər və idman ictimaiyyətini xalıqımızın layiqli namizədi olan İlham Əliyevə səs verməyə çağırıblar.