Fevral ayının yekunu "Olimpiya dünyası" qəzetinin təqdimatında

Fevral ayının yekunu "Olimpiya dünyası" qəzetinin təqdimatında
Atletika
Respublika Olimpiya Mərkəzində SSRİ və Azərbaycanın Əməkdar İdman Ustası Aleksandr Antipovun xatirəsinə həsr olunan beynəlxalq atletika turniri keçirilib. Azərbaycan, Rusiya və Gürcüstandan olan iki yaş qrupundakı atletlərin yarışında 50-dək idmançı iştirak edib. Yarışda atletlər uzunluğa tullanma, üçtəkanla tullanma və yakut tullanmaları üzrə mübarizə aparıblar. Turnirdə "Kıllı” növü üzrə yarışda qadınların mübarizəsində Səbinə Zralova, kişilər arasında isə Səid Nəcəfzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. "İstanqa” növündə qadınların mübarizəsində Azərbaycan idmançısı Səbinə Zralova birinci olub. Kişilərin yarışında isə Rüstəm Məmmədov fərqlənib. "Kuobax” yarışlarında Fəxriyyə Tağızadə və yakut atleti Dmitri Dmitriyev rəqiblərini üstələyərək birinci yeri tutublar. Üçnövçülükdə isə Səbinə Zralova və Səid Nəcəfzadə birinci pillədə qərarlaşıblar.

***
Belarusun paytaxtı Minskdə atletika üzrə beynəlxalq turnir keçirilib. Turnirdə 10 ölkədən 250-dən artıq idmançı birincilik uğrunda mübarizə aparıb. Yarışda ölkəmizi 10 atlet təmsil edib. Üç təkanla tullanma yarışlarında milli komandamızın üzvü Səid Nəcəfzadə 14 metr 98 santımetr nəticə ilə gümüş medala sahib olub.

***
Türkiyənin İstanbul şəhərində atletika üzrə "İstanbul İndoor Cup” turniri keçirilib. Yarışda iştirak edən atletimiz Zəkiyyə Həsənova 60 m məsafəyə qaçışda 7,45 nəticə göstərərək 3-cü yeri tutub. Təmsilçimiz bu nəticə ilə öz rekordunu (7.48) yeniləyərək yeni Azərbaycan rekorduna imza atıb.

***
Polşanın Torun şəhərində qış mövsümünün nüfuzlu yarışlarından sayılan atletika üzrə Dünya Qış Turunun 5-ci mərhələsi keçirilib. Yarışda üçtəkanla tullanma növündə Azərbaycanı Aleksis Copello təmsil edib. Madrid mərhələsinin 4-cüsü olan Aleksis Torunda 16,89 nəticə göstərərək yarışda gümüş medal qaznıb.

Gimnastika
Rusiyanın paytaxtı Moskvada bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan gimnastı Dərya Farşbafşəhriyari Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda uğurla çıxış edib. Bədii gimnastika turnirində D.Farşbafşəhriyari Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq, məhz bu Oyunlara lisenziyanı təmin edib. Gimnastımız böyük uğura hər dörd çıxışının yekununda 53,30 xal toplamaqla nail olub. Yarışlarda daha bir bədii gimnastımız Yelizaveta Luzan isə 43,60 xal toplayıb.
Qaydalara əsasən, hər ölkədən yalnız bir gimnastın lisenziya qazanmaq şansı olduğundan D.Farşbafşəhriyari ölkəmizi Oyunlarda təmsil etmək hüququ əldə edib.

***
Belçikanın Purs şəhərində akrobatika gimnastikası üzrə "Flanders International Acro Cup” adlı beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycan gimnastları da çıxış ediblər. 11-16 yaşlı gimnastlar arasında mübarizə aparan Murad Rəfiyev-Daniel Abbasov cütlüyü uğurla çıxış edərək qızıl medal qazanıb. Gənc akrobatlar temp hərəkətlərinə görə finalda 26,800 xal toplayaraq bütün rəqiblərini geridə qoyublar.

***
Rusiyanın paytaxtı Moskvada bədii gimnastika üzrə Qran-pri yarışları keçirilib. Bu yarışlarda ölkəmizi bədii gimnastika üzrə yığma komandanın üzvü Zöhrə Ağamirova təmsil edib. O, çoxnövçülük yarışlarında hakimlərdən 53,000 xal toplayaraq 22-ci yerdə qərarlaşıb.

***
Rusiyanın Yaroslavl şəhərində batut gimnastikası üzrə Rusiya kuboku və "Rusiyanın ümidi-1” ümumrusiya yarışları keçirilib.

Gimnastlarımız batut üzərində, tamblinq cığırında, həmçinin ikili mini-batutda müxtəlif yaş qrupları üzrə medallar uğrunda mübarizə aparıblar. Təmsilçimiz Mixail Malkin Yaroslavlda qızıl medala sahib olub. Yarışlar çərçivəsində təşkil edilən "Rusiya-Azərbaycan Dostluq Kuboku-2018” turnirində hakimlərdən 79,200 xal alan Mixail Malkin rusiyalı rəqiblərini geridə qoyaraq fəxri kürsünün ilk pilləsinə yüksəlib. Növbəti medalı komandamızın aktivinə 11-12 yaşlılar arasında yarışan Bilal Qurbanov tamblinq cığırında çıxışı ilə yazdırıb. Final mərhələsində 59,800 xal toplayan gimnastımız bürünc medala layiq görülüb.

Cüdo
Bolqarıstanın paytaxtı Sofiya şəhərində cüdo üzrə Avropa kuboku keçirilib. Qitə kuboku uğrunda turnirdə Avropanın 29 ölkəsindən 244 cüdoçu mübarizə aparıb. Cüdoçularımız Sofiya turnirində 1 qızıl və 1 bürünc medal qazanıblar. Təmsilçilərimizdən Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək çempion olub. +100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Uşangi Kokauri isə turnirin bürünc medalına sahib çıxıb.

***
Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük dəbilqə” yarışı keçirilib. Beynəlxalq turnirdə 71 ölkədən 399 cüdoçu mübarizə aparıb. Millimiz yarışda bir bürünc medala sahib çıxıb. Komandamıza yeganə medalı +78 kq çəki dərəcəsində yarışan qadın cüdoçumuz İrina Kindzerska qazandırıb.

***
İspaniyanın Fuenqirola şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı keçirilib. 36 ölkədən 471 cüdoçunun mübarizə apardığı yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayıb.
Yeniyetmə cüdoçularımız İspaniya turnirini 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar. Təmsilçilərimizdən Vüsalə Kərimova qızıl, Mirağa Hacıyev və Yaqub İsmayılzadə gümüş medal qazanıb. Hacıbala Cəbrayılov və Toğrul Salmanov isə bürünc medala layiq görülüb.

***
Avstriyanın Obervart şəhərində cüdo üzrə açıq Avropa çempionatı keçirilib. 42 ölkədən 285 cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayıb. Cüdoçularımız beynəlxalq turnirdə 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Azərbaycan millisinin üzvləri Mehman Sadıqov (60 kq) və Orxan Səfərov (66 kq) qızıl medala layiq görülüb. Digər təmsilçilərimiz Telman Vəliyev (73 kq) gümüş, Vüqar Şirinli (66 kq) və Firudin Dadaşov (90 kq) isə turnirin bürünc medalına sahib çıxıblar. Yekun nəticədə cüdo üzrə milli komandamız medalların sayı və əyarına görə bütün ölkələri qabaqlayaraq birinci yeri tutub.

***
Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə "Böyük dəbilqə” turniri keçirilib. Turnirdə 65 ölkədən 441 cüdoçu mübarizə aparıb.
Azərbaycan cüdoçuları Almaniya turnirində 2 medala sahib olublar. Kişi cüdoçularımız arasında ən yaxşı nəticəni gümüş medal qazanan Rüstəm Orucov (73 kq) göstərib. +78 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İrina Kindzerska yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb.

Güləş
Təbrizdə böyüklər arasında sərbəst güləş üzrə ənənəvi "Təxti Kuboku” beynəlxalq turniri keçirilib. 23 ölkədən 190-a yaxın idmançının iştirak etdiyi turnirdə təmsilçilərimiz də mübarizə aparıblar. Yığmamızın üzvləri turniri 4 bürünc medalla başa vurublar. Coşqun Əzimov (70 kq), Murad Süleymanov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Roman Bəkirov (97 kq) fəxri kürsüdə yer alıblar.

***
İsveçin Klippan şəhərində qadın güləşçilər arasında beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizi millimizin lideri Mariya Stadnik təmsil edib.
Turnirdə 50 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Rumıniya, Kanada və ABŞ-dan olan rəqiblərini vaxtından əvvəl və tam üstünlüklə məğlub edib. Həlledici görüşdə yaponiyalı rəqibi Yui Susakiyə məğlub olan güləşçimiz turnirin gümüş medalına sahib çıxıb.

***
Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXII beynəlxalq turnir keçirilib. 37 ölkədən 500-dək idmançının iştirak etdiyi turnirdə yığma komandamızın üzvləri 9 qızıl, 6 gümüş və 4 bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə yığmamız turniri 4 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub. Sərbəst güləşçilərimiz 4 qızıl, 3 gümüş və 1 bürünc medal əldə ediblər. Qadın güləşçilərimiz isə turnirdə 1 qızıl, 1 gümüş və 1 bürünc medala layiq görülüblər.

Boks
Gənc boksçulardan ibarət Azərbaycan yığması Belarusun Qomel şəhərində təlim-məşq toplanışı çərçivəsində beynəlxalq turnirdə qüvvəsini sınayıb. Aleksey Yukovun mükafatları uğrunda keçirilən yarışda baş məşqçi Vaqif Şirinov 15 idmançıya şans verib.
Turnirdə millimizin üzvləri 4 qızıl və 2 gümüş medal qazanıblar. Təmsilçilərimizdən Maqsud Xasmətov (49 kq), Nurlan Səfərov (60 kq), Səbuhi Abışov (64 kq) və Məhəmməd Yusifov (69 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda məğlub olan Əflatun Babayev (52 kq) və İsmayıl Yaqubov (91 kq) isə ikinci yerlə kifayətləniblər.

***
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi "Strandja” turniri keçirilib. Yarışda Azərbaycan boksçuları da mükafatlar uğrunda mübarizə aparıb. Millimizin üzvü Məsud Yusifzadə (52 kq) yarımfinalda ukraynalı Dmitri Zamotayevlə qarşılaşıb. Döyüş boksçumuz üçün uğurlu alınmayıb və rəqib qələbə qazanıb.
Beləliklə, təmsilçimiz 69-cu dəfə keçirilən "Strandja” turnirini bürünc medalla başa vurub.

Karate
Rusiyanın Soçi şəhərində yeniyetmələr arasında 45-ci, 21 yaşınadək gənclərin 10-cu Avropa çempionatı keçirilib. 44 ölkədən minə yaxın idmançının iştirak etdiyi yarışda Azərbaycan karateçiləri də qüvvələrini sınayıblar. Komandamız qitə çempionatında 6 medal qazanıb. Qazanılan altı medaldan dördü qızıl, biri gümüş və bürünc mükafatdır.

***
Dubayda "Karate-1 Premyer Liqa” turniri keçirilib. "Karate-1 Premyer Liqa” turnirində 70-dən çox ölkədən 600-dən artıq idmançı mübarizə aparıb. Yarışda iştirak elən Azərbaycan karateçiləri bir qızıl və iki bürünc medal qazanıblar. Turnirdə 75 kq çəki dərəcəsində çıxış edən Rafael Ağayev bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Milli komandamızın digər üzvləri Ayxan Mamayev (84 kq) və Nuranə Əliyeva (50 kq) isə bürünc medalla kifayətləniblər.

Taekvondo
Türkiyənin İstanbul şəhərində klublararası Avropa çempionatı keçirilib. Yarışda Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə milli yığma komandası da mübarizə aparıb. Komandamızın üzvləri uğurlu çıxış edərək 10 medal qazanıblar. Əldə olunan medallardan 4-ü qızıl, 3 gümüş, 3-ü isə bürünc medal olub.

***
Türkiyənin İstanbul şəhərində taekvondo üzrə G1 kateqoriyalı "Turkish Open” turniri keçirilib. Millimiz bu yarışda da 17 gənc taekvondoçu ilə təmsil olunub. Taekvondoçularımızdan Cavad Ağayev (63 kq) və Minayə Əkbərova (44 kq) yalnız final görüşündə məğlub olaraq yarışı gümüş medalla başa vurub.

***
Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində uşaqlar arasında taekvondo üzrə Misir kuboku keçirilib. Yarışda iştirak edən 10 yaşlı təmsilçimiz Sumeyra Xəlilova ölkəmizi uğurla təmsil edib.
Taekvondoçumuz turnirdə 3-cü yerə layiq görülüb.

Stolüstü tennis
Latviyada stolüstü tennis üzrə "Riqa gənclərinin kuboku” turniri keçirilib. Yeniyetmə idmançılar arasında təşkil olunan yarışda ölkəmizi 6 idmançı təmsil edib. Millimiz yarışda bir bürünc medala sahib çıxıb. Komandamıza yeganə medalı Mərziyyə Nurmətova qazandırıb.

***
Çexiyanın Xodonin şəhərində Beynəlxalq Stolüstü Tennis Federasiyasının reytinq yarışlarına daxil olan "Çexiya Open” çempionatı keçirilib. 148 oğlan tennisçinin iştirak etdiyi çempionatda Azərbaycanı yığmamızın üzvü Yu Xinhang təmsil edib.
Tennisçimiz turniri üçüncü yerdə başa vurub.

Basketbol
Azərbaycanın 18 yaşınadək basketbolçulardan ibarət milli komandası İranın Sərab şəhərində keçirilən ənənəvi beynəlxalq turnirin qalibi olub. Turnirdə U-18 millimizlə yanaşı, İranın və İraqın bir sıra şəhərlərinin komandaları da iştirak ediblər. Samit Nuruzadənin yetirmələri ilk qarşılaşmada Süleymaniyyə şəhərinin basketbolçularına 60:69 hesabı ilə məğlub olublar. Bu görüşdən sonra dönüş yaradan komandamız turnirin favoriti olan İran millisini üstələyib (75:71). Ev sahibləri ilə keçirilən sonuncu görüşdə qalib gələn komandamız (90:72) birinci yerə layiq görülüb.

Badminton
Fevralın 5-8-də İranın Zəncan şəhərində badminton üzrə "İran Fəcr Beynəlxalq Çellenc” turniri keçirilib. Komandamız turnirdə 5 badmintonçu ilə təmsil olunub. Təmsilçilərimiz keçirdikləri ilk görüşlərdə məğlub olaraq mübarizəni dayandırıblar.

***
Rusiyanın Kazan şəhərində badminton üzrə Avropa çempionatı keçirilib. Qitə çempionatında kişilərdən ibarət milli komandamız da mübarizə aparıb. Üçüncü qrupda qərarlaşan komandamızın rəqibləri Lüksemburq, İslandiya və Almaniya milliləri olub. Komandamızın üzvləri turnirdə uğursuz çıxış edərək mükafatçılar sırasına düşə bilməyiblər.

***
Slovakiyada badminton üzrə "Future” seriyalı beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizi badmintonçumuz Murad Bayramov təmsil edib. İdmançımız 1/32 finalda tayvanlı badmintonçu Hu Çuan Enlə qarşılaşıb. Görüşdə badmintonçumuz 0:2 hesabı ilə məğlub olub.

Həndbol
Qadın həndbolçular arasında keçirilən "Çelenc Cup”ın 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Bakının "Azəryol” klubu İsveç "Kristianstad”ı ilə ikinci oyununu keçirib. Qarşılıqlı razılıq əsasında hər iki matçını Bakıda keçirən cütlüyün ilk duelində skandinaviyalılar qələbə qazanmışdı - 23:30. Doğma arenaya bu dəfə nominal ev sahibi qismində çıxan bakılılar ikinci dəfə də məğlub olaraq (18:27) turnirdə mübarizəni dayandırıb.

Mini futbol
Rusiyanın paytaxı Moskva ətrafında XVIII Qış Diplomatik İdman Oyunları keçirilib. Oyunlarda 20 ölkənin, eləcə də Avropa İqtisadi Komissiyasının 20-dən çox komandası yarışıb. Azərbaycanın Rusiyadakı səfirliyinin mini futbol üzrə komandası yarışda ikinci yeri tutub.

Futzal
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatında iştirak edib. Millimiz qrup mərhələsində Fransa yığmasına 5:3 hesabı ilə qalib gəlib. İspaniya komandasına isə 0:1 hesabı ilə məğlub olan millimiz qrupda ikinci yeri tutaraq dörddəbir finala yüksəlib. Komandamız bu mərhələdə Portuqaliya millisi ilə qarşılaşıb. Sloveniyanın paytaxtı Lyublyanadakı "Stojice Arena”da keçirilən oyun rəqib komandanın 8:1 hesablı üstünlüyü ilə başa çatıb. Azərbaycan millisinin heyətində yeganə qolu Everton Kardoso vurub. Beləliklə, yığmamız Avropa çempionatında mübarizəni dayandırıb.

Qılıncoynatma
Ukraynanın Xmelnitski şəhərində yeniyetmələr arasında qılıncoynatma üzrə açıq birincilik keçirilib.
Birincilikdə ölkəmizi 8 qılıncoynadan təmsil etsə də idmançılarımızdan heç biri mükafatçılar sırasına düşə bilməyiblər.

***
İsrailin Aşkelon şəhərində qılıncoynatma üzrə "Satellite” turniri keçirilib. Yarışda 6 ölkədən 47 şpaqaçı mübarizə aparıb.
Turnirdə ölkəmizi Kənan Əliyev təmsil edib. İdmançımız 1/4 finalda Lev Averbuça məğlub olaraq turniri 6-cı yerdə başa vurub.

Kartinq
Abu-Dabidəki Yas Marina trasında Formula Körfəz Akademiyası (Formula Gulf Academy) çempionatının növbəti mərhələsi keçirilib. Bu mərhələdə mübarizə aparan həmyerlimiz Gülhüseyn Abdullayev sonuncu yarışın qalibi olub. Çempionatın formatına əsasən, iştirakçılar doqquz dövrədən ibarət üç yarışda güclərini sınayıblar.
Sonuncu yarışa üçüncü yerdən başlayan pilotumuz finiş xəttini birinci keçərək Azərbaycanın bayrağını yüksəklərə qaldırıb.